XƏZƏR SAHİLLƏRİNDƏN QARABAĞ DÜZÜNƏDƏK ƏRAZİDƏ TƏDQİQAT İŞİ APARILIB

12 Sentyabr 2018
ACC-nin üzvləri coğrafiya üzrə fəlsəfə doktorları Elxan Məmmədbəyov, Müseyib Yunusov, Səidə Zeynalova  şöbə müdiri, c.ü.f.d. Mirnuh İsmayılovun rəhbərliyi ilə bu ilin iyulunda Xəzər sahillərindən Qarabağ düzünə qədər geniş bir ərazidə çöl ekspedisiyasında olmuşlar.

Alimlər Kür dağarası çökəkliyində landşaftların dinamikası və antropogen transformasiyası istiqamətlərini müəyyən etmək məqsədi ilə ərazinin yarımsəhra, quru-çöl və meşə-çöl landşaftlarının müxtəlif səviyyələrdə differensiyasını  tədqiq etmişlər. Əsas məqsəd qlobal iqlim dəyişmələri şəraitində  Kür dağarası çökəkliyinin əsasən məskunlaşmış ərazilərində təbii-antropogen landşaftların inkişaf dinamikasını, antropogen transformasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, təbii landşaftlarda baş verə biləcək müxtəlif ssenarili dəyişmələrə antropogen fəaliyyətin adaptasiyası tədbirlərinin hazırlanması olmuşdur.

Bu məqsədlə müxtəlif landşaft növlərində 40-a yaxın nümunə meydançası ayrılmış, onlarda kompleks müşahidələr aparılmış, kimyəvi analiz məqsədi ilə torpaq-bitki və süxur nümunələri götürülmüş,  antropogen transformasiyalar qeydə alınmış və iri miqyaslı (1:25000, 1:100000) xəritələşmə aparılmışdır.
 

Salyan düzündə Xəzər sahili ərazilərin landşaftlarının dinamikası tədqiq edilmişdir. İlkin olaraq məlum olmuşdur ki, son 3-4 il ərzində Xəzər dənizinin  səviyyəsi sürətlə aşağı düşmüşdür. Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500,  bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilmiş və nəticədə geniş ərazi kontinental rejimə keçmişdir. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilmiş və 1:25000 miqyaslı xəritə tərtib edilmişdir. Məlum olmuşdur ki, dəniz altından  çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlmişdir. Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləmişdir. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi  təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaqdır.

Kür-Araz  ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son  zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirmişdir. Məsələn: Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmamış və hazırda su anbarı öz funksiyasını itirmişdir.

Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır.  Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin  artmasına və son nəticədə, səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaqdır.

Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə  inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirmişdir. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi  elementlərin miqdarı artmışdır. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.

Qarabağ düzünün unikal landşaftlarından  olan Sultanbud  saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşmüşdür.  Meşədə aparılan tədqiqat zamanı  ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilmişdir.

Sultanbud meşəsində saqqız ağacları

17465
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic