TORPAQŞÜNASLAR XƏZƏRSAHİLİ DÜZƏNLİKLƏRİN TORPAQ ÖRTÜYÜNÜ TƏDQİQ ETMİŞLƏR

27 Sentyabr 2018
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatlarının coğrafiyası şöbəsinin bir qrup əməkdaşı, şöbə müdiri, a.e.ü.f.d, dos. İ.Ə.Quliyevin rəhbərliyi ilə Sumqayıtçayın mənsəbindən Samurçayın mənsəbinə qədər Xəzərsahili düzənliklərdə çöl ekspedisiyasında olmuşlar.
Əsas məqsəd son bir əsrdə sahil torpaqlarına təbii amillərin, o cümlədən Xəzərin təsiri nəzərə alınmaqla, insanın təsərrüfat fəaliyyətinin müxtəlif istiqamətlərinin torpaq örtüyünə təsirinin qiymətləndirilməsi olmuşdur.

Ekspedisiya zamanı torpaq örtüyünün müasir vəziyyəti, təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində torpaqəmələgəlmə prosesi istiqamətində baş verən dəyişikliklər tədqiq edilmişdir.

Tədqiqat boz-qonur, çəmən-boz, çəmən-qəhvəyi, allüvial çəmən-meşə torpaq tiplərində aparılmışdır. Çöl tədqiqatı zamanı xarakterik yerlərdə torpaq kəsimləri qoyulmuş, torpaqların genetik qatları üzrə torpaq nümunələri götürülmüş, çöl şəraitində dərinliyə doğru torpaqların temperaturu, hiqroskopik nəmlik, maksimum hiqroskopik nəmlik və torpağın digər fiziki xassələri öyrənilmişdir.

Hal-hazırda götürülmüş torpaq nümunələri laborator şəraitdə torpağın 12-15 parametri üzrə analiz olunur. Əldə olunmuş müasir vəziyyət öncə aparılmış çoxillik torpaq tədqiqatı monitorinqi əsasında müqayisə edilir. Çöl şəraitində 1:100000 miqyasda topoqrafik xəritə əsasında relyefin plastikası nəzərə alınmaqla torpaq xəritəsi tərtib edilir. Aparılan tədqiqat nəticəsində intensiv səhralaşma prosesinə məruz qalmış torpaqların yenidən bərpa olunması və səmərəli istifadəsi ilə bağlı elmi təkliflər işlənib hazırlanır.

Torpaqların deqradasiya və transformasiya istiqamətlərini dəqiq müəyyənləşdirmək üçün təbii bitki örtüyünün müasir vəziyyəti və deqradasiya istiqamətləri öyrənilmiş və bunun nəticəsi olaraq bitki qruplaşmalarının irimiqyaslı xəritəsi tərtib edilmişdir.

Tədqiqat ərazisinin torpaq örtüyünün transformasiyasında coğrafi amillərdən asılı olaraq meridional və paralel istiqamətlərdə baş verən dəyişikliklərin qanunauyğunluqları da müəyyən edilmişdir.

Tədqiqat rayonunda takırabənzər torpaqlar xeyli ərazini əhatə edir. Hazırda bu torpaqların  Gilan Holdinq tərəfindən kənd təsərrüfatı məqsədi üçün istifadəsi həyata keçirilir. İki ildir ki, şöbə əməkdaşları şirkətlə birgə həmin torpaqların daha düzgün və səmərəli istifadəsi istiqamətlərində fəaliyyət göstərirlər.

 Birgə tədqiqatın nəticəsi olaraq, bu torpaqlarda taxılın məhsuldarlığı hər hektardan 22-24 sentnerə çatdırılmışdır. Gələcəkdə praktik olaraq bu istiqamətdə müxtəlif təcrübələrin aparılması nəzərdə tutulur.
 



 

18875
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic