ADPU-UN TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİNDƏ “APREL DÖYÜŞLƏRİ - QARABAĞA GEDƏN YOL” ADLI TƏDBİR

12 Aprel 2019
Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin Coğrafiya müəllimliyi ixtisasının 1802 saylı qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü, 301 saylı qrup tələbəsi Ramil Ramizovun köməkliyi, fakültə rəhbərliyi və  ACC ADPU filialının təşkilatçılığı ilə  “Aprel döyüşləri - Qarabağa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə fakültənin  dekanı, dosent Şahin Pənahov, dekan müavini və ACC-in vitse-prezidenti dosent Mətanət Əsgərova, dekan müavini, dosent Habil Həsənov, Ümumi tarix kafedrasının müdiri, AMEA-ın müxbir üzvü Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Birinci Qarabağ Müharibəsi və şanlı Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan baş gizir Şöhrət Dadaşov, o cümlədən dəyərli müəllim heyyəti və fəal tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Şəhidlərin müqəddəs xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirin aparıcısı, fakültənin I tədris ili tələbəsi Elza Əliyeva açılış nitqi üçün Türk və Şərqi Avropa xalqları və tarixin tədrisi metodikası kafedrasının professoru Mayıs Əmrahovu kürsüyə dəvət edib. Aprel zəfəri haqda ümumi xülasəylə çıxış edən natiq bu tarixi hadisənin əhəmiyyətindən söz açıb. Ardınca fakültənin I tədris ili tələbələri Pərvin Əmirova və Bilqeyis Abbasovanın ifasında Ulucay Akifin “Azərbaycan Bayrağı” və Bəxtiyar Vahabzadənin “Bayraq”  şeirləri səsləndirilib, Aprel şəhidləri haqqında fakültənin I tədris ili tələbələri Jalə Şahməmmədli, Arzu Qəribova və Nuray Əhmədovanın hazırladıqları videoçarx nümayiş olunub.

Aprel döyüşlərinin qürur zirvəsi olan Lələ təpə yüksəkliyi haqda maraqlı çıxış hazırlayan fakültənin I tədris ili tələbəsi Günel İmanovanın təqdimatında bu həddən artıq strateji əhəmiyyətli əraziylə bağlı maraqlı faktlar səsləndirilib.

Fakültənin istedadlı tələbələrindən Elsevər Cəlilov, Ramil Ramizov, Şeləmənova Ülkər və Fəxri Mahmudovun ifasında Şəhid Müşfiq Orucovun yaşadığı ibrətamiz həyat yolunun nümunəsində  bütün Aprel Şəhidlərinə həsr olunmuş əbədi-bədii kompozisiya iştirakçılarda minor notlar oyatmaqla yanaşı, bir qəhrəmanlıq dastanını, Vətən sevgisini təcəssüm elətdirirdi.

Aprel döyüşlərinin iştirakçısı, baş gizir Şöhrət Dadaşov tariximizə qızıl hərflərlə yazılmış “Dörd günlük müharibə” ilə bağlı təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb, Şəhidlərimizi və şərəf tariximizi daim əziz tutduqlarına görə ADPU rəhbərliyi və tələbələrinə təşəkkürünü bildirib.

Kimya və biologiya fakültəsinin I tədris ili tələbəsi Hüseyn Əsgərov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I tədris ili tələbəsi Səlim Süleymanov “Ana, mən Şəhid oldum” və “Cənab Leytenant” mahnılarını ifa ediblər.

Sonra dosent Mətanət Əsgərova öz təəssuratlarını bölüşərək tələbələrimizin tariximizə və tarixi hadisələrin qeyd olunmasında xüsusi fəallıq göstərdiklərini qeyd edib. O deyib: “Fakültə rəhbərliyi və ACC idarə heyəti olaraq bizim istedadlı tələbələrimizin bu təşəbbüsünü dəstəkləməyə bilməzdik. Çox sevindirici və qürurlu haldır ki, tələbələrimiz şüurlu surətdə belə məsələlərə böyük həssaslıqla yanaşırlar.”

Tədbirin yekununda vətənpərvərlik marşlarının sədaları  və zalın ayaq üstə alqışlarının müşayəti  ilə fakültənin I tədris ili tələbəsi Kəmalə Süleymanlı səhnəyə Üçrəngli Azərbaycan bayrağını gətirib.


Fakültənin I kurs tələbələrinin Aprel Şəhidləri haqda hazırladıqları videoçarxı aşağıdakı videoda izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=WnFBvonPDvI&feature=youtu.be
ADPU, Taleh MİRZƏYEV

 
                   
 
              

        
      
 

 
983
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic