ACC-NİN 80 İLLİK YUBİLEYİ VƏ X QURULTAYI KEÇİRİLİB
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə Qəbələ şəhərində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) 80 illik yubileyi və X qurultayı keçirilib.
Əvvəlcə qurultaylararası dövrdə dünyasını dəyişmiş coğrafiyaçı alimlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra ACC-nin prezidenti, akademik Ramiz Məmmədov çiriş sözü ilə çıxış edərək ölkə elminin inkişafında əlaqələndirici və istiqamətverici rol oynayan 80 illik yubileyi qeyd edilən Azərbaycan Coğrafiya Cəmiyyətinin nüfuzlu bir təşkilata çevrildiyini diqqətə çatdırıb. Prezident bildirib ki, ACC-nin əsas məqsədi coğrafi məsələlərin - təbiət və cəmiyyətin bütövlüyünün ərazi problemlərinin həllində, təbii ehtiyatların səmərəli istifadəsində, demoqrafik və milli xüsusiyyətləri nəzərə almaqla təsərrüfatın inkişafında, təhsildə, coğrafi biliklərin təbliğində ümumi maraqları olan şəxsləri və təşkilatları öz sıralarında birləşdirərək bu sahələrin inkişafına nail olmaqdır.
“Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” adlı məruzəsində akademik Cəmiyyətin yaranma tarixi, ona rəhbərlik edən görkəmli alimlər, struktur və sahə bölmələri, prioritet istiqamətləri, beynəlxalq əlaqələri, nəşr fəaliyyəti, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisi, əldə edilən nailiyyətlər, qazanılan mükafatlar, coğrafiya elmində öz sözünü demiş alimlərin yubileylərinin təşkili, ictimaiyyətlə əlaqələr, təşkil olunan ekoturlar və sairdən geniş söhbət açıb. Qeyd edilib ki, coğrafiyaçı alimlərin yaradıcılıq işləri, apardıqları elmi tədqiqatlar ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. Əldə edilən mühüm elmi nəticələr ölkənin müxtəlif təsərrüfat sahələrində, təbii resursların səmərəli istifadəsində, təbiəti mühafizə işlərində geniş tətbiq olunur.
Plenar iclasda ACC-nin katibi c.ü.f.d. Mirnuh İsmayılov “Fiziki coğrafiya elminin Azərbaycan təbiətinin öyrənilməsində nailiyyətləri, problemləri və onların cəmiyyətə çatdırılması yolları”, c.e.d. Zakir Eminov “İnsan coğrafiyası: iqtisadi, sosial və demoqrafik tədqiqatlar, davamlı inkişafın ictimailəşməsində ACC-nin rolu”, c.e.d. Rza Mahmudov “Qlobal iqlim dəyişmələrinin Azərbaycanda təzahürlərinin əsas xüsusiyyətləri”, c.e.d. Əmir Əliyev “Xəzər dənizinin tədqiqinin müasir vəziyyəti, onun Azərbaycanın sosial-iqtisadi həyatında rolu”, c.ü.f.d. Oqtay Alxasov “Orta məktəblərdə coğrafiyanın tədrisinin əsas xüsusiyyətləri”, c.e.d. Məhəmməd Abduyev “Ali Təhsil müəssisələrində coğrafiyaçı kadrların hazırlanmasının müasir vəziyyəti və perspektivlər” və c.e.d. Şövqi Göyçayev “Ətraf mühitin mühafizəsi ümumxalq işidir” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin ikinci günü davam edən iclasda dosent Məhərrəm Həsənov Azərbaycan Coğrafiya Cəmiyyətinin beynəlxalq əlaqələri və nəşr fəaliyyəti haqqında geniş məruzə edib. Xanım Rzazadə məruzəsində Cəmiyyətin ictimai əlaqələr şöbəsinin fəaliyyətindən danışıb, bəzi statistik məlumatları diqqətə çatdırıb. Emin Cəbrayılov video çarxların nümayişi ilə Cəmiyyətin təşkil etdiyi ekoturlar və səfərlər haqqında təqdimatla çıxış edib. C.ü.f.d. Elxan Məmmədbəyov ACC-nin təftiş komissiyasının hesabatını iştirakçıların diqqətinə çatdırıb.
Sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Qurultayın əvvəlcədən iştirakçılara paylanmış qərar layihəsi təkliflər nəzərə alınmaqla ikinci oxunuşda təsdiq edilib.
Sonda təşkilati məsələlərə baxılıb. Rəyasət heyətinin 23 nəfərdən ibarət üzvü təsdiq edilib. Akademik Ramiz Məmmədov növbəti dəfə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, dosent Məhərrəm Həsənov birinci vitse prezident, c.e.d. Şəkər Məmmədova və c.ü.f.d. Şahin Pənahov isə vitse prezident seçiliblər.
ACC X Qurultayının Qərarı
Azərbaycan Coğrafiya Cəmiyyəti fəaliyyət göstərdiyi 80 il ərzində Azərbaycan Respublikasının ictimai, mədəni və elmi həyatında həmişə önəmli rol oynamışdır. Cəmiyyət coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin, müəllim və tələbələrin iştirakı ilə müxtəlif coğrafi problemləri müzakirə edildiyi bir təşkilata çevrilmişdir. Coğrafiya elminin yeniliklərinin Azərbaycan ictimaiyyətinə çatdırılması, coğrafi aspektdə dövri nəşrlərin təşkili istiqamətlərində də uğurlu nailiyyətlər qazanılmışdır. Cəmiyyət dünyanın qabaqcıl ölkələrinin coğrafiyaçıları və Coğrafiya Cəmiyyətləri ilə sıx əməkdaşlıq qura bilmişdir. Hazırda müstəqil Azərbaycan dövlətinin və onun prezidenti cənab İ.Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə istiqamətində islahatlarının yerinə yetirilməsində səylərini artırmaqdadır. Bütün bunları əsas tutaraq və Cəmiyyətin gələcək prioritet istiqamətlərini müəyyən etmək və həyata keçirmək məqsədilə
Azərbaycan Coğrafiya Cəmiyyətinin X qurultayı qərara alır:
- Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik R.M.Məmmədovun Cəmiyyətin 2014-2019-cu illəri əhatə edən fəaliyyətinə həsr edilmiş hesabatı bəyənilsin.
- Azərbaycan Coğrafiya Cəmiyyətinin sahə və ərazi strukturlarında, eyni zamanda, idarə edilməsində struktur islahatlarının aparılması davam etdirilsin və Cəmiyyətin idarəetmə orqanı olan Rəyasət Heyyətinin yığıncaqlarında bu məsələlər müzakirə edilib müvafiq qərar qəbul edilsin.
- Cəmiyyətin yeni “Ekoturizm” və “Nəşr fəaliyyət” sahə bölmələri yaradılsın.
- Ağdaş və Ağsu şəhərlərində Cəmiyyətin regional filialları təşkil edilsin.
- Ali təhsil müəssisələrində və orta məktəblərdə coğrafi biliklərin tədrisinin yaxşılaşdırılması məqsədi ilə “Məktəb coğrafiyası” bölməsinə təhsil işçilərinin dərslik və dərs vəsaitləri müəlliflərinin birgə yığıncaq - müzakirələrinin keçirilməsinin təşkili tapşırılsın.
- Cəmiyyətin fəaliyyətinin, həmçinin ekspedisiyalar, ekoturlar zamanı çəkilişlərin təşkili və bunların internet üzərindən yayımının həyata keçirilməsi işinə başlanılsın.
- Coğrafiya və ona yaxın elm sahələrində əldə edilmiş elmi yeniliklərin Azərbaycan cəmiyyətinə çatdırmaq məqsədi ilə təbliği, ictimailəşdirilməsi və tətbiqi istiqamətində yerinə yetirilən tədbirlər gücləndirilsin.
- Azərbaycan Coğrafiya Cəmiyyətinin “Hacı Zeynalabdin Şirvani” adlı mükafatı təsis edilsin və əsasnamənin hazırlanması Rəyasət Heyyətinə tapşırılsın.
- Cəmiyyət üzvlərinin Respublikanın KİV-də çıxışlarının genişləndirilməsi həyata keçirilsin, təbiətlə bağlı ayrıca verilişin təşkil edilməsi haqqında təşəbbüslə Respublika televiziyasına müraciət edilsin.
- Alimlərin ali məktəblərdə ustad dərslərinin və yubileylərinin təşkili davam etdirilsin.
- Orta ümumtəhsil məktəblərində coğrafiya fənninin vahid “Coğrafiya” kursu kimi tədris olunduğunu nəzərə alaraq, orta və ali təhsil müəssisələrində coğrafiyanın tədris prosesi və onun problemləri diqqət mərkəzində saxlanılmaqla əsas istiqamətlərdən biri kimi qiymətləndirilsin.
- Coğrafi ekologiya ilə bağlı ictimaiyyətlə görüşlərin keçirilməsi fəaliyyət planına daxil edilsin.
- Cəmiyyətə üzvlük haqqının yığılması məsələsi təkmilləşdirilsin.
Azərbaycan Coğrafiya Cəmiyyətinin idarə heyəti
26 may 2019
8958