GÖRKƏMLİ TORPAQŞÜNAS ALİMSağlığında böyük hörmət sahibi olmuş, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində yüksək mənəviyyatlı, kamil insan, dəyərli alim kimi qalmış elm xadimlərindən biri də professor Şahalı Gülmalı oğlu Həsənovdur. Uzun illər torpaqşünaslıq sahəsində sanballı araşdırmalar aparan, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə elmin yüksək pilləsinə qalxan alimin insanlara bəxş etdiyi işıq onun mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən qidalanırdı. O, gözəl alim, görkəmli pedaqoq və tədqiqatçı idi. Hamı Şahalı müəllim haqqında “aydın və işıqlı adamdı” deyirdi. Əməksevərlik, qayğıkeşlik, həssaslıq, səmimiyyət, yüksək əxlaq - bütün bunlar alimin xarakterini səciyyələndirən xüsusiyyətlər idi. O, çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə bağlı olmuşdur. Ş.Həsənov 1921-ci il mayın 12-də Ağsu rayonunun Gəgəli kəndində doğulmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra 1938-ci ildə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olmuş, bir il orta məktəbdə müəllim işləmişdi. Böyük Vətən müharibəsi başlayan kimi könüllü olaraq müharibəyə yollanmışdır. 1941-1942-ci illərdə Krım cəbhəsində 77-ci Azərbaycan diviziyasının tərkibində döyüşlərdə iştirak etmiş, ağır yaralandıqdan sonra ordudan tərxis edilmişdir. 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun Fiziki coğrafiya və hidrologiya şöbələrində baş laborant, Əkinçilik İnstitutunun Genetika, seleksiya və toxumçuluq şöbəsində kiçik elmi işçi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafiyası və xəritəçilik şöbəsində kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1953-cü ildə aspiranturaya daxil olmuş, 1958-ci ildə Stalinqrad Kənd Təsərrüfatı İnstitutunun ixtisaslaşmış elmi şurasında “Ağstafaçay hövzəsinin torpaqları və onların kənd təsərrüfatında istifadə edilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi, 1972-ci ildə Azərbaycan SSR EA-nın Coğrafiya İnstitutunun ixtisaslaşmış müdafiə şurasında “Cənub-Qərbi Azərbaycan torpaqlarının təbii-genetik xüsusiyyətləri və bonitirovkası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1963-1965-ci illərdə SSRİ KTN-nin xarici əlaqələr şöbəsinin xətti ilə sovet mütəxəssislərinin rəhbəri və elmi ekspert kimi Birmaya (Myanma) ezam edilmiş, orada torpaq ekspedisiyaları təşkil etmiş, birmalı mütəxəssis kadrların hazırlanması, torpaqların tədqiqi və xəritələşdirilməsi (1:100 min miqyasda) işində iştirak etmişdir. SSRİ Torpaqşünaslıq Cəmiyyətinin, D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin, SSRİ Coğrafiya Cəmiyyətinin üzvü olmuşdur. Tartu (Estoniya), Alma-Ata, Moskva, Tbilisi, Minsk, Daşkənd, Kiyev, Ərdəbil (İran Respublikası) şəhərlərində beynəlxalq konqreslərdə, simpoziumlarda iştirak etmiş, SSRİ Torpaqşünaslar Cəmiyyətinin III-VII qurultaylarının nümayəndəsi, Azərbaycan SSR EA Coğrafiya İnstitutunun, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Eroziya elmi-tədqiqat sektorunun elmi və ixtisaslaşmış müdafiə şuralarının, Ümumittifaq Kənd Təsərrüfat Akademiyası Zaqafqaziya filialı (Tbilisi şəhəri) problem şurasının, Azərbaycan SSR EA yanında Terminologiya şurasının, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin nəzdində fəaliyyət göstərən torpaq-coğrafiyası və geologiya fənləri üzrə elmi problem şurasının üzvü, Azərbaycan Sovet Ensiklopediyasının biologiya, kənd təsərrüfatı və tibb redaksiyasının elmi məsləhətçisi olmuşdur. 10 cildlik Azərbaycan Ensiklopediyasında 55 məqaləsi çap edilmişdir. 1968-ci ildə Şahalı Həsənovun fəal iştirakı ilə ilk dəfə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası təşkil edilmişdir. Daha sonra Ş.Həsənovun rəhbərliyi ilə həmin laboratoriyada böyük kollektiv fəaliyyət göstərmiş, bir çox aspirant və doktorantlar hazırlanmış, müxtəlif mövzularda dissertasiyalar müdafiə edilmişdir. Eyni zamanda laboratoriya kollektivinin gərgin əməyi sayəsində ilk dəfə Azərbaycanda torpaqların bonitirovkasının aparılması üzrə metodiki göstəriş (1973) yazılmışdır. Bu dövrdə Şahalı Həsənovun mühüm nailiyyətlərindən biri də ilk dəfə 1:500000 miqyasında Azərbaycan torpaqlarının rəngli bonitet kartoqramının (R.Ə.Əliyeva ilə birlikdə) hazırlanması olmuşdur. Ş.Həsənov çoxillik əmək fəaliyyəti müddətində 30-dan çox inzibatı rayon və 100-dən artıq təsərrüfat üçün torpaq və torpaq bonitirovka xəritələri tərtib etmiş, onlara izahat vərəqələri yazaraq istehsalata tətbiq etmişdir. Professor Şahalı Həsənov Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunun təşkilində yaxından iştirak etmiş və onun ilk direktoru (1969-cu il) olmuşdur. Bütün elmi-pedaqoji fəaliyyəti dövründə bu institutla yaxından əməkdaşlıq etmişdir. 1976-cı ildə Almaniya Demokratik Respublikası Coğrafiya Cəmiyyətinin dəvəti ilə ADR-də elmi ezamiyyətdə olmuş və akademik Həsən Əliyevlə birgə Almaniya Coğrafiya Cəmiyyətinin elmi jurnalında geniş həcmli məqalələri çap olunmuşdur. Ş.Həsənov görkəmli alimlərlə - akademik İ.P.Gerasimov, torpaqşünas-akademik Viktor Abramoviç Kovda, akademiklər Mixayıl Nikolayeviç Sabaşvili, Aman Mamıtoviç Mamıtov, İqor Arkadyeviç Krupenikov, professorlardan Mariya Alfredovna Qlazovskaya, Fyodor Yakovleviç Qavrilyuk, Nikolay Fyodoroviç Tyumentsev, Vitaliy Pavloviç Kuzmiçev, R.V.Kovalyov, V.M.Fridland, İ.İ.Karmanov, Qleb Vsevolodoviç Dobrovolski, Sergey Vladimiroviç Zonn, İvan Nikolayeviç Antipov-Karatayev kimi alimlərlə elmi əməkdaşlıq etmişdir. Professor Ş.Həsənovun əsas tədqiqat sahələri torpaq coğrafiyası, torpaq kadastrı, aqroekologiya və bonitirovka, torpağın rekultivasiyası, aqrotorpaq rayonlaşması və aqroistehsalat qruplaşdırılması, Azərbaycanın torpaq sərvətləri, onlardan səmərəli istifadə edilməsi və mühafizəsi məsələləri olmuşdur. O, respublika torpaqlarının coğrafi yayılma qanunauyğunluqlarının, onların əmələgəlmə şəraitlərinin öyrənilməsinə, morfogenetik xüsusiyyətlərinin, fiziki-kimyəvi xassələrinin tədqiqinə, xəritələşdirilməsi məsələlərinə, torpaq kadastrı və onun tərkib hissələrinin tədqiqinə və aqronomik cəhətdən vacib olan bir çox məsələlərin həllinə və Böyük Qafqazın (Azərbaycan daxilində) cənub və şimal-şərq hissələri, Abşeron yarımadası, Lənkəran-Astara zonası, Gəncə-Qazax massivi, Kür-Araz ovalığı, Naxçıvan MR-in torpaq örtüyünün öyrənilməsinə əvəzsiz töhfəsini vermişdir. Onun 20 ildən artıq Cənub-Qərbi Azərbaycanın Arazboyu regionunda apardığı çoxillik tədqiqatların nəticəsi olaraq həmin regionda torpaqların coğrafi yayılma qanunauyğunluqları, əmələgəlmə şəraiti, genezisi, təkamülü, diaqnostik əlamətləri və morfogenetik xüsusiyyətləri, eləcə də antropogen amillərin torpaqəmələgəlmə prosesinə təsiri müəyyən edilmiş, torpaq proseslərinin dinamikası, aşınma qabığının genetik tiplər üzrə xarakteri, kimyəvi-mineraloji tərkibi, zonal torpaq tip və yarımtiplərinin dəqiq taksonometrik əsasda mükəmməl təsnifatı və səciyyəsi verilmiş, aqrotorpaq rayonlaşdırılması və aqroistehsal qruplaşdırılması, təbii zonalar üzrə bonitirovkası işlənmişdir. Alim Cənub-Qərbi Azərbaycan üçün 20-yə yaxın iri, orta və kiçik miqyaslarda xəritələr tərtib etmişdir. Onun “Arazboyu rayonların torpaqları və onların səmərəli istifadəsi” (1969), “Cənub-Qərbi Azərbaycan torpaqlarının genetik xüsusiyyətləri və bonitirovkası” (1978) və “Azərbaycanın torpaq ehtiyatları, onların səmərəli istifadəsi və mühafizəsi” (1981) adlı böyük həcmli monoqrafik əsərləri çap olunmuşdur. Onun H.Ə.Əliyev və R.Ə.Əliyeva ilə birgə yazdıqları “Azərbaycanın torpaq ehtiyatları, onların səmərəli istifadəsi və mühafizəsi” adlı monoqrafiyasında ölkəmizin təbii şəraiti, torpaq fondunun tərkibi, strukturu, təbii iqtisadi rayonlar üzrə torpaq sərvətlərinin istifadəsi və qorunması yolları ətraflı şərh edilmişdir. Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan torpaqlarının aqrorayonlaşdırılması və aqroistehsal qruplaşdırılması verilmişdir. Üzümaltı torpaqların müəyyən edilib xəritələşdirilməsi məqsədilə Arazboyu, Gəncə-Qazax, Mil-Qarabağ zonalarında apardığı tədqiqatların nəticəsi olaraq, “Azərbaycan SSR-in üzümçülüyə yararlı torpaqları”, M.E.Salayev və B.İ.Həsənovla birlikdə “Kənd təsərrüfatı bitkilərinə yararlı torpaqların seçilməsi” kitabları çapdan çıxmışdır. Alim iri, orta və kiçik miqyaslarda yüzdən artıq torpaq, torpaq-aqrokimya, torpaq boniteti, aqrotorpaq rayonlaşma və aqroistehsalat qruplaşdırma xəritələri tərtib etmiş və bunların əksəriyyəti izahat vərəqəsi ilə birlikdə istehsalata tətbiq olunmuşdur. Ş.Həsənov 1:600000 miqyasda tərtib olunmuş Azərbaycanın torpaq-rayonlaşdırılma xəritəsinin, Azərbaycan və rus dillərində çap olunmuş torpaq xəritəsinin, torpaq-kadastr rayonlaşma xəritəsinin həmmüəlliflərindəndir. 1986-1996-cı illərdə Ş.Həsənov böyük torpaqşünaslar kollektivi ilə birlikdə 84 topo-planşetdən ibarət 1:100000 miqyaslı “Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəsi”nin tərtibində müəllif kimi iştirak etmişdir. Həmin xəritənin tərtib edilməsində Ş.G.Həsənov respublika üzrə mövcud torpaq xəritəçilik materiallarından geniş istifadə olunmaqla bərabər, xəritənin və onun legendasının Azərbaycan dilinə tərcüməsi və redaktə edilməsində, həm də torpaq adları üzrə sinonimlərin verilməsində bir mütəxəssis kimi yaxından iştirak etmişdir. Ş.G.Həsənovun elmi uğurlarından biri də Azərbaycanda yayılmış mürəkkəb torpaq adlarının rus dilindən Azərbaycan dilinə düzgün tərcümə edilməsi və ana dilimizdə ilk dəfə torpaq indekslərinin hazırlanması olmuşdur. Ş.Həsənovun 300-dən çox elmi, elmi-kütləvi əsəri, o cümlədən 10 monoqrafiyası çap olunmuşdur, 100-dən çox xəritənin, ali məktəblər üçün dərslik və dərs vəsaitinin, onlarca metodiki göstəriş və təlimatın, səmərələşdirici təklifin, dərs proqramlarının, torpaqşünaslıq və coğrafiya fənləri üzrə 6 dildə terminlər lüğətinin müəllifidir. Bir neçə əsəri ingilis, alman və fars dillərində çapdan çıxmışdır. Onun rəhbərliyi ilə bir çox magistr, fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Ş.Həsənov respublika və keçmiş İttifaq miqyasında 50-dən artıq dissertasiyaya opponentlik etmiş, onlarca avtoreferata rəy yazmışdır. Şahalı Həsənova xas olan və yaradıcılığında aydın nəzərə çarpan xüsusiyyətlərdən biri də onun mahir elmi populyarlaşdırıcılıq qabiliyyətinə malik olması, elmi-kütləvi səpkidə, bədii üslubda maraqlı kitablar və yazılarla çıxış etməsi idi. Onun “Torpaq nədir”, “731 gün Birmada” adlı kitabları “Elm və həyat”, “Azərbaycan təbiəti” jurnallarında və qəzet səhifələrində çapdan çıxmış, “Dəmir dağlar”, “Palçıq vulkanları necə əmələ gəlir”, “Qitələrin adları haradan alınmışdır?”, Birma haqqında serial məqalələr: “Su festivalı”, “Meymun qanından şərab”, “Səyyar plantasiyalar”, “Mənim sağmal inəyim”, “Qəribə musiqi aləti”, “Söz mücrüsündən kəlamlar” və s. bu kimi yazıları böyük maraq doğurmuşdur. Professor Ş.Həsənov təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda yüksəkixtisaslı xarici ölkə mütəxəssislərinin yetişdirilməsində də xeyli əmək sərf etmişdir. Ş.Həsənov pedaqoji fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdı. Müəllimlik peşəsinə olan sevgisi onu yenidən pedaqoji fəaliyyətə sövq etmiş, 1974-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində hidrometeorologiya və kartoqrafiya kafedralarında dosent kimi çalışmış və orada torpağın meliorasiyası, təbiətin mühafizəsi, xüsusi tematik xəritələrin tərtibi üsulları fənlərindən mühazirələr oxumuşdur. 1978-ci ildə Ş.Həsənov müsabiqə yolu ilə keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri vəzifəsinə seçilir, Elmlər Akademiyasından ayrılaraq özünü tamamilə pedaqoji fəaliyyətə həsr edir, 1989-1991-ci illərdə o həm də fakültə dekanı kimi, 1991-ildən 2013-cü ilədək - təqaüdə çıxanadək Ümumi coğrafiya kafedrasınnın professoru kimi fəaliyyət göstərir. O, elmi kadrların hazırlanması ilə bərabər, yüksəkixtisaslı coğrafiya müəllimlərinin də hazırlanmasında əzmkarlıqla çalışmış, fakültədə fənn kabinetləri yaratmış, tədris və laboratoriya avadanlıqları, atlas və xəritə materiallarının əldə edilməsi, meteoroloji meydançanın yaradılması işlərində əvəzsiz fəaliyyət göstərmişdir. Bu gün Pedaqoji Universitetin tələbələrinə onun torpaq monoliti nümunələri, o cümlədən Azərbaycanın bütün bölgələrində iştirak etdiyi ekspedisiyalardan gətirdiyi, demək olar ki, Azərbaycanda yayılmış bütün torpaq tiplərini əhatə edən, genetik qatlar üzrə hazırladığı kiçik torpaq monolitləri müəllimlərimiz tərəfindən laboratoriya dərslərində nümayiş olunur. Maraqlı olan cəhətlərdən biri də onun torpaq nümunəsi qutularının üzərində və içərisində öz səliqəli əl yazısı ilə apardığı qeydləridır. Orada torpağın adı, torpaq nümunəsinin haradan və hansı qatdan götürüldüyü və s. məlumatlar olmuşdur. Pedaqoji Universitetdə işlədiyi 35 il müddətində Şahalı Həsənov torpaq coğrafiyası, ümumi yerşünaslıq, yerşünaslıq və diyarşünaslıq, təbiətin mühafizəsi fənlərindən yüksək səviyyədə mühazirələr oxumuş, xüsusilə kafedraya rəhbərlik etdiyi müddətdə laboratoriya məşğələləri və çöl təcrübələrinin tədrisinin praktiki olaraq laboratoriya avadanlıqları və cihazlarla aparılmasının təşkilinə nail olmuşdur. Ş.Həsənov tələbələr üçün bir sıra dərsliklər, metodiki göstərişlər və s. nəşr etdirmişdir. Onun “Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə” (M.Əsgərova ilə birgə), “Təbiətin mühafizəsi” adlı (M.Əsgərova ilə birgə) dərsliklərin, “Torpaq coğrafiyası kursundan laboratoriya məşğələlərinin aparılması üçün praktikum”, “Mövsümü çöl təcrübələrinin” və “Torpaq coğrafiyası” fənnindən çöl təcrübələrinin aparılmasına dair metodiki göstərişlər və sair tədris vəsaitləri tələbələrin stolüstü kitabıdır. Şahalı müəllimin pedaqoji fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, 2006-cı ildə ADPU-nun 90 illik yubileyi münasibətilə ona Azərbaycan Respublikasının Əməkdar müəllimi adı verilmişdir. Ş.Həsənov 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirakına görə “İkinci dərəcəli Vətən müharibəsi” ordeni, “Əmək rəşadətinə görə” medalı, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ilə əlaqədar olaraq “Yubiley medalı”, elmi və pedaqoji fəaliyyətinə görə V.V.Dokuçayevin “Rus qaratorpaqları” əsərinin çapdan çıxmasının 100 illiyinə həsr edilmiş xatirə medalı, uzun illər xalq təsərrüfatında yaxşı işlədiyinə və əmək xidmətlərinə görə “Əmək veteranı” medalları və bir çox fəxri fərmanlarla təltif edilmişdir. Yorulmaq bilməyən görkəmli elm ağsaqqalı, xeyirxah insan, gözəl pedaqoq, gənclərin həqiqi dostu və sevimli müəllimi Şahalı Həsənov 2015-ci il avqust ayının 14-də 94 yaşında vəfat etmişdir.
Qərib MƏMMƏDOV, akademik
Mətanət ƏSGƏROVA, dosent 7841
|
|