“AMERİQO VESPUÇÇİNİN MƏKTUBLARI PLAQİATDIR” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ
Bu yazıçı-tədqiqatçı Ramiz Dənizin “Elmi-populyar oçerkləri” silsiləsindən, sensassion nəticələrlə bağlı olan 11-ci kitabıdır.
Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz 1965-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə orta məktəbi bitirib. O, 2005-ci ildən “Qızıl qələm” mükafatı laureatıdır, 2009-cu ildə ədəbiyyat üzrə Prezident təqaüdünə layiq görülübdür.
Qarabağ müharibəsi iştirakçısı və SOCAR-ın əməkdaşı olan Ramiz Dəniz Azərbaycan Yazıçılar Birliyi, AQRA EİDİB-in, “Təhsil” və “Coğrafiya” Cəmiyyətlərinin üzvüdür.
O, 38 ildir ki, yaradıcılıqla və erkən və orta əsrlər coğrafi kəşflər tarixini tədqiq edərək, eyni vaxtı həm bir neçə janrda bədii, həm də elmi-tədqiqat əsərləri yazır. R. Dəniz əsasən, Amerika qitəsinin, ayrıca Braziliyanın kəşfi, Nəsirəddin Tusinin elmi irsini, Marağa rəsədxanası, Yaxın Şərqdə yaşamış islam alimlərinin elmi fəaliyyətini, İslam dünyasında astronomiya, coğrafiya, riyaziyyat, həndəsə, əxlaqın inkişafı, Ameriqo Vespuççinin fırıldaq fəaliyyəti, Xristofor Kolumbdakı sirləri, Portuqal kralı I Manuelin və Pedru Kabralın hiyləgərliklərinin ifşa edilməsi ilə bağlı araşdırmalar aparmış və bütün bunları özünün çoxsaylı əsərlərində əsərlərində əks etdiribdir: “Braziliyanın müəmmalı kəşfi”, “Əsrləri qabaqlamış alim - Nəsirəddin Tusi”, “Ameriqo Vespuççi, Martin Valdzemüller - gizlin sövdələşmə”, “Admiral Piri Rəisin xəritəsi”, “Xristofor Kolumbun transatlantik layihəsi”, “Okeanda azan donanma”, “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Varlı maliyyəçilər Kolumbun layihəsini müdafiə edirlər”, “Ameriqo Vespuççinin məktubları plaqiatdır” və digərləri. Bu əsərlər Azərbaycan dilindən əlavə rus, ingilis, italyan, ispan, portuqal, alman, fransız, holland, polyak dillərinə tərcümə olunaraq, geniş oxucu auditoriyasına təqdim olunubdur.
Coğrafi kəşflər tarixi ilə nə qədər araşdırmalar aparılsa da, elmin bu sahəsi okean hüdudları kimi tükənməz görünür. Maraqlıdır ki, illər boyu Böyük Coğrafi kəşfləri əhatə edən dövrlə yazılan hər bir tədqiqat işi müəyyən yenilikdən ibarətdir. Bu istiqamətdə mühüm işlər aparan Ramiz Dəniz coğrafi kəşflər tarixi silsiləsindən növbəti kitabını yazıb oxucuların, xüsusən də coğrafiyaşünaslar, xəritəşünaslar, tarixçilər və digər elm sahələrində çalışan alim və mütxəssislərin ixtiyarına verir. Bu sahədəki mövzunun geniş miqyaslı olması hamını heyrətləndirir. Onun məhsuldar araşdırmaları o qədər zəngindir ki, əsərlər dünyanın hər bir yerində özünə oxucu tapa bilir. Çünki müəllifin elmi və yaradıcılıq fəaliyyətindən yaranmış statistik göstərici bunu deməyə əsas verir. Avropanın 20 nəşriyyatında R. Dənizin tərcümə olunan əsərlərlə yanaşı 228 kitabı işıq üzü görübdür və onlar dünyanın 11 iri reklam şirkəti tərəfindən Avropa, Amerika, Asiya və Afrika ölkələrində yayımlanır. Düzü bu statistik rəqəm mənim özümü də təəccübləndirdi və belə başa düşmək olar ki, bu özünə məxsus bir rekorddur. Dünyada az sayda yazıçı-tədqiqatçı tapılar ki, ölkəsinin hüdudlarından kənarda 228 kitabı işıq üzü görsün.
R. Dənizin yazdığı ikinci elmi-tədqiqat əsəri “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi”-dir. Mən kitaba ön söz yazmış və orada qeyd etmişəm ki, müəllif görkəmli alim Nəsirəddin Tusinin elmi xidmətlərini, elmi nailiyyətlərini araşdırmış, alimin dünya elminə töhvə vermiş bir çox əsərlərinin dünyavi mahiyyətini açıqlamış və nəticədə bəlli olub ki, həqiqətən də alimin bir neçə əsəri başqa müəlliflər tərəfindən özününküləşdirilibdir.
Məlumdur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə, etika, məntiq, geologiya ilə bağlı şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. Əsərdə Antik dövrün ən məşhur – yunan, qədim Roma, Bizans, Misir və erkən orta əsrlərdə tanınmış müsəlman alimlərinin coğrafiya, astronomiya, riyaziyyat sahəsi ilə bağlı birlikdə gördükləri elmi işləri yada salmış və Tusinin təkbaşına adı çəkilən elmlərdə böyük uğur qazanmasını qeyd edərək, onun dahiliyini önə çəkməyə çalışıbdır”.
Müəllif Böyük Coğragi kəşflərə yeni prizmadan yanaşır və bu sahədə qaranlıq görünən bir çox məsələlərə mətləblər gətirərək, maraqlı detalları ortaya qoymağa çalışır. Belə bir məhsuldarlıq onun yüksək enerjili və intellektual potensialının zəngin olmasından xəbər verir.
Əsərlər Portuqaliya, İspaniya, İtaliya, Braziliya, Azərbaycan və Türkiyənin önəmli tarixindən bəhs etdiyindən həmin ölkələrdə maraqla qarşılana bilər.
Ameriqo Vespuççi haqqında və onun həmin dövrdəki məlum fəaliyyəti ilə bağlı yüzlərlə, bəlkə də minlərlə kitablar yazılmış və demək olar ki, florensiyalı kosmo-qrafın tarixdə qoyduğu izlə heç bir qaranlıq məqamlar qalmadığını zənn edirsən.
A. Humboldt, F. Varnhagen, R. Pombu, A. Slözkin, İ. Magidoviç, V. Magidoviç və digər alimlər Vespuççi haqqında kifayət qədər araşdırmalar aparmış və bir çox kitabları dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Demək olar ki, əsas məlumatlar və faktlar incə məqamları ilə ortaya qoyulubdur.
Çapa hazır olan “Ameriqo Vespuççinin məktubları plaqiatdır” əsərində müəllif sübut edib ki, Vespuççiyə dünya şöhrəti gətirmiş 32 səhifəlik məktub Peru Vaş Kaminya, Diyeqo Çanka və Kolumbun gündəliklərindəki bir çox sətirlərin surətləridir. Məktubların hansı şəraitdə, hansı tarixdə yazılması və onların qısa müddət ərzində bir neçə dilə tərcümə olunaraq, Avropanın bir çox ölkələrində yayılması, onu tanınmış səyyah kimi tanıtdırıl-masında müstəsna rol oynamışdır.
Tədqiqatçının qənaətinə görə Vespuççi Pireney yarımadasındakı öz fəaliyyəti ilə bağlı hesabatını Florentsi-yaya göndərəndə həmin namə hansısa bir naşirin əlinə keçir və o da öz növbəsində məktubu kitab şəkilində çap etdirir. Çoxsaylı oxucuda maraq oyatmaq üçün naşir, orada Vespuççi ilə bağlı verilən 1499-cu il səyahətini iki yerə bölərək, guya florentsiyalı mühasib Yeni Dünyaya 1499-cu ildən əlavə, həm də 1497-ci ildə də olubdur. O, öz məhsulunu daha cəlbedici göstərmək üçün, digər dəniz səyyahlarının Avropaya göndərdikləri cürbəcür məktublardan bir neçə abzasları da ora əlavə edibdir.
Bu müdafiə fəndi o qədər də effektli alınmır. Ona görə ki, həmin dövrdə, yəni Vespuççinin birinci məktubu ilk dəfə işıq üzü görən zaman həmin dövrün ən tanınmış dəniz səyyahları B. Diaş, Vasko da Qama, X. Kolumb, Pedru Kabral və digərlərinin yazdıqları məktublar nəinki dünya ictimaiyyətindən, hətta monarxlara yaxın olan əyanların özlərindən belə gizlin saxlanılırdı. Bununla da belə nəticə çıxarmaq olar, çap işi ilə məşğul olan naşirlərin başqa bir nüfuzlu dəniz səyyalarına əli çatmır və yalnız həmin şəxsin özü-öz haqqında hər hansısa bir materialı naşirlərə ötürə bilərdi.
Kitabdakı bir abzas müəllif qeyd edir: Florentsiyalı mühasib üçüncü səyahəti zamanı ekspedisiyanın rəhbərlərinin adını anonim şəkildə saxlasa da, artıq sübuta yetirilibdir ki, həmin ekspedisiyanın rəisi məşhur portuqal dəniz səyyahı Qonsalu Kuelyu olmuşdur. İş ondadır ki, nə Kuelyu, nə də ki, ekspedisiyanın başqa üzvləri bu haqda azacıq da olsun məlumat verməmişdilər. Həmin ifadələrlə Vespuççi nəinki yoldaşlarını və yaxud da həmkarlarını, hətta ona etibar etdiyi adamları və dostluq prinsiplərinə sadiq olan həmfikirlərini də aldatmışdır. Avantüraya əl atan adamın bununla nə etmək istədiyini başa düşmək çətin deyil. Onun bir məqsədi vardı, başqa dəniz səyyahlarına və tədqiqatçılarına nisbətən dünya ictimaiyyətinin fikrini, nəyin bahasına olursa-olsun, özünə cəlb etsin və hamı şübhə etmədən onu “Cənub” materikinin ilk səyyahı kimi tanısın.
Vespuççi elə zənn edirdi ki, güclü senzura altında olan Kolumbun gündəliyi məxfi sənəd kimi heç vaxt işıq üzü görməyəcək və dünya ictimaiyyəti onun yazdığı cəfəngiyyatlarına inanaraq, məhz onun ilk dəfə Yeni Dünya sahillərindəki “Cənub” materikinin kəşf etdiyinə inanacaqlar.
Bir sözlə, R. Dəniz məktubların tərtibatı zamanı Vespuççinin bir neçə mənbədən istifadə etməsini, sensassiya kimi alimlərin diqqətinə çatdırmaq istəyir.
Belə başa düşmək olar ki, 500 ildən çoxdur ki, həmin məktublara kifayət qədər lazımi diqqət yetirilməmiş, oradakı mühüm əhəmiyyət kəsb edən sətirlərin başqa məktublardakı sətirlərlə oxşarlıq təşkil etməsindən şübhələnməmişdilər. Bunu tapıb üzə çıxarmaq, müəllifin diqqətli olmasından xəbər verir. Yəni, R. Dəniz kifayət qədər elmi ədəbiyyatlar oxumuş, məşhur səyyahların materialları ilə tanış olmaqla yanaşı, onları analiz etməyi də bacarmışdı. Onun öz işinə məsuliyyətlə yanaşması göz qabağındadır.
R. Dəniz həm də novator yazıçıdır. O, tarixi-coğrafi macəra janrında 4 cildlik - “Yeni Dünya sahillərinə yollanan konkistadorlar”, “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya”, “Cənnətə gedənlər cəhənnəmə düşürlər” əsərlərini yazmış, ispan konkistadorlarının Cənubi Amerikada (əsasən Mərkəzi Çilidə) yaşamış hindulara qarşı gedən amansız müharinbənin bir hissəsini əks etdirməyə çalışıbdır. Bədii və publistik əsərlərə maraq göstərən Azərbaycan oxucuları müəllifin “Fitva”, “Aqibət”, “Ölüm qatarının sərnişini”, “Qismət”, “Həqiqət”, “Qəlblərdə yaşayan Mir Cəlal”, “Müqəddəs Luka məbədinin xilası”, “Holywood hakim rolunda” adlı kitabları ilə tanışdırlar.
R. Dənizin ictimaiyyətə təqdim etdiyi yeni əsər Ameriqo Vespuççinin bioqrafik tarixçəsinə, fərdi və ictimai fəaliyyətinə, dərin iz qoyub getdiyi tarixi səhifələrinə yenidən baxmaq üçün imkan yaradır və buradakı yeniliklər və yeni istiqamət coğrafiya tarixi ilə məşğul olan alimlərin diqqətini özünə cəlb edəcəkdir. Əminəm ki, alimlərin reaksiyası birmənalı olmayacaq və bu işdə ümumi qənaət əldə etmək üçün yeni ədəbiyyatlar ərsəyə gələcək.
Akademik Ramiz Məmmədov, direktoru, Dövlət Mükafatı laureatı,
AMEA-nın H. Əliyev adına Coğrafiya institunun
AMEA-nın həqiqi üzvü
9598