“PEDRU KABRALIN SƏYAHƏTİNİN SİRRİ” ADLI ƏSƏRİN ÖN SÖZÜ
Elmin bütün sahələri sərhədsiz böyük okeanın hüdudlarını xatırladır. Yeni-yeni araşdırmalar üzə çıxır və bunun sayəsində elmi-praktik konfranslar, elmi diskussiyalar təşkil olunur. Coğrafi kəşflər tarixinin araşdırılması, tədqiqi mürəkkəb sahə sayıldığından, burada özünü təsdiq edən araşdırmaçı və ya alim nadir hallarda dünya elm cəmiyyəti tərəfindən tanınır. Ona görə də bir mütəxəssis dayanmadan tədqiqatlarını davam etdirməli və ortaya yeniliklər gətirməlidir.
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü olmuş, “Qızıl qələm” mükafatı laureatı Ramiz Dəniz 38 ildir coğrafi kəşflər tarixini tədqiq edir və eyni zamanda həm bədii ədəbiyyatın bir neçə janrında, həm də elmi əsərlər yazır. Onun əsərləri Paris, London, Nyu-York, Praqa, Madrid, Pekin, Tokio, Moskva, Madrid və bir çox şəhərlərdəki kitabxanaların fonduna düşübdür. Müəllifin tərcümələrlə birlikdə 357 kitabı Avropanın elmi ədəbiyyat çap edən 20 nəşriyyatlarında ingilis, alman, rus, portuqal, ispan, italyan, fransız, polyak və holland dillərində çap olunub. 14 kitabı ispan dilində Uruqvayda işıq üzü görübdür. Onların əksəriyyəti 14 iri reklam şirkəti tərəfindən 50-dən çox xarici ölkələrdə yayımlanır. Müəllifin bir çox əsərləri mütəxəssislərin diqqətini özünə cəlb edibdir.
Əsərlərin müxtəlifliyi, geniş əhatəli, cürbəcür janrda olması, R. Dənizin kifayət qədər ədəbiyyatları, xüsusən də elmi, elmi-populyar kitabları oxuyub öyrənməsindən xəbər verir. Elə ona görə də o, Qərbi Avropanın dəniz səyyahları, coğrafiyaşünasları, xəritəşünasları, astronomları ilə, İslam aləminin coğrafiya sahəsindəki elm adamlarının fəaliyyəti ilə onlarla kitablar yazıbdır. Xristofor Kolumb, Ameriqo Vespuççi, Bartolomeu Diaş, Vasko da Qama, Pedru Alvareş Kabral, Duarti Paşeku Pireyra, Marko Polo, Fernan Magellan, Visente Yanyes Pinson, Alonso de Oxeda, Fernan van Olmen, Reqiomontan, Paolo Toskanelli, Martin Valdzemüller, Martin Behaym, Əhməd ibn Məcid, Süleyman əl-Məhri, Sidi Əli Çələbi, Piri Rəis, Nəsirəddin Tusi, Əbu Reyhan Biruni, əl-İdrisi, əl-Məsudi və dünyada tanınmış digər şəxslərin tarixdə qoyduqları izlərini araşdıraraq, bir çox qaranlıq mətləblərə aydınlıq gətirmişdir. Amerika qitəsinin həqiqətdə necə kəşf edildiyi, Braziliyanın kəşfindəki şübhələrin aradan qaldırılması, Kolumbun səyahət zamanı Marağa alimlərinin tərtib etdikləri coğrafi koordinatlar cədvəlindən istifadə etməsi, Vespuççinin məktublarının plaqiat olması, Amerikanın kəşf edilməsində onun fəaliyyətinin heçə endirilməsi və ümumiyyətlə böyük fırıldaqçı kimi tanınması alimlər arasında böyük maraq doğurur.
Bildirim ki, 2020-ci ildə Beynəlmiləl Dünya Yazıçılar İttifaqının təsis etdiyi Beynəlxalq Dünya Mükafatına 3 nominasiya üzrə və 2021-ci ildə Beynəlxalq Dünya Mükafatının Qran-Pri laureatı qalibi (1994-1996-cı illərdəki Birinci Çeçen müharibəsi ilə bağlı yazdığı “Müharibə və humanizm” əsərə görə) olubdur.
Beynəlxalq Azərbaycan jurnalı “İrs” (3) və AMEA-nın Coğrafiya insitutunun “Coğrafiya və təbii resurslar” adlı elmi jurnalında (4 elmi məqalə), o cümlədən Rusiya Coğrafiya Cəmiyyəti və Lev Qumilyov adına Mərkəzin saytlarında elmi məqalələri yerləşdirilibdir. Digər saytları nəzərə almasaq, müxtəlif dillərdəki 148 məqaləsi “Coğrafiya” Cəmiyyətinin və 70-dən çoxu “Aqra” EİDİB-in saytlarında dərc edilibdir.
Zəngin tarixi faktlarla, o cümlədən indiyə qədər heç bir elmi mənbədə göstərilməyən bəzi sensassion faktlarla bol olan materiallar, şübhəsiz ki, dünya alimlərinin marağına səbəb olacaq və bu kəşflərə xüsusi önəm veriləcək. Həm Amerika qitəsinin, həm də ayrılıqda Braziliyanın kəşfi, coğrafi kəşflər tarixi istiqamətində ən çox tədqiq olunan sahədir və bu mövzunun daha dərindən tədqiq olunması üçün adı çəkilən əsərlər əlverişli mənbə sayılacaq.
Müəllifin rus dilində yazdığı «Знаменитый лоцман Индийского океана Ахмед ибн Маджид» (“Hind okeanının məşhur losmanı Əhməd ibn Məcid”) əsərində maraqlı məqamlar həddindən çoxdur. Onların birində qeyd olunur ki, Vasko da Qama ərəb losmanı ilə Malindi limanında rastlaşmasa idi, onda portuqal dəniz səyyahı Hindistana dəniz yolunu kəşf edə bilməyəcəkdi. Yəni, səyahətin uzun çəkməsindən təngə gələn Vasko da Qama Avropaya qayıtmaq istədiyi bir məqamda, ibn Məcid portuqal donanmasını Hindistanın Kalikut limanına aparıb çıxarmışdır.
R. Dənizin başqa bir “Ameriqo Vespuççi, Martin Valdzemüller - gizlin sövdələşmə” əsərinə diqqət yetirək.
Müəllif sübut edibdir ki, Vespuççi şöhrət qazandığı məktubları Pedru Kabralın ekspedisiyasının iştirakçısı Peru Vaş Kaminyadan, Kolumbun 2-ci ekspedisiyasının iştirakçısı həkim Diyeqo Çankadan və elə Kolumbun öz gündəliyindəki abzaslardan (hətta bütünlüklə) istifadə etmişdi.
Ameriqo Vespuççinin məktubları bir yerə toplanaraq “Mundus Novis” (“Yeni Dünya”) adı altında bir braşüra şəkilində çap olunmuşdur.
İşin belə gedişatı, hətta dünyasını dəyişəndən sonra da florentsiyalı mühasibin xeyrinə işləyirdi və o, həqiqətən də beynəlxalq aləmdə, Yeni Dünyanı kəşf etmiş məşhur dəniz səyyahı kimi tanınmağa başlamışdı.
Əksəriyyət qaynaqlarda göstərilir ki, Vespuççi həmin qitəyə dörd dəfə 1497-1498, 1499-1500, 1501-1502 və 1503-1504-cü illərdə səyahət edib. Onlardan ikisini İspaniyanın, qalanlarını isə Portuqaliyanın təşkil etdiyi ekspedisiyalarda iştirakı göstərilibdir.
Maraqlı detal ondan ibarətdir ki, Vespuççi 8 il müddətində demək olar ki, istirahət etməmiş və yalnız yarımillik intervaldan sonra ağır transatlantik səyahətlərə yollanmışdır. Bu cür şücaəti nə Kolumb, nə Vasko da Qama, nə də ki, başqaları göstərmişdir. Hətta Kolumb Atlantik okeanının sularını fəth edəndə, birinci səyahətlə ikinci səyahət nəzərə alınmasa, o, ən azı iki illik fasilə vermişdi. Vespuççinin okeanın o biri tayına dörd dəfə səyahət etməsi inandırıcı görünmür. Bu fiziki cəhətcə mümkün deyildi.
Coğrafiya tarixi üzrə mütəxəssis olan C.Beyker yazır: “Vespuççinin dediyinə görə o, dörd dəfə səyahət edibdir - 1497, 1499, 1501 və 1503-cü illərdə. Bu məsələ ilə bağlı aparılan ən yeni və ümumilikdə tam əsaslandırılmış analizinə əsasən, birinci və dördüncü səyahətlər uydurmadır”.
Vespuççi ona dünya şöhrəti gətirən “üçüncü” səyahəti barəsində öz məktubunda, həmin ekspedisiyanın rəisi Q. Kuelyu haqqında bir kəlmə də olsun qeydiyyat aparmamış və bununla da ictimaiyyət arasında elə bir rəy yarat-mışdı ki, guya həmin ekspedisiyanın başında məhz özü durmuşdur.
Vespuççinin məlumatına əsasən onlar materikin 320 c.en dairəsində yerləşən məntəqəyə kimi gəlmiş və oradan cənub-şərq istiqamətində hərəkət edərək 520 c.en dairəsinə kimi gedib çıxmışdılar. Sual verilə bilər, nə məqsədlə onlar cənub istiqamətində bu qədər uzağa üzmüşdülər? Əgər Vespuççi 320 c.en dairəsindən birbaşa geri dönməyəcəkdirsə, onda elə Cənub materikinin şərq sahilboyu ilə aşağı düşməklə kifayətlənə bilərdi. Keyfiyyət baxımından bu çox yaxşı olardı. Çunki materikin şərq sahili ilə 520 c.en dairəsinə kimi aşağı düşməklə, o, həm La-Plata körfəzini, həm də Magellan boğazını kəşf edə bilərdi. Deməli o, heç cürə Cənub yarımkürəsinin 52-ci paralelinə qədər gedib çıxa bilməzdi. Bu fakt özü-özünə təkzib edilmişdi. Çünki Vespuççi qeyd edir ki, uzun səyahətdə olan ekipaj 33 gün müddətində 7000 km. şimal istiqamətində üzmüşdü. Necə olur ki, əldən düşmüş ekipaj, pis vəziyyətdə olan gəmilərlə iti surətli cərəyanları keçə-keçə 33 gün müddətində 7000 km. yol qət etsin?
Müəllifin güclü iddialardan biri isə Kolumbun hələ Amerikaya Birinci səyahətə yola düşməmişdən əvvəl Dördüncü qitənin varlığından xəbərdar olması, bu kəşf ilə bağlı yazılan bütün əsərləri təkzib edir. O, yola düşməmişdən əvvəl hansı marşrutla, hansı cərəyanla, hansı küləyin köməyi ilə üzəcəyini, Dördüncü qitənin Avropadan neçə kilometr aralıda yerləşdiyini, oraya neçə günə çatacağını əvvəlcədən bilirmiş. Bütün bunlar R. Dənizin «Интернациональный центр науки Марагинская обсерватория» (“Beynəlmiləl elm mərkəzi Marağa rəsədxanası”) və «500 летний секрет открытия Америки» (“Amerikanın kəşfinin 500 illik sirri”) adlı əsərlərində göstərilibdir.
Bir neçə maraqlı, səhifələrində oxucunu elmin müxtəlif məsələləri və bu məsələlərin təhlilinə həsr olunmuş fərdi düşüncələri ilə təəccübləndirən kitablarını oxumuşam.
R. Dənizin bir gözəl xüsusiyyəti də ondan ibarətdir ki, kitab halına gətirəcəyi mövzunu dərinliyinə qədər öyrənir. Tutaq ki, o yerdə söhbət Amerika və Braziliyanın həqiqi kəşfi kimi tarixi-coğrafi bir mövzudan gedirsə yazıçı dənizləri, okeanları, məhz o dövrə aid yer-yurd adlarını, coğrafi məkanları, dünyanın fiziki-coğrafi xəritəsini coğrafiya mütəxəssisi qədər mənimsəməsə yazmağa başlamaz. Açığı onun elə əsərləri var ki, oxuyanda elə sanırsan ki, bu kitabda məşhur fantastik yazıçıların, məsələn, dünya ədəbiyyatının görkəmli nümayəndələri Jül Vern, Aleksandr Düma, Rafael Sabatini, Robert Lüis Stivenson, Yakov Svet, Daniel Defonun... ruhları var.
Elmi-tədqiqat “Pedru Kabralın səyahətinn sirri” adlı əsərində Pedru Kabral ilə bağlı olan əsas faktların üzərindən xətt çəkilir. Burada portuqal dəniz səyyahının fəaliyyətinə yenidən baxılır və onun adı ilə bağlı olan bir çox tarixi məqamlar obyektiv dəlillərlə inkar edilir.
XVI əsrin astanasında baş verən hadisələrdə Portuqaliya krallığı mühüm rol oynamışdı. Atlantik okeanındakı adaların və Afrika sahillərinin tədqiqi sayəsində dünyanın coğrafı xəritəsində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermişdi. 1492-ci ildə İspaniyada rekonkista başa çatan kimi İspaniya krallığı da coğrafi kəşlərin həyata keçirilməsində öz töhvəsini verməyə başladı. İki krallıq arasındakı rəqabət naməlum ərazilərin sürətlə aşkarlanıb üzə çıxardı. 1494-cü ildəki Tordesilyas müqaviləsinə əsasən, Yer kürəsi Roma papası VI Aleksandr Bodciyanın bullası ilə iki hissəyə - Şərq və Qərbə bölünür. Həmin bölgüyə görə indiki Braziliyanın şərq hissəsi kəşf edilmədən Portuqaliyaya məxsus oldu. Lakin bunu rəsmi şəkildə qeydə almaq üçün oraya ekspedisiya göndərmək lazım idi. Çünki ispan dəniz səyyahları artıq Braziliya sahillərinə yaxınlaşırdılar.
1500-cü ildə portuqal kralı I Manuelin sərəncamına əsasən, Pedru Kabral Hindistana yola düşür və yolda azaraq, təsadüfən aprelin 22-də Braziliyanı kəşf edir. Lakin R. Dənizin araşdırmalarına görə bu kəşfin imitasiyası hələ Lissabonda təşkil edilmişdi. I Manuel onu həyata keçirmək üçün P. Kabralın səyahətindən istifadə etməyi qərara almışdı. Guya Braziliya kəşf edilmiş və bu xəbəri krala çatdırmaq üçün gəmi kapitanının birini Lissabona göndərmişdi. İş ondadır ki, həmin kəşf zamanı portuqallar özlərini elə aparırdılar ki, sanki böyük coğrafi əhəmiyyətə malik olan həmin ərazinin aşkarlanması portuqallarda elə bir heyrət doğurmamışdı. Müəllif tarixçi J. F. Roja Pombunun ifadələrini yada salır: “Kapitan-mor yolunu davam etdirməmişdən əvvəl, bu kəşf barəsində kralı məlumatlandırmaq üçün kapitan Qaspar de Lemuşu Lissabona yollayır. Elə həmin kapitanla ekspedisiya rəhbərinin hazırladığı məlumat, Peru Vaş de Kaminyanın və bakalavr Juanişin məktubları Don Manuelə göndərilir.
Göndərilən xəbər Lissabonda heç bir təəccüb doğurmur. Don Manuel bu haqda yalnız digər ölkələrin monarxlarını xəbərdar etməyə tələsir. Özü də bunu məntiqlə etmişdi. Böyük uğurun əldə edilməsinə əhəmiyyət verməyərək o, sadəcə olaraq “Asiyaya gedən dənizçilər üçün dayanacaq kimi istifadə ediləcək bir adanın tapıldığı...” haqda xəbər verirdi”.
R. Dəniz isə bu hadisəni inkar edir və əsərdə sübut etməyə çalışır ki, Kabral Braziliya sahillərinə yan almamış, sadəcə olaraq, əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə hərəkət etmişdi. O, bunu gedilən məsafənin uzunluğunun vaxtla uzlaşmadığını və okeanın naməlum akvatoriyasında məharətlə mənavr etməsini bildirir.
Əsərin yekununda müəllifin qənaəti belədir: “...Kabral səyahət zamanı Braziliyada olmamış və Yaşıl Burun adalarından birbaşa Afrikanın cənubuna yollanmışdı. Buna sübut isə Braziliya sahillərindən Afrikanın arasındakı 7200 km-lik məsafəni nəinki 25 günə, hətta 40 günə də üzmək mümkün deyildi. Həmin dövrdə mövcud olan karavella, karakka, nau (koqq), növlü yelkənli gəmilər ən sürətlisi sayılsa belə, həmin məsafə göstərilən müddətə qət edilə bilməzdi”. Onda belə bir sual yaranır: Bəs, Braziliyanı kim kəşf edibdir?
Müəllif bu sualı da cavabsız qoymayıbdır. Onun qəna-ətinə görə Braziliya 1494-cü ilin birinci rübündə Duarti Paşeku Pireyra tərəfindən kəşf edilibdir. R. Dəniz bunu çox mükəmməl şəkildə “Braziliyanın müəmmalı kəşfi” əsərində (kitaba dair rəy vermiş və ön sözü də özüm yazmışam) sübut etməyə çalışıbdır.
İctimaiyyətə təqdim etdiyim əsər Pedru Kabralın bioqrafik tarixçəsinə, fərdi və ictimai fəaliyyətinə, dərin iz qoyub getdiyi tarixi səhifələrinə, 1500-cü ildə baş vermiş Braziliyanın kəşfinə başqa bir rakursla nəzər yetirmək üçün imkan yaradır. Buradakı yeniliklər və yeni istiqamət coğrafiya tarixi ilə məşğul olan alimlərin diqqətini özünə cəlb edəcəkdir. Əminəm ki, alimlərin reaksiyası birmənalı olmayacaq və bu işdə ümumi qənaət əldə etmək üçün yeni ədəbiyyatlar ərsəyə gələcək.
Ramiz Məmmədov akademik,
Dövlət Mükafatı laureatı
AMEA-nın həqiqi üzvü,
AMEA-nın Həsən Əliyev adına
Coğrafiya İnstitutunun direktoru
8428