ALİMLƏRİMİZ ACİNOHUR ƏRAZİSİNDƏ İQLİM DƏYİŞMƏLƏRİNİN TƏSİRİNİ ÖYRƏNİBLƏR

03 Oktyabr 2021
Coğrafiyaçı alim ,şöbə müdiri, c.ü.f.d., dosent Mirnuh İsmayilovun rəhbərliyi ilə  c.ü.f. doktorları, dosentlər Səidə Zeynalova və Müseyib Yunusov  sentyabrın  24-dən 27-dək  Acınohur öndağlığı ərazisində elmi tədqiqat işləri aparıblar.  

Tədqiqatın məqsədi qobal iqlim dəyişmələri şəraitində Acınohur ön dağlıq ərazisinin su və meşə ekosistemlərinin dinamikasında baş verən aridləşmə tendensiyasının öyrənilməsidir.  Tədqiqat zamanı mütəxəssislər ərazidə son illər quraqlaşma prosesinin sürətləndiyini, bir sıra göllərin tamamilə quruduğunu, çaylarda suyun kəskin azalmasını və digər ekoloji problemlərin üzə çıxdığını müşahidə ediblər.

Əməkdaşların dediyinə görə, ərazinin ən böyük gölü olan Acınohur son 5-6 il ərzində iqlim dəyişmələri şəraitində  yay mövsümündə, demək olar, tamamilə quruyur. Tədqiqat zamanı müşahidə olunan 20-30 sm. su təbəqəsi iki gün davam edən intensiv yağıntıların  nəticəsi kimi qiymətləndirilir. İlin yay aylarında isə gölün dibi tam quru olub.

2015-ci ilin avqust ayında ərazidə tədqiqat aparan alimlər həmin dönəmdə gölün yalnız 4/1 hissəsinin quruduğunu, göldə çoxlu sayda flaminqo quşlarının üzdüyünü və orada yuva saldıqlarının şahidi olublar.  Hazırda isə əhali ilə söhbətlərdən tədqiqatçılar son illər həmin quşların ərazidə görünmədiyini,  quraq havalara görə ətraf ərazilərdə təsərrüfat işlərində böyük problemlər yaşandığını müəyyən ediblər.

Alimlər son zamanlar Acınohur öndağlığında salınmış qoz, zeytun, badam və alma ağaclarından ibarət geniş bağ plantasiyalarının əvəzinə quraqlığa davamlı,  demək olar ki,  suvarma  tələb etməyən püstə bağlarının (saqqız ağacı) salınmasını daha  məqsədəuyğun hesab edirlər.

Tədqiqat  Vəndam  çayinın dərəsi və sahilləri boyu formalaşmış ekosistemlərdə davam etdirilib. Ərazinin landşaft dinamikasını öyrənən tədqiqatçılar  landşaftların strukturunda gedən pozulma proseslərini müşahidə ediblər. Onlar Vəndam çay dərəsində tikilməsi planlaşdırılan Yengicə su ambarının inşasının ətraf ekosistemlərə təsirini qiymətləndiriblər. Alimlər tikinti zamanı nəzərdə tutulan 130 ha-dan çox meşə massivinin məhv olmasının subasar və ətraf landşaftların strukturunda böyük dəyişiklərə gətirib çıxaracağını proqnozlaşdırırlar.

https://www.youtube.com/watch?v=j_0w3HkaIpM

https://youtu.be/Q3nATve8LKw

https://youtu.be/RrM5n1uvkrU 

                                        

                

3405
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic