OKSFORD UNİVERSİTETİ AMEA-NIN YER ELMLƏRİ BÖLMƏSİNİN İNSTİTUT VƏ ELMİ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ QURMAQ NİYYƏTİNDƏDİR25 Noyabr 2021
Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce noyabrın 25-də Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinə daxil olan institut və elmi təşkilatların əməkdaşları üçün Oksford Universitetində Yer Elmləri sahəsinə aid aparılan elmi tədqiqatlar və Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihəyə dair məruzələrlə çıxış ediblər. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Böyük Britaniyanın Oksford Universiteti AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan institut və elmi təşkilatlarla yaxından əməkdaşlıq qurmaq niyyətindədir. Bununla bağlı tərəflər arasında onlayn görüşlər keçirildiyini və müzakirələr aparıldığını deyən baş direktor Oksford Universiteti nümayəndələrinin Azərbaycana səfərinin tanışlıq xarakteri daşıdığını bildirib. Q.Yetirmişli onu da qeyd edib ki, britaniyalı qonaqlar Şamaxı-İsmayıllı bölgəsinə səfər edərək tədqiqat poliqonlarında olublar. Tədbirdə Oksford Universitetinin professoru Riçhard Voalker Mərkəzi Asiyada tarixi zəlzələlər və aktiv qırılmalara dair aparılan elmi tədqiqatların nəticəsi haqqında məruzəsini təqdim edib. Qeyd edək ki, məruzədə kosmik peyk çəkilişləri nəticəsində zəlzələlərdən sonra Yerdə yaranmış aktiv qırılmalara dair əldə olunmuş məlumatlardan istifadə olunub. Britaniyalı alim Azərbaycan ərazisində də bu istiqamətdə elmi tədqiqat institutları ilə birgə elmi araşdırmalar aparmaq niyyətində olduqlarını deyib. Oksford Universitetinin əməkdaşı İan Pierce isə Azərbaycanla bağlı layihədə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzəni təqdim edib. Məruzələrin təqdimatından sonra britaniyalı qonaqlar iştirakçıların suallarını cavablandırıblar. https://science.gov.az/az/news/open/18917 8303
|
|