ZAKİR EMİNOV XƏZƏR ENERGETİK FORUMUNDA İŞTİRAK EDİB
10 Dekabr 2021
ACC-nin prezidenti vəzifəsini icra edən, coğrafiya elmləri doktoru Zakir Eminov Rusiya Federasiyasının paytaxtında keçirilən Xəzər Energetik Forumunda onlayn olaraq iştirak edib.
“Elm və Xəzər yenilikləri” Assosiasiyası tərəfindən təşkil edilən və Rusiya Elmlər Akademiyasının neft, qaz və kömür yataqlarının geologiyası və işlənməsi problemləri üzrə Elmi Şurası və eləcə də REA-nın neft, qaz, energetika sahəsi ilə məşğul olan elmi institutlarının həmtəşkilatçı olduqları tədbirdə Xəzəryanı dövlətlərin nümayəndələri iştirak ediblər.
Zakir Eminov c.ü.f.d. Zaur İmrani ilə həmmüəllif olduğu “Azərbaycan sektoru daxilində Xəzər hövzəsinin təbii mühitinin vəziyyətinin ekoloji qiymətləndirilməsi” adlı təqdimatla çıxış edib. Məruzədə bildirilibki, dünya okeanları ilə əlaqəsi olmayan dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizi böyük iqlim əmələgətirmə xüsusiyyətinə malikdir və unikallığı ilə seçilir. Belə ki, o, dünyanın ən böyük nərə balığı ehtiyatını (dünya ehtiyatının 90%-i) özündə qoruyub saxlayıb. Bu dəniz 500-dən çox bitki və 850 heyvan növünə sahiblik edir.
Alim Xəzər dənizinin ekoloji vəziyyətinə təsir edən faktorlardan söz açıb, Xəzəryanı ölkələrdən çay axımı ilə Xəzərə tökülən çirkləndiricilərin - zəhərli maddələrin təsnifatını aparıb, daşqınlar nəticəsində ölkəyə dəyən iqtisadi zərərlər və s. haqqında məlumat verib. Bildirilib ki, 2017-ci ildən etibarən hər il avqustun 12-sində Azərbaycanda “Xəzər dənizi günü” qeyd edilir.
Forum çərçivəsində “Xəzər dənizinə axan çayların hövzələrində enerji və neft-qaz sənayesi obyektlərinin inkişafında ekoloji məsuliyyət. Potensiallar və problemlər” mövzusunda fokus sessiyasının keçirilib.
8822