QARABAĞİN TƏBİİ-TƏSƏRRÜFAT SİSTEMLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLİB
26 Aprel 2022
Azərbaycan Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi olub.
Konfransda Yer Elmləri bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov, Bakı Dövlət Universiteti və Azərbaycan Pedaqoji Universitetinin coğrafiyaçı alim və mütəxəssisləri iştirak edib.
İclası giriş sözü ilə açan akademik F. Qədirov konfrans iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzu edib.
ACC-nin prezidenti vəzifəsini icra edən, coğrafiya elmləri doktoru Zakir Eminov tədbir iştirakçıları salamlayaraq, bugünkü konfransın “Şuşa ili”nə həsr olunduğunu diqqətə çatdırıb. O bildirib ki, xalqımız Qarabağı işğaldan azad etməklə tarixi ədalətin bərpasına və Azərbaycandan qoparılmış torpaqların özünə qaytarılmasına nail oldu. Üç onillik ərzində ermənilərin viran qoyduğu ərazilər indi artıq bərpa olunmağa başlayıb, tikinti, abadlıq işləri sürətlə davam edir, qaçqın və köçkünlərin tez bir zamanda öz yerlərinə qayıda bilmələri üçün dövlətimiz var gücü ilə çalışır. Bu isə böyük vəsait və zaman tələb edir. Hökumət tərəfindən xüsusi dövlət proqramı tərtib edilib, böyük maliyyə vəsaiti ayrılıb. Bu işlərin həyata keçirilməsi üçün elm adamları da öz sözünü deməlidir. Coğrafiya İnstitutu Qarabağ ərazisinin təbii-coğrafi şəraitinin tədqiqini, yenidən qiymətləndirilməsini, təbii ehtiyatlarından istifadənin öyrənilməsini öz üzərinə götürüb. İnstitut əməkdaşları eyni zamanda “Qarabağın coğrafiyası...” kitabını hazırlayıb çap etdiriblər.
İlin sonunadək Şuşanın coğrafiyasına həsr olunmuş kitabın nəşrinin nəzərdə tutulduğunu deyən İnstitut rəhbəri çıxış üçün sözü texnika elmləri doktoru Əhməd Məmmədova verib. Hidroloq alim şirkət rəhbəri olaraq Şuşanın su təminatı ilə bağlı görülən işlərdən, bu sahədə dövlət tərəfindən onlara həvalə olunmuş layihələrin icra vəziyyətindən, Zarıslı çayı üzərində Şuşanın içməli suya olan tələbatını ödəyə biləcək Zəfər və Qələbə su anbarlarıının yaradılması haqqındakı planlardan və s. danışıb.
Coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanov çıxışında belə konfransların keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib, onların eyni başlıq altında silsilə şəklində olaraq uyğun institutların və qurumların birgə təşkilatçılığı ilə keçirilməsini məqsədəuyğun hesab edib.
Sonra gündəliyə uyğun olaraq, konfrans işini c.e.d. Zakir Eminov, c.ü.f.d. Etibar Bədəlov və c.ü.f.d. H.Tahirovun sədrliyi ilə plenar və bölmə iclaslarınla davam etdirib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” iqtisadiyyatin ərazi təşkili, səhralaşma prosesi və onun risklərinin qiymətləndirilməsi, kəndlərin və kənd əhalisinin məskunlaşma xüsusiyyətləri, bioloji və landşaft müxtəlifliyi işğal və müharibədən sonrakı dövrdə, dağ yamaclarından səmərəli istifadənin problemləri, Qarabağ düzünün müasir təbii landşaftlarının dinamikası və antropogen transformasiyası, eləcə də Azərbaycan Respublikasında regionların davamlı inkişafi, şəhər məskunlaşmasının ərazi təşkili və regional problemləri, dağlıq regionlarda sel təhlükəliliyi, onların əhaliyə və təsərrüfat sahələrinə təsiri, davamlı inkişaf və yaşıl iqtisadiyyatın təşkili prinsipləri və s. mövzularda məruzələr dinlənilib.
Bildirilib ki, ilk dəfə olaraq Şərqi Zəngəzur ərazisində az meylli dağ yamaclarının mənimsənilmə məqsədilə iri miqyaslı meyllilik və baxarlılıq xəritələri tərtib edilib, ərazidəki mövcud dağ yamaclarında meyllilik dərəcələri əsasında müasir aqrotexniki qaydalara uyğun mənimsənilmə yolları müəyyənləşib. Ərazinin təbii şəraiti və mövcud bazar iqtisadiyyatının tələbləri nəzərə alınmaqla yeni təsərrüfat sistemlərinin yaradılmasına dair elmi təkliflər verilib.
İlk dəfə Qarabağ və Şərqi Zəngəzur əraziləri timsalında landşaft-ekoloji şəraitə və istiliklə rütubətin nisbətinə əsaslanaraq iri miqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib.
Adı çəkilən iqtisadi rayonlarında yaradılmaqda olan “Yaşıl” iqtisadiyyatın yeni “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, "Ağıllı şəhər", və "Ağıllı nəqliyyat" modelləri əhali məskunlaşması, istehsalın ixtisaslaşdırılması, yerli tələbatı ödəməsi və ixracat səviyyəsinə çatması, nəqliyyatın daxili və beynəlxalq şaxələndirilməsi-kompleks prioritetlər kimi növbəti mərhələdə Azərbaycan Respublikasının digər regionlarına transformasiya olunacaq.
Həmçinin qeyd olunub ki, regionlarında görülən işlərlə yanaşı yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidmətinin göstərilməsi, demoqrafik potensialın yerlərdə saxlanılması sahəsində problemlər hələ də qalır. Yerlərdə yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidməti göstərilməsi, demoqrafik potensialın saxlanılması sahəsində problemlər hələ də qalır. Regionlarda infrastruktur şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması birinci dərəcəli vəzifə kimi qarşıda durur.
Tədbirin sonunda əvvəlcədən iştirakçılara paylanmış qərar layihəsi müzakirəyə qoyulub. Müzakirələrdən sonra qərarın mətni yekun sənədi kimi qəbul edilib.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR REGİONLARINDA
TƏBİİ-TƏSƏRRÜFAT SİSTEMLƏRİNİN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ
MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANSIN
QƏRARI
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa olunması üçün təbii-coğrafi şəraitin və təbii ehtiyatların öyrənilməsi, “yaşıl iqtisadiyyata” əsaslanan davamlı sosial-iqtisadi inkişafın təminatı vacibdir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda ölkənin digər iqtisadi rayonları ilə inteqrasiyanın təmin olunması, onların iqtisadi, demoqrafik və təbii-coğrafi potensialından istifadə edilməsi lazım gəlir.
Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 26 aprel 2022-ci il tarixində elmi-praktiki konfrans keçirib.
Konfransın keçirilməsində məqsəd azad edilmiş ərazilərin təbii-iqtisadi potensialını müəyyən etmək, onlardan səmərəli istifadə istiqamətlərini göstərmək, regionun landşaft-ekoloji vəziyyəti haqqında toplanmış məlumatların elmi təhlilini aparmaq, təsərrüfat sahələrinin “yaşıl iqtisadiyyata” əsaslanan inkişafının həyata keçirilməsinin elmi əsaslarını göstərmək, əhalinin doğma yerlərə qayıdışının təşkili məqsədilə kəndlər, qəsəbələr və şəhərlərin bərpası yollarını müzakirə etməkdir. Konfransın işində həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ETSN, «Azərsu» ASC «Su-kanal» ET və L İnstitutunun alim və ekspertləri iştirak ediblər.
Konfransda çıxış edənlər göstəribər ki, uzun illər ərzində işğal altında qalan ərazilərdə yaşayış məntəqələri, infrastruktur şəbəkəsi, təsərrüfat obyektləri dağıdılmış, ərazilərin böyük hissəsi minalandığına görə istifadə dövriyyəsindən çıxmış, faydalı qazıntı yataqları amansızlıqla istismar edilmiş və talanmış, meşələr qırılmış, ekoloji vəziyyət gərgin xarakter almışdır.
Bununla yanaşı, Azərbaycanın apardığı məqsədyönlü tədbirlər bu problemin aradan qaldırılmasına yönəlmişdir. Keçən az vaxt ərzində nəqliyyat kommunikasiya şəbəkəsinin qurulması, ərazilərin minalardan təmizlənməsi, şəhərlərin inkişafı və yenidən qurulması üçün Baş planların təsdiqi işləri görülüb. Regionların inkişafı üçün kifayət qədər təbii-iqtisadi potensial vardır, onların təsərrüfat dövriyyəsinə cəlb edilməsi kimi vacib vəzifələr həll edilir, dünyanın aparıcı təcrübəsi tətbiq olunur. Konfrans iştirakçıları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təsərrüfatın və yaşayış məntəqələrinin bərpası istiqamətində aparılan təhlillərə əsasən aşağıdakı qərarı qəbul ediblər:
1.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıntıların miqyasını, şəhərlər, qəsəbələr və kəndlərin sayının, onların qeydiyyatda olan əhalisinin sayının çoxluğunu nəzərə alaraq bərpa-quruculuq, tikinti işləri həmçinin regionların təbii sərvətlərindən istifadə əsasında təsərrüfat obyektlərinin yaradılması mərhələli şəkildə və landşaft planlaşdırılması əsasında həyata keçirilməlidir.
2.Yaşayış məntəqələrinin bərpası prosesində rayon mərkəzlərinin yenidən qurulmasından başlanması zəruridir. İlk növbədə ölkənin mövcud nəqliyyat-kommunikasiya şəbəkəsinə yaxın olan Ağdam və Fizuli şəhərlərinin qurulması və onların ətrafında qəsəbələr kompleksi yaradılması məqsədəuyğundur. Bu yaşayış kompleksləri regionun demoqrafik potensialının yerlərə qayıdışı üçün də mühüm əhəmiyyət kəsb edir.
3.İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi bazasının qurulması demoqrafik potensiala uyğun şəkildə aparılmalıdır. Bu halda regionun demoqrafik inkişafının təmin edilməsi mümkün olar. Eyni zamanda əhalinin Milli – etnik tərkibinin nizamlanması, əmək ehtiyatlarına, ixtisaslı kadrlara tələbatı yerli əhali hesabını ödəmək olar.
4.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təsərrüfat sahələrinin bərpası və əhalinin qayıdışının təmin edilməsi iqtisadi və demoqrafik potensialın paylanmasında regionların payının artırılmasına imkan verəcəkdir. Hazırda bu sahədə Abşeronun payının yüksək göstəriciləri regionların inkişafında ciddi problemlər yaradır.
5.İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatına yararlı torpaqlar kifayət qədərdir. Düzənlik və dağətəyi ərazilərdə taxılçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, pambıqçılıq sahələrinin inkişafı üçün kifayət qədər torpaq-iqlim potensialı vardır. Onların səmərəli ərazi təşkili üçün ixtisaslaşmış iri təsərrüfatların yaradılması, onların maddi-texniki baza ilə təmin edilməsi vacibdir. Yalnız bu halda yeni üsulların tətbiqi, yüksək məhsuldarlıq əldə edilməsi mümkündür.
6.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan mədəni-tarixi, arxeoloji və təbiət abidələri, mineral bulaqlar, təbii coğrafi şərait turizm-rekreasiya komplekslərinin yaradılması üçün əlverişli imkanlar açır. Bu sahənin inkişafı üçün infrastruktur obyektləri şəbəkəsi qurulması tələb olunur. İlk növbədə mehmanxanalar ictimai-iaşə obyektləri, nəqliyyat-kommunikasiya şəbəkələri qurulması, reklam-informasiya sistemi qurulması vacibdir.
7.Regionun landşaft-ekoloji tarazlığının qorunması üçün meşə-bərpa işləri aparılması, qoruqların və Milli parkların bərpası, yenilərinin yaradılması, biomüxtəlifliyin tədqiqi sahəsində işlərin genişləndirilməsi vacibdir. İşğal dövründə ekoloji tarazlığa dəyən ziyanın müəyyən edilməsi və onların aradan qaldırılması işləri aparılmalıdır.
8.Regionun yeraltı və yerüstü su ehtiyatlarının öyrənilməsi işlərinin aparılması, çayların hidroenerji ehtiyatlarının qiymətləndirilməsi vacibdir. Ölkədə su ilə təminat sahəsində yaranan çətinliklərin aradan qaldırılmasında regionun su ehtiyatlarının səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir. Çaylarda yeni su anbarlarının təşkilinin texniki-iqtisadi və hidrotexniki əsaslandırılması vacibdir.
Konfrans iştirakçıları Coğrafiya İnstitutuna və onun rəhbərliyinə elmi tədbirin yüksək səviyyədə təşkilinə, keçirilməsinə və optimal iş şəraitinin təmin edilməsinə görə dərin minnətdarlığını bildiriblər.
8565