HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA EKOLOJİ SİYASƏT

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA EKOLOJİ SİYASƏT
 
Gülnarə MƏMMƏDOVA
Coğrafiya üzrə fəlsəfə doktoru Lənkəran Dövlət Universiteti
[email protected]
Leyla ŞAHBAZOVA
Magistr Lənkəran Dövlət Universiteti l
[email protected]
 
Heydər Əliyev haqqında danışarkən, çox zaman Onu, bir “dahi” kimi səciyyələndiririk. Bu fikir ulu öndərin yürütdüyü hərtərəfli inkişaf siyasətinə əsaslanır. Azərbaycanda elə bir fəaliyyət sahəsi yoxdur ki, zamanında dahi liderin diqqətindən kənarda qalsın. Bu gün müstəqil Azərbaycan Respublikasının sahib olduğu hər bir uğurun arxasında Heydər Əliyev ideyası vardır. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə inkişaf və yenidənqurma proseslərinin bütün sahələr üzrə paralel şəkildə təşkilində ekoloji problemlərin həlli məsələləri də öz yerini almışdı. Bu baxımdaqna, məqalədə Ümummilli lider Heydər Əiyevin ekoloji siyasətinin əsasını ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri təşkil edir.
Açar sözlər: Heydər Əliyev, ekologiya, ekoloji siyasət, ətraf mühit.
 

HAYDER ALIYEV AND ENVIRONMENTAL POLICY IN AZERBAIJAN

 Gulnara MAMMADOVA
PhD in geography Lankaran State University
[email protected]
Leyla SHAHBAZOVA
Master 
  Lankaran State University
[email protected]
 
When talking about Heydar Aliyev, he often characterizes him as a "genius". This idea is towards every development policy carried out by the great leader. There is no field of activity in Azerbaijan that could not be overlooked by a genius leader. Today, the idea of Heydar Aliyev is behind every success of the independent Republic of Azerbaijan. In the parallel organization of the development and reconstruction processes related to the development of the Heydar company in all areas, the issues of solving environmental problems also took their place. In the article, the basis of the national leader Heydar Aiyev's environmental policy was the improvement of the ecological situation, environmental protection and the use of natural resources.
Key words: Heydar Aliyev, ecology, environmental policy, environment.
 
Ekoloji problemlərin həll edilməsini daim diqqətdə saxlayan ulu öndər Heydər Əliyev xüsusi ilə yaşıllaşdırmaya böyük önəm verirdi. Çıxışlarının birində o, qeyd etmişdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü- özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” (https://president.az).
 
Heydər Əliyevin “Bakını yaşıllıqlar diyarına çevirək” təşəbbüsü ilə köhnə Bakıda yeni bağlar, xiyabanlar, yaşıllıq zonaları salınmışdı. Ulu öndər bu prosesin icrası məsələsinə məntiqi yanaşaraq qeyd etmişdi: “Bakı şəhərində 1 milyon 261 min adam yaşayır. Əgər şəhərin hər bir sakini bir neçə il ərzində ikicə ağac əkib yetişdirsə, Bakının ətrafında neçə-neçə park və meşə salınar”.
Qeyd etmək lazımdır ki, Bakının və ətraf ərazilərin yaşıllaşdırılması işləri bu ərazilərin su təchizatında baş verən irəliləyişlər nəticəsində mümkün olub. Bakının və ona yaxın rayonların tarixi problemlərindən biri məhz su qıtlığı idi. Abşeron yarımadasında su təchizatının yaxşılaşdırılması məqsədilə ötən əsrin 60-70-ci illərində Kür-Bakı su kəməri çəkilmişdir. Kəmərin tikintisinin qısa müddətdə yekunlaşmasında ümummilli lider Heydər Əliyevin “Ümumxalq tikintisi” adı altında respublikanın bütün tikinti təşkilatlarının işə cəlb edilməsi təşəbbüsü dururdu. Bu kəmər yeni salınan Günəşli, Əhmədli və Hövsan yaşayış massivlərini su ilə təmin etməyə imkan verdi. Bundan başqa “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində 1998-2005-ci illərdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür Sutəmizləyici Qurğular sistemində yenidənqurma işləri aparılmışdı. Nəticədə kompleksin emal gücü 9,5 kubmetrə çatdırılmışdı. Dünya Bankına edilən bu müraciət Respublika Prezidenti Heydər Əliyevin tapşırığına əsaslanırdı. Bunula da Bakının və ətraf ərazilərin əhalisi təmiz və keyfiyyətli su ilə təmin olundu. Sonrakı illərdə bu ərazilərdə su təchizatının daha da yaxşılaşdırılması işləri Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Dahi şəxsiyyətin hər bir ağaca verdiyi önəm ölkədə meşəsalma sahəsində də irəliləyişlərə səbəb oldu. Meşəsalma və meşələrin bərpası prosesi Heydər Əliyevin birbaşa göstərişləri əsasında həyata keçirildi. 1969-1982-ci illərdə ölkədə 51 min hektar sahədə yeni meşəliklər salınmış, 1989-1997-ci illərdə isə 45 min hektar sahədə meşə bərpa işləri aparılmışdır. Sonrakı dövlərdə meşəsalma və meşələrin bərpası işləri intensiv olaraq davam etdirilmişdir. Hal- hazırda respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni təşkil edir (http://eco.gov.az). Meşə fondunun mühafizəsi ilə bağlı meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırılmalarının qarşısının alınması, bərpa olunan meşə ehtiyatlarından səmərəli istifadənin təşkili məsələləri də ulu öndərin diqqətindən yayınmamışdır.
Respublikamızda kənd təsərrüfatının inkişafının aşağı səviyyəsi bu sahədə mövcud olan ekoloji problemlərin həllindən birbaşa asılı idi. Keçən əsrin 70-ci illərinə qədər Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə görə SSRİ-də ən geridə qalan respublikalardan biri idi. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı torpaqlardan səmərəli istifadə olunmurdu. Mövcud problemlərin aradan qaldırılması məqsədi ilə torpaqların yuyulması, hamarlama işlərinin aparılması, kompleks meliorasiya sistemlərinin yaradılması, suvarma şəbəkələrinin yenidən qurulması, su təchizatının yaxşılaşdırılması, yeni suvarma sahələrinin istismara verilməsi və.s tədbirlər birbaşa Heydər Əliyevin göstərişi və nəzarəti altında həyata keçirilirdi.
Heydər Əliyev fəaliyyətində ekoloji siyasətin bir parçası kimi təbii ehtiyatlardan səmərəli istifadə məsələləri də mühüm yer tutur. Ulu öndər Azərbaycanın yeraltı və yerüstü təbii sərvətlərinin aşkarlanması və qiymətləndirilməsinə böyük önəm verirdi. O, iqtisadiyyatın inkişafı ilə təbii sərvətlərdən istifadənin düzgün təşkil olunması arasındakı bağlılığı əsas götürərək, bu sahədə planauyğun və kompleks yanaşmanı irəli sürdü. 1969-cu ildə Respublikanın Faydalı Qazıntılarının Dövlət Balansında cəmi 65 yataq qeydiyyatda idi. Hal- hazırda isə bu rəqəm 500-ə yaxındır. Dövlət balansındakı yataqlara qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu- bromlu sənaye suları daxildir. 1969-cu ilədək Azərbaycanda bir ədəd belə olsun qızıl yatağı qeydə alınmamışdır (Hüseynov, 2015). Hazırda respublikamızda bu qiymətli metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Respublika
 
Prezidenti Heydər Əliyev “Azərqızıl” Dövlət Şirkəti ilə Amerikanın “P.V.İnvestment” Qrup Servisis LLS” Şirkəti ilə sazişin imzalanması mərasimində çıxışı zamanı qeyd etmişdir: “Bildirmək istəyirəm ki, iqtisadiyyat sahəsində indiyədək gördüyümüz işlər, həyata keçirtdiyimiz tədbirlər, atdığımız addımlar və imzaladığımız müqavilələr Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycan Respublikası əhalisinin, vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün edilibdir”.
Ekologiya və ətraf mühitin qorunması sahəsində dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edilməsi ideyası da məhz ümummilli liderə məxsusdur. Heydər Əliyevin hakimiyyəti dövründə BMT, YUNEP, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf bankı ilə, eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, MDB ölkələri və digər ölkələrlə qısa müddət ərzində geniş əlaqələr qurulmuş, müqavilələr imzalanmışdır.
Müstəqil Azərbaycanda mövcud ekoloji problemlərin aradan qaldırılması və ətraf mühitin mühafizəsi tədbirləri ilə yanaşı yeni nəsildə ekoloji təfəkkürün formalaşdırılması da görülməsi vacib işlərdən biri idi. Heydər Əliyevin 1999-cu il 15 iyun fərmanı ilə “Azərbaycan Respublikasında təhsil islahatı” proqramı müvəffəqiyyətlə reallaşmağa başladı. Ümumtəhsil islahatı dövründə ekoloji təhsil daha məqsədyönlü və intensiv həyata keçirildi. 22 yanvar 2003- cü ildə ümummilli lider “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” fərman verdi. Bu fərman ilə ekoloji təhsil sistemində yeni ixtisaslar yaranmış, ekologiyanın elmlərarası əlaqələri daha da genişləndirilmişdir (Göyçaylı, 2023). Bu gün abituriyentlər ekologiya ixtisaslarına, xüsusilə də ekologiya mühəndisliyi ixtisasına böyük maraq göstərirlər. Respublikamızın ali təhsil müəssisələrində ekologiya ixtisası üzrə proqramın məqsədi ekologiya sahəsində yüksək səviyyəli mütəxəsislər hazırlamaqdan ibarətdir.
Heydər Əliyevin həyata keçirtdiyi ekoloji yönümlü tədbirlərin səmərəliliyi, onların ardıcıl, müntəzəm və sistem xarakter almasından irəli gəlirdi. Məhz bu siyasətin nəticəsidir ki, respublikamızın ərazisi və onun Xəzər dənizinə aid akvatoriyası geoloji öyrənmə baxımından dünyanın ən mükəmməl öyrənilmiş ərazilərindəndir. Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyduğu irs tükənməzdir. Çıxışlarında insanın təbiətdən asılılığını vurğulayan ulu öndər ətraf mühitin mühafizəsində əsas məqsədlərin təbiəti gələcək nəsillər üçün qoruyub saxlamaq, insanların mədəni səviyyəsini və həyat tərzini yüksəltmək olduğunu bildirmişdi.
Ümummmilli liderin ekologiya sahəsində gördüyü genişmiqyaslı və coxcəhətli işlərdən ən başlıcası Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin yaradılması idi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərəvtlər Nazirliyi - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik Ulu öndər Heydər Əliyevin 2001- ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi və “Azərmeşə” İstehsalat Birliyi ləğv edildikdən sonra onların bazasında yaradılmışdır. Respublika Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Hal-hazırda Nazirlik biomüxtəliflik, Xəzər dənizi, meşələr, hidrometeorologiya və geologiya istiqamətlərində fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Bundan əlavə Azərbaycan Respublikasının "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna müəyyən dəyişikliklər edilmişdir. Dəyişikliklər
 
Azərbaycanda ilk dəfə xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü- geoloji parkların yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilməsinə xidmət edir.
Ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası ölkənin davamlı inkişaf konsepsiyasının tərkib hissələrindəndir. Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən Respublikamızda mövcud olan ekoloji problemlər aşağıdakılardır: su ehtiyatlarının çirklənməsi; tullantı sularının idarə olunması; atmosfer havasının çirklənməsi; torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.); bərk məişət və sənaye, həmçinin təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması; biomüxtəlifliyin, o cümlədən flora, fauana və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi; yaşayış məskənlərinin genişlənməsi ilə bağlı antropogen təsirlər və s.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf , Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu ekoloji planların hər birini böyük diqqətlə həyata keçirirlər. Ölkə rəhbərliyinin və aidiyyati dövlət orqanlarının Respublikamızın ekoloji inkişafı istiqamətində gördükləri işlər saymaqla bitməz.
2007-ci il martın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli qoyulub. Bu layihə insanların dünyanın ən keyfiyyətli içməli su ilə təmin olunmasına şərait yaratdı. Su kəmərinin ölkə üçün böyük əhəmiyyətini qeyd edən İlham Əliyev istifadəyə verilməsindən sonra su kəmərinin Azərbaycan xalqına uzun illər xidmət edəcəyini vurğulamışdır. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılmışdır. Hazırda diametri 2000 mm olan bu kəmərlə Bakı şəhərinə saniyədə 5 kub metr su verilir (https://files.preslib.az).
Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevin Fransanın “La Lettre Diplomatigue” jurnalına verdiyi müsahibəsindən bir parçaya nəzər salaq: “Ətraf mühitlə bağlı məsələyə gəlincə, deyə bilərəm ki, bu sahədə Sovet İttifaqından çox mənfi bir miras qalmışdır. Belə ki, o zamanlar ekologiya haqqında anlayış belə yox idi. Heç kim təbiətin vəziyyətinə fikir vermirdi. Hazırda bu sahəyə ölkəmizdə böyük diqqət yetirilir. Mənim tərəfimdən imzalanmış sərəncam əsasında ekologiya sahəsində proqram qəbul olunmuşdur. Biz bu proqram çərçivəsində gələn 5-10 il ərzində yüz milyonlarla dollar sərf edərək, Bakı ətrafında və digər yerlərdə neftlə çirklənmiş gölləri tamamilə təmizləyəcəyik”.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi ekoloji problemlərin həll olunmasında səmərəliliyin artırılması üçün görülməsi vacib olan işlərdən biri də cəmiyyətdə ekoloji təfəkkürün formalaşdırılmasıdır. Ekoloji təfəkkürün formalaşdırılması ilk növbədə ailə və uşaq bağçalarında başlamalı, daha sonra məktəblərdə davam etdirilməlidir. Bu gün ekoloji təhsil və tərbiyə məsələləri yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biridir. Ekoloji təhsil və tərbiyə şagirdləri yaradıcılıq və tədqiqatçılıq xarakterli işlərə sövq etməklə yanaşı, onları müəyyən ixtisas və peşəyə yönəltməyə kömək edir. Təəssüf ki, hal- hazırda Azərbaycanda uşaqlar, şagirdlər, tələbələr, ümumilikdə ictimaiyyətin ekoloji mədəniyyət, şüur və psixologiyası lazımlı səviyyədə deyil. Respublikamızda yüksək ixtisaslı ekoloji kadrların (ekoloji mühəndislər, ekspertlər, hidrobioloqlar, iqlimşünastlar, meşə mühəndisləri və.s) hazırlanmasına ehtiyac vardır. Məhz bu səbəbdən ölkə hakimiyyəti tərəfindən ekoloji inkişafa nail olmaq üçün ölkə əhalisinin maarifləndirilməsi və

məlumatlandırılması məqsədilə dövlət proqramları qəbul edilir, onların icrası məsələlərinə böyük diqqət yetirilir.
2010-cu ildə respublikamızda ekoloji problemlərin həll olunması istiqamətində böyük canlanma müşahidə olundu. Buna səbəb Respublika prezidenti cənab İlham Əliyevin 2010-cu ili ölkəmizdə “Ekolojiya ili” elan etməsi idi. “Ekologiya ili”ni yüksək səviyyədə keçirmək məqsədilə tədbirlər planı hazırlanmış, həmin tədbirlərin reallaşdırılması üçün dövlət büdcəsindən, eləcə də beynəlxalq maliyyə qurumlarından lazımi qədər maliyyə vəsaiti cəlb edilmişdir. Hər il respublikamızda mövcud ekoloji problemlərin həll olunması və təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən böyük miqdarda maliyyə vəsaiti ayrılır. Prezident İlham Əliyev çıxışlarının birində bu məsləyə toxunaraq, qeyd etmişdir: “Dövlətimizin iqtisadi imkanları artdıqca biz ekoloji problemlərin həllinə daha çox diqqət ayırırıq”.
2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində tarixi zəfər çaldığımız 44 günlük müharibədən sonra, işğaldan azad edilən torpaqlarımızın bərpası istiqamətində dövlət tərəfindən genişmiqyaslı işlərə başlanıldı. Uzun illər düşmən tapdağı altında qalan ərazilər ekoloji cəhətdən böhran həddinə çatmışdı. Qarabağın biomüxtəlifliyini, torpaq və su ehtiyatlarını yenidən öyrənmək, bərpa və inkişaf etdirmək məqsədilə burada elmi tədqiqatlara başlanılmış, bu istiqamətdə mühüm addımlar atılmışdır. Görülən tədbirlərə Şuşada Topxana meşəsinin bərpası və ağacəkmə aksiyası, Füzulidə yaradılan park, Cəbrayılda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi və.s misal çəkmək olar.
Məlumdur ki, Təbiət özünübərpa mexanizminə malikdir. Bu mexanizm təbii fəlakət hadisələri zamanı əmələ gələn ekoloji problemlərin müəyyən zaman çərçivəsində minimuma enməsini təmin edir. Təsadüfi deyil ki, Yer səthində ekoloji böhran vəziyyətli ərazilərin arealı məhz antropogen landşaft daxilindədir. Son iki əsrdə insanın antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, təbii sərvətlərin, ekosistemlərin, ümumilikdə biosferin normal ahəngi tamamilə pozulmuşdur. Ekoloji tarazlığı pozan amillərə müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları, kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələr və.s daxildir. Ölkəmiz də bu mənfi amillərin təsirindən kənarda qalmır. Əfsuslar olsun ki, Respublikamızın günü-gündən yüksələn hərtərəfli inkişafı öz fonunda ekoloji problemlər gətirir.
Biz təkcə mövcud ekoloji problemləri həlli yollarını deyil, gələcəkdə mövcud olacaq ekoloji problemlərin həllini düşünməliyik. Bu məqsədlə ekoloji təfəkkürə malik, ekoloji məsuliyyətli, əhatəli ekoloji təhsil və tərbiyə almış, ən əsası ana təbiəti sevən vətəndaşlar yetişdirməliyik. Biz qoca dünyanın bir parçası olan müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq, təkcə füsunkar təbiətə malik ölkəmizin ekologiyasına deyil, dünyanın ekoloji mənzərəsinə nəzər salmalı və bu sahədə üzərimizə düşən bəşəri vəzifələri yerinə yetirməliyik.
 

Ədəbiyyat

  1. Hüseynov B. Azərbaycan təbiəti: dünən, bu gün, sabah. Bakı: Vətənoğlu, 2015, 496 s.
  2. Göyçaylı Ş. Heydər Əliyevin irsi bütün dövrlər üçün önəmlidir. Azərbaycan qəzeti. 16.02.2023.
  3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytı. http://eco.gov.az.
  4. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. https://president.az.
  5. İlham Əliyevin Ekoloji siyasəti. https://files.preslib.az.
Məqaləni buradan yükləyə bilərsiniz.
5514
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic