COĞRAFİYANIN MÜASİR PROBLEMLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

01 Dekabr 2022
ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbir Azərbaycan Coğrafiya Cəmiyyəti, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu,  Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova) və Təbriz Universitetinin (İran) təşkilatçılığı ilə baş tutub.

ACC-nin prezidenti, Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edərək tədbirdə yaxından iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirib. İştirakçıları konfransın proqramı ilə tanış edən müəssisə rəhbəri son illər dünyada baş verən iqlim dəyişikliyi, Xəzər dənizindəki səviyyə tərəddüdləri, içməli su ehtiyatlarının qıtlığı, turizm və rekreasiya potensialının tədqiqi, ekologiya və demoqrafiya problemləri, Qarabağın coğrafiyasının dərindən öyrənilməsi kimi məsələlərin mühüm rol oynadığını diqqətə çatdırıb və sözü şöbə müdiri, c.ü.f.d. Zaur İmraniyə verib.

Zaur İmrani tədbirə Azərbaycan, Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən olmaqla,  ümumilikdə, 14 ölkədən 150-yə yaxın iştirakçının müraciət etdiyini, göndərilən məqalələrdən 102-sinin konfransda məruzə edilmək üçün elmi heyət tərəfindən qəbul edildiyini diqqətə çatdırıb.

BDU-nun coğrafiya fakültəsinin dekanı, c.e.d., professor Fərda İmanov, Qırğızıstan Respublikasının təhsil və elm naziri, professor Ulanbek Mammbetakunov, Moldovanın Tiraspol Dövlət Universitetinin rektoru, professor Eduard Coropceanu, BDU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, Türkiyənin Bursa şəhərinin Uludağ Universitetinin dekanı, professor Salih Chepni, Türkiyənin Bolu Abant İzzet Baysal Üniversitetinin professoru Himmet Karadal, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, dosent Bahadur Bilalov, İranın Təbriz Universitetinin kafedra müdiri, professor Xəlil Vəlizadə, Banqladeş Coğrafiya Cəmiyyətinin baş katibi Nurul İslam, BDU-nun dekan əvəzi, professor Məqsəd Qocamanov, BDU-nun kafedra müdiri, professor Şövqi Göyçaylı, Tbilisi Dövlət Universitetinin direktoru, professor Tamara Tsutsunava, Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Dilfuzə İmomova, Azərbaycan Coğrafiya İnstitutunun şöbə müdiri, c.e.d. Səid Səfərov konfransın açılış mərasimində çıxış edərək, konfransda müasir coğrafiyanın problemləri və həlli yolları, elmlə təhsilin inteqrasiyası istiqamətində maraqlı məruzələr dinləniləcəyini, fikir mübadiləsi aparılacağını bildirib, konfransın işinə uğurlar arzu ediblər.

Fasilədən sonra konfrans işini bölmələr üzrə müxtəlif seksiyalarda davam etdirib.

2 günlük konfrans zamanı coğrafiyanın demək olar ki, bütün sahələrini əhatə edən mövzular üzrə 50-dən artıq məruzə dinlənilib, müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Konfransı keçirməkdə əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını tapmaqdan ibarət olub.




28
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic