CC-NİN RUSİYA COĞRAFİYAÇILARI İLƏ ELMİ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR
03 fevral 2025
Rusiyanın Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının dosentləri, coğrafiya elmləri namizədləri Danşin Aleksandr və Qoryaçko Mariya fakültənin bir qrup bakalavr, magistr və doktorantı ilə birgə Azərbaycan Coğrafiya Cəmiyyətində və Coğrafiya İnstitutunda olublar.
Xəzər dənizinin Azərbaycan sahillərinin müasir vəziyyətini öyrənmək və Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu ilə tanışlıq məqsədilə ölkəmizdə səfərdə olan ekspedisiya üzvləri ilə Coğrafiya Cəmiyyətinin uyğun sahələrini əhatə edən coğrafiyaçıların görüşü təşkil edilib.
Coğrafiya Cəmiyyəti və Coğrafiya İnstitutu haqqında qonaqlara tanışlıq verən prezident Zakir Eminov müəssisənin tədqiqat sahələri, elmi şöbələri, görkəmli alimləri, elmi nailiyyətləri, yeni nəşrləri və s. haqqında məlumat verib.
Nümayəndə heyətinin rəhbəri A.Danşin MDU-nun coğrafiya fakültəsinin fəaliyyətindən danışıb və bildirib ki, onlar Xəzər dənizinin səviyyə problemi ilə əlaqədar Bakıya gəlməkdən əvvəl Qazaxıstanın Astana şəhərində olublar və bu günlərdə Sumqayıt və Lənkəran şəhərlərinə gedəcəklər.
Tədbirdə Cəmiyyətin prezidenti, prof. Zakir Eminov başda olmaqla, şöbə müdirləri – professor Əmir Əliyev, c.e.d. Səid Səfərov və Müseyib Yunusov, elmi katib c.ü.f.d. Səidə Zeynalova, c.e.d. Starə Tarixazər və qonaqların iştirakı ilə qlobal istiləşmə və onun Xəzər dənizinin səviyyəsinə, eləcə də insan orqanizminə təsiri, Xəzərdə və çaylarda suyun azalması, demoqrafik problemlər, ekoturizm, təsərrüfatın və nəqliyyatın ərazi təşkili, siyasi-coğrafi problemlərin həlli istiqamətləri və s. bu kimi məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Hər iki müəssisə arasında elmi əlaqələrin davamı və möhkəmləndirilməsi barədə razılığa gəlinib.
Sonda tərəflər qarşılıqlı olaraq bir-birlərinə hədiyyələr təqdim ediblər.
.jpg)





48