COĞRAFİYAÇI ALİMLƏR XƏZƏRYANI ƏRAZİLƏRDƏ ÇÖL TƏDQİQAT İŞLƏRİ APARIBLAR

01 Avqust 2025
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi ilə əlaqədar  akademik H.Əliyev adına Coğrafiya İnstitutunun alimləri Xəzər dənizində su səviyyəsinə iqlim dəyişmələrinin uzunmüddətli təsirinin qiymətləndirilməsi və sahilboyu ərazilərin landşaft-ekoloji şəraitində baş verən dəyişikliklərin tədqiqi məqsədilə çöl tədqiqat işləri aparıblar. 
  Ekspedisiya İnstitutun “Landşafşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşları – şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov başda olmaqla aparıcı elmi işçi c.ü.f.d. Səidə Zeynalova  və elmi işçi Emil Cəbrayılovun iştirakı ilə  Masallı, Neftçala, Lənkəran və Astara rayonlarının dənizsahili ərazilərində baş tutub.
Tədqiqatın əsas məqsədi iqlim dəyişmələri şəraitində təbii və antropogen ekosistemlərin inkişaf tendensiyalarında yaranan meyllərin və bu sistemlərin struktur-funksional xüsusiyyətlərindəki dəyişikliklərin, həmçinin ekogeokimyəvi şəraitin kompleks şəkildə öyrənilməsi, eləcə də böyük miqyaslı (1:100.000) landşaft-ekoloji rəqəmsal xəritələşdirmənin aparılması olub.
Tədqiqatların ilkin nəticələrinin təhlili göstərib ki, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişmişdir.
 Ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlamışdır.
 Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşmüş və akval ekosistem pozulmuşdur. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunmuş və dəniz burada 1,5–2 km geri çəkilmişdir.
Əldə edilmiş məlumatlar əsasında Ələt–Astara sahilboyu zonasında ekosistemlərin qruplaşdırılması və müvafiq landşaft-ekoloji rayonlaşdırmanın aparılması məqsədilə məlumat bazası formalaşdırılib.
Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalib. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunmaqdadır. Eyni zamanda, sahilə yaxın dağlıq ərazilərdə yeni aşkar edilmiş diogenezlərin öyrənilməsi istiqamətində də tədqiqatlar davam etdirilib. Hazırda çöl şəraitində toplanmış materialların kameral öyrənilməsi prosesi davam edir.
Ekogeokimyəvi şəraitin qiymətləndirilməsi məqsədilə götürülmüş bitki, süxur və torpaq nümunələrinin kameral analizləri hazırda davam etdirilir.
Dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyllərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır. Həmçinin səviyyənin düşməsinin antropogen ekosistemlərə təsiri də qiymətləndirilib. 
 Diogenez özünə məxsus kimyəvi, fiziki, biolojı şəraitdə əmələ gələn, az tapılan süxur nümünəsidir və Azərbaycanda ilk dəfə həmin ərazidə qeydə alınmışdır.

                                                  Şəkil: Sara adasının şərq sahilləri.
 
 
 
 
 
 






 

 
59
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic