Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssisləri, gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın əsasını qoyub.
Zaur İmrani qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik ənənələrinin formalaşmasında, demokratik dəyərlərin təşəkkülündə və milli kimliyin möhkəmlənməsində mühüm rol oynayıb.
Tədbirdə daha sonra İnstitutun “Coğrafi ekologiya” laboratoriyasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, ölkənin ictimai-siyasi həyatında oynadığı rol və müstəqillik ideyalarının formalaşmasındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Ənvər Əliyev bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti elan olunub və bununla da müsəlman Şərqində ilk parlamentli demokratik respublika yaradılıb.O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi mürəkkəb ictimai-siyasi şəraitdən, həmin dövrdə regionda baş verən hərbi-siyasi proseslərdən, ölkənin ərazi bütövlüyü uğrunda aparılan mübarizədən və dövlətçiliyin qorunması istiqamətində görülən tədbirlərdən bəhs edib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı tarix boyu müstəqillik uğrunda mübarizə aparıb və bu ənənə bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun aparıcı dövlətlərindən birinə çevrilib.




