COĞRAFİYA İNSTİTUTUNUN NÜMAYƏNDƏLƏRİ VIII AVRASİYA BEYNƏLXALQ KONFRANSININ (RİSK-2026) MİNGƏÇEVİR MƏRHƏLƏSİNDƏ İŞTİRAK EDİBLƏR

26 Oktyabr 2026

2026-cı il oktyabrın 23-də Mingəçevir şəhərində “Torpaq bəndlərində kaskad qəza riskləri” mövzusuna həsr olunmuş VIII Avrasiya Beynəlxalq Konfransı (RİSK-2026) çərçivəsində elmi tədbirlər davam etdirilib. Konfransın ikinci günündə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun rəhbərliyi və elmi əməkdaşları iştirak ediblər.

Oktyabrın 22–24-də Bakı və Mingəçevir şəhərlərində keçirilən beynəlxalq konfrans Mingəçevir Dövlət Universiteti və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, AMIR Texniki Xidmətlər Şirkəti, Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyası (ESRA), Gürcüstanın Tbilisi Dövlət Universiteti, Vyetnamın Cənub-Şərqi Asiya Su Ehtiyatları və Ətraf Mühit İnstitutu, İtaliyanın Milan Politexnik Universiteti və Beynəlxalq Suvarma və Drenaj Komissiyasının (ICID) tərəfdaşlığı ilə təşkil olunub.

16 ölkədən alim və tədqiqatçıların qatıldığı, ümumilikdə 110 elmi tədqiqat işinin təqdim olunduğu konfrans su ehtiyatlarının dayanıqlı idarə edilməsi, hidrotexniki qurğuların təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı ekoloji və sosial-iqtisadi risklərin qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin qarşısının alınması istiqamətində elmi yanaşmaların müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayıb.

Konfransın Mingəçevirdə keçirilən tədbirlərində AR ETN Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Anar Eminov və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhmasib Hüseynov çıxış ediblər. Çıxışlarda su və enerji infrastrukturlarının təhlükəsizliyi, iqlim dəyişiklikləri fonunda yaranan risklərin qiymətləndirilməsi, elmi tədqiqatların praktiki əhəmiyyəti və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində “Mingəçevirdə su təhlükəsizliyinin gələcəyi” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə iştirak edən Coğrafiya İnstitutunun direktoru Zaur İmrani su ehtiyatlarının səmərəli idarə olunması, hidrotexniki qurğuların etibarlılığı, ekoloji risklərin azaldılması və su təhlükəsizliyinin təmin edilməsində elmi tədqiqatların rolu ilə bağlı müzakirələrə qatılıb. İştirakçılar regional su təhlükəsizliyinin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Konfransın elmi proqramında Coğrafiya İnstitutu əməkdaşlarının həmmüəllifi olduqları tədqiqatlar da təqdim edilib. Elmi işlərdə Azərbaycanda regional iqlim dəyişikliklərinin Kür çayının axımına təsiri, hidrotermik amillərin radiasiya-enerji ehtiyatlarının formalaşmasındakı rolu, potensial biokütlə məhsuldarlığının qiymətləndirilməsi və təbii ehtiyatlardan dayanıqlı istifadə kimi aktual məsələlər araşdırılıb.
Konfransın elmi bölmə iclaslarında Kür-Araz hövzəsində daşqın təhlükələrinin qiymətləndirilməsi, su anbarlarında kaskad qəza risklərinin modelləşdirilməsi, iqlim dəyişikliklərinin hidroloji sistemlərə təsiri, coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi, eləcə də süni intellekt əsasında erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində məruzələr dinlənilib.

Konfrans çərçivəsində Avropa Təhlükəsizlik və Etibarlılıq Assosiasiyasının Cənubi Qafqaz üzrə seminarı da təşkil olunub. “Kür çayı hövzəsində bəndlərin kaskad dağılma risklərinin qiymətləndirilməsi və modelləşdirilməsi” mövzusuna həsr olunan seminarda hidrotexniki infrastrukturların təhlükəsizliyinin artırılması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və müasir modelləşdirmə texnologiyalarının tətbiqi imkanları müzakirə edilib.

Coğrafiya İnstitutunun beynəlxalq konfransın təşkilində və elmi proqramında iştirakı institutun su ehtiyatları, iqlim dəyişiklikləri, hidroloji təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində apardığı tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət daşıyıb.

Tədbir, həmçinin, institutun xarici elmi-tədqiqat müəssisələri ilə əlaqələrinin genişləndirilməsinə, elmi təcrübə mübadiləsinə, birgə tədqiqat təşəbbüslərinin inkişafına və regional ekoloji problemlərin həllinə yönəlmiş əməkdaşlıq imkanlarının artırılmasına şərait yaradıb.

Qeyd edək ki, konfrans çərçivəsində təqdim olunan elmi işlər arasından ekspert qiymətləndirməsindən uğurla keçən 45 seçilmiş məqalənin “Scopus” beynəlxalq elmi bazasında indekslənən nəşrlərdə dərc olunması nəzərdə tutulur.











10
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic