Noyabrın 3-də AR ETN Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən “Transdisciplinarity in Practice: Participatory Workshop” (“Transdisiplinarlıq təcrübədə: iştirakçı əsaslı vorkşop”) adlı beynəlxalq elmi-praktik tədbir işini yekunlaşdırıb.
Tədbirin praktiki hissəsində altı komandaya bölünən iştirakçılar verilmiş tapşırıqlar əsasında qrup işləri aparıb, nəticələri təqdim edərək müzakirələr keçiriblər. Müxtəlif elmi yanaşmaların uzlaşdırılmasına və əməkdaşlığın gücləndirilməsinə yönələn müzakirələrdə transdisiplinar tədqiqatların tətbiq imkanları diqqət mərkəzində olub.
Yekunda Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani vorkşopun elmi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycanla yanaşı, Gürcüstan, Almaniya, Qazaxıstan, Özbəkistan və Türkiyədən alim və mütəxəssislərin qatıldığı vorkşop müxtəlif elm sahələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olub.