XƏZƏR DƏNİZİNİN METEOROLOGİYASI

Suyun temperaturu. Xəzər dənizinin temperatur rejimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır. Əsas istilik mənbəyi günəşdən daxil olan qısadalğalı radiasiyadır. Şimali Xəzərdə mart - avqust aylarında dəniz istiliyi toplayır (akkumilyasiya), sentyabr - fevral aylarında isə sərf edir. Orta və Cənubi Xəzərdə istilik balansı Şimali Xəzərə nisbətən bir ay sonra işarəsini dəyişir.
 Şimali Xəzərdə aprel ayından başlayaraq su kəskin istiləşməyə başlayır və sahil zonasında səthdə 12°C-ə, açıq dənizdə isə 6 -10°C-ə çatır. Bu zaman Orta Xəzərdə 9-10°C, Cənubi Xəzərdə isə 11-14°C temperatur hakimdir. Suyun ən çox qızması aprel-may aylarında baş verir. Mövsümün axırında Şimali Xəzərdə 17-18°C, Orta Xəzərdə 13 -14°C və Cənubi Xəzərdə 16 -18°C çatır. Iyun ayında temperaturun yüksəlməsi davam edir və ayın axırında maksimuma çatır. Bu vəziyyətdə suyun termik rejimi avqustun axırına qədər saxlanılır və dənizin səthi temperatur bircinsliyi ilə xarakterizə edilir. Suyun səth temperaturu Şimali və Orta Xəzərdə 24 - 24°C, Cənubi Xəzərdə isə 25 - 28°C - ə bərabər olur. Yay mövsümündə dənizin orta hissəsində mənfi temperatur anamaliyaları da müşahidə edilir. Xüsusilə, şərq sahillərində, sahildən uzaqlaşdıqda temperaturun artması baş verir. Qərb sahillərində də bu hadisə müşahidə edilir. Lakin nisbətən az ərazini əhatə edir. Dənizin soyuması sentyabr ayının əvvəllərindən başlayır. Oktyabr ayında Şimali Xəzərdə suyun temperaturu 10°C -17°C, Orta Xəzərdə 15 - 18°C və Cənubi Xəzərdə 19 - 21°C intervalında olur. Noyabr ayında dəniz səthində suyun temperaturu şimalda 3 - 10°C, cənubda isə 16 -18°C diapazonunda dəyişir.

Havanın temperaturu.  Xəzər dənizinin özü (1300 km) və suyığma hövzəsi (3000 km) meridian boyunca xeyli uzandığından və kontinentin dərinliyində yerləşdiyindən onun iqlimində kəskin kontinentallıq xüsusiyyətləri vardır. Qış dövründə Xəzərin şimalında havanın orta aylıq temperaturu -8…-10° olduğu halda cənub hissədə temperatur müsbətdir: +8°…+10°C. Yay vaxtlarında havanın temperaturu şimaldan cənuba doğru nisbətən bərabərləşir (şimalda 24-25°, cənubda 26-27°C).        

Küləklər.  Xəzər və onun ətrafı üçün ən səciyyəvi hidrometeoroloji amil küləklərdir. Əsasən şimal istiqamətli küləklər müşahidə olunur, onlar bəzən qasırğa dərəcəli olur və sürətləri 35-40 km/san-yə çatır. Təkrarlanma tezliyinə görə müşahidə olunan ikinci küləklər şərq istiqamətlidirlər. Dənizin ən çox külək müşahidə olunan rayonları Abşeron yarımadası və Mahaçqala-Dərbənt əraziləridir. Orta və güclü küləklər əsasən payız və qış aylarında müşahidə olunur. Abşeronda Xəzri adı ilə yayılmış şimal istiqamətli küləklər səciyyəvidir.

Yağıntılar.  Atmosfer yağıntıları Xəzərin akvatoriyasında bərabər paylanmır. İldə orta hesabla dəniz səthinə 100 mm yağıntı düşür. Yağıntının paylanmasında sahil zonasının relyefi həlledici rol oynayır. Şimalda yağıntının illik miqdarı 300, qərbdə 300-400-dən 600 qədər, cənub-qərb Xəzərdə 1600, şərq hissəsində isə 90 mm-ə qədərdir. Abşeron yarımadası rayonunda yağıntının illik miqdarı 200 mm-ə yaxındır.

Suyun temperaturu.   Qışda Xəzər suları temperaturunun orta illik qiyməti şimal və cənub hissələrdə müvafiq olaraq 0° və 10°-yə yaxındır. Yayda bu kəmiyyətlər arasındakı fərq azalır, 25° və 26°C-yə çatır. Orta Xəzərin orta illik temperaturu 14-15, qış və yay temperaturları isə müvafiq olaraq 6-7 və 23-240C tərtibindədir. Böyük dərinliklərdə suyun temperaturu müsbət 5-6°C-dir və, demək olar ki, dəyişməyə məruz qalmır. Orta Xəzərin şərq şelfində, Bekdaş şəhəri rayonu şelfində, yay aylarında daimi mənfi temperatur anomaliyası müşahidə olunur.

Axınlar.  Xəzər suları daimi dinamik dövran edirlər. Ümumilikdə götürdükdə suların hərəkəti saat əqrəbinin əksi istiqamətində hərəkət edən siklonu xatırladır. Bununla birlikdə bəzi ünsürləri xüsusi qeyd etmək lazımdır. Şimali Xəzərdə axınları əsasən Volqa çayı yaradır və onlar əsasən cənub istiqamətlidir. Ümumiyyətlə götürdükdə Xəzər dənizində axınların yaranmasının əsas səbəbi küləkdir, yəni burada axınlar dreyf xarakterlidir. Dənizin şimal və cənub hissələri arasındakı temperaturlar fərqi sıxlıqlar fərqi yaradır. Axırıncı fərq qradiyent axınlarının yaranmasına səbəb olur. Qradiyent axınları əsasən qışda barizləşir. Səbəb bu mövsümdə şimal və cənub hissələri arasında temperaturlar fərqinin artmasıdır. Orta və Cənubi Xəzərdə səth axınları siklonik burulğanlar yaradır. Xəzərdə axınların sürətinin səciyyəvi qiyməti 15-20 sm/san-dir, ancaq bu qiymət Çilov adası ilə Neft Daşları arasındakı hissədə 100 sm/san-yə çatır.

Dalğalar.   Xəzər daimi dinamik fəaliyyətdə olan dənizdir. İl ərzində Xəzərdə 250 gün orta və güclü küləklər əsir və bu da böyük uzunluq və hündürlüklü səth dalğaları yaradır. Noyabrdan mart ayına qədər müddətdə 6 bal gücündə dalğaların müşahidə olunması adi haldır. Hündürlüyü 8-10, uzunluğu isə 100-150 m-ə çatan ən güclü dalğalar Orta Xəzərdə, Abşeron yarımadası və Mahaçqala şəhəri rayonlarında müşahidə olunur. Nisbətən sakit müddət maydan avqusta qədər olan dövrdür.

Seysmik şərait.  Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir. 1895-ci ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə11-12) bal gücündə zəlzələ baş vermişdir. Mütəxəssislərin fikrincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkətini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxu vulkan mənşəlidir.     

 
34438
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic