AZƏRBAYCAN TORPAQLARI

 Azərbaycann torpaq örtüyünün əmələ gəlməsində refyef və iqlim mühüm rol oynayır. Bu amillərin təsiri nəticəsində respublika ərazisində torpaqlar əsasən şaquli qurşaqlar üzrə yerləşir. Ölkədə torpaqların 25 tipi, 60 yarımtip formaları mövcuddur.

Respublikada şabalıdı torpaqlar (boz-qəhvəyi) 400-800 m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlarda humusun miqdarı 2,5-3,5%-dir. Böyük və Kiçik Qafqaz dağlarında, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində, Acınohur va Ceyrançol alçaq dağlıq zonalarında bu torpaqlar 600 m-ə qədər, Naxçıvanda isə 1000 m-dən də yuxarı qalxır. Aşağıdan yuxarı getdikcə açıq şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlar bir-birini əvəz edir. Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə-Qazax və Mil-Qarabağ düzlərində açıq şabalıdı torpaqlar, Acınohurda tünd şabalıdı torpaqlar üstünlük təşkil edir.

Dağlarda 700-2000 m yüksəklikdə dağ-meşə torpaqları əmələ gəlmişdir. Aşağı zonalarda, nisbətən quraq ərazilərdə qəhvəyi dağ-meşə torpaqları yayılır. Seyrək meşələr və kolluqlar bitən bu torpaqlarda humusun miqdarı 5-7%-dir. Yuxarı hissələrdə qonur dağ-meşə torpaqlarına rast gəlinir. Fıstıq və vələş meşələri sahəsində humus 5-6%-ə çatır. Lənkəran vilayətində yağıntıların çox olması ilə əlaqədar qonur dağ-meşə torpaqları geniş sahə tutur. Naxçıvanda isə quraq iqlim olduğuna görə bu torpaq tipi yoxdur.

Azərbaycanda Böyük Qafqazın cənub-şərqində, Qarabağ və Murovdağ silsilələrinin şimalında dağ-qara torpaqları yerləşir. Bu torpaqlarda humus 6-6,5%-dir. Talış dağlarının aşağı hissələrində və Lənkəran ovalığında sarı və qırmızı torpaqlar vardır. Humusu 8-12% olan bu torpaqlarda dəmir-oksidin miqdarı çoxdur.

Alazan-Əyriçay vadisi, Samur-Dəvəçi ovalığı və Şollar düzü çəmən-meşə torpaqları ilə örtülüdür. Talış dağlarının şimal ətəklərində allüvial-çəmən torpaqlar, Qızılağac körfəzinin sahillərində, Kür çayı və Baş Şirvan kollektoru boyu bataqlıq-çəmən torpaqları əmələ gəlmişdir. 

Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (4500 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur. Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur.

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində - qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:

1. Yarımsəhra və quru-çöl iqlimə malik Azərbaycan düzənliklərində (Lənkəran ovalığından başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Suvarma şəraitində pambıq, taxıl və bol meyvə yetişdirilir. Qış otlağı kimi istifadə olunur

Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeronda, Şərur və Ordubad düzənliklərində tala şəklində yayılıb. Buna səbəb suvarılmanın düzgün aparılmaması, suvarma kanallarının əksəriyyətinin dibinin betonlaşdırılmaması, qrunt sularının səthə yaxın olmasıdır. Meliorativ tədbirlər - yəni torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsi çəkməklə şoranlığı aradan qaldırmaq olar. 

2. 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində şabalıdı torpaqlar yayılıb. Iqlim qismən rütubətli olduğundan Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acınohurda – tünd şabalıdı; Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan – açıq şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə şəraitində üzüm, taxıl, günəbaxan, kartof və tərəvəz becərilir.

3. 700-2000 m arasında mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı, qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə - qəhvəyi torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir. Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm yetişdirilir.

4. 1800-2000 m-dən hündür sahələrdə yağıntı sularının təsiri ilə dağ-çəmən torpaqları yayılmışdır. Subalp və alp çəmənlikləri ilə örtülmüş bu ərazilərdə dağ-çəmən torpaqlarının ibtidai torflu, çimli kimi növləri yayılmışdır.
5. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələ gəlməsi üçün şərait yoxdur.

6. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında - allevüal-çəmən torpaqları yayılıb.

Azərbaycanda rekultivasiya tədbirlərinin köməyi ilə Abşeron və Cənub-Şərqi Şirvanın neftlə çirklənmiş, Daşkəsənin dağ-mədən sənayesi ilə pozulmuş torpaqların yenidən bərpa etmək zəruridir. Təkrar şoranlaşma, torpaq eroziyasının sürətli inkişafı və iqlimin qurşaqlaşması Azərbaycanda səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Azərbaycanın dağlıq sahələrində meşələrin qırılması, torpaqların eroziyası nəticəsində yarğan-qobu şəbəkəsi genişlənir. Eroziyanın qarşısını almaq üçün yarğan və qobular bərkidilir, ağac və kollar əkilir, yamaclarda terraslar salınır. Kür-Araz ovalığının suvarılan torpaqlarında qrunt sularının səviyyəsi qalxaraq şoranlıqlar yaradır. Belə torpaqların meliorasiyası vacibdir. 


 

Qeyd: 2N-li torpaqlar Naxçıvanın dağlıq hissəsi üçün xas deyil
3, 7, 9 və 11 N-li torpaqlar göstərilən ərazilərdə talalarla yayılmışdır
10 N-li torpaqların yayılma ərazisi kimi verilmiş Alazan-Əyriçay vadisi üçün mülayim-isti iqlim xasdır.

Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, bataqlıqlar, dağlıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir. Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edilmyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir. Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür.
112190
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic