AZƏRBAYCAN RESPUBLİKASI

Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir. 
Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.

Azərbaycan Respublikasının ərazisi 380 24və 410 54şimal en dairələri ilə 440 46və 500 50şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var. Ölkədə 1718 bələdiyyə yaradılmışdır.

1995-ci ildə qəbul edilmiş konstitusiyaya görə Azərbaycan demokratik respublikadır. Ölkənin başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir. Qanunverici hakimiyyəti 5 il müddətinə seçilən 125 deputatdan ibarət birpalatalı Milli Məclis həyata keçirir. İcraedici hakimiyyət prezident tərəfindən təyin edilən, Milli Məclisdə təsdiq edilən Hökümətə məxsusdur, onun başçısı baş nazirdir. Məhkəmə hakimiyyətini Ali Məhkəmə həyata keçirir.

Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İR ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizinin suları ilə sahillər yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə RF, Qazaxıstan, Türkmənistan, İİR-dır.

 
 
Həmsərhəd ölkə Sərhəddin uzunluğu (km)
Rusiya 390
Gürcüstan 480
Ermənistan 1007
Türkiyə 15
İran 765
Xəzər dənizi 780
 
 
 
Azərbaycan Respublikasının sahəsi 86600 km2 –dir. Şimaldan cənuba Azərbaycan ərazisinin maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə bərabərdir.

Ölkə əhalisinin ümumi sayı 9356.5 min (2013-cü il) nəfərdir. Əhalinin 53.1 %-i şəhər əhalisidir. Əhalinin milli tərkibinə görə azərbaycanlılar üstünlük təşkil edir (91,6 %). Ruslar, ləzgilər, talışlar, avarlar, tatarlar, tatlar, udinlər, kürdlər, yəhudilər və s. kimi xalqlar respublika ərazisində yaşayırlar. Ölkə ərazisində əsas yayılmış din İslam dinidir.

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m). Dağlar Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir.  Ölkənin ən böyük ovalığı olan Kür-Araz ölkənin mərkəzi və şərq hissələrini əhatə edir. Ovalıqda Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Qarabağ düzləri ayrılır. Şimal şərqdə Xəzər dənizinin sahilləri boyu ensiz zolaq şəklində Samur-Dəvəçi ovalığı, cənub-şərqdə Lənkəran ovalığı yerləşir.

Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.

Ərazisindən axan ən böyük çaylar Kür, Araz, Qanıx, Qabırrı, Samur, ən böyük gölləri isə Sarısu, Ağgöl, Ağzıbirçala, Mehman, Böyükşor və s.-dir.

Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2012-ci ildə 13,2 mln m3 qaz və 43,3 min ton neft hasil edilmişdir. Ölkənin ÜDM 2012-ci ildə 68,7 mlrd ABŞ dolları həcmində olmuşdur.
 
İstinad:
Müseyibov M. “Azərbaycanın Fiziki coğrafiyası”, 1998
“Coğrafiya Ensiklopediyası” II kitab, 2012
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
73478
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic