AZƏRBAYCANIN FAYDALI QAZINTILARI

Yanar faydalı qazıntılar
Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. 
Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.
 
QARA METALLAR
Dəmir filizləri
 Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. 
Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70-80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir.

 Xromit filizləri
1960-1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur.

Göydərə xromit təzahürləri qrupu – Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir.
Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir. Filiz cisimləri biri-birindən təcrid olunmuş oval və linza morfologiyalı yuvalarla təmsil olunurlar.
Onların qalınlığı 0,5 m-dən 15 m-ə qədərdir. Filizdə xrom oksidinin (Cr2O3) miqdarı 43,5-52,6%; Cr2 O3: FeO – nisbəti 3,5-4,0 arasındadır ki, bu da sənayenin tələbinə tam cavab verir.
  
Ipək xromit təzahürləri qrupu – Laçın rayonunun Ipək kəndi yaxınlığında yerləşir. Burada da xromit minerallaşması hiperbazitlər içərisində yerləşmiş dunit linzalarında yayılmışdır. Xromit minerallaşması nodulyar teksturaya malik olaraq ayrı-ayrı linzaların qalınlığı 0,5 m-dən 3-5 m-ə qədərdir. Linzalarda xrom oksidinin miqdarı (Cr2O3) – 25,0-39,5% təşkil edir. Bu rayonda xrom filizləşməsinin yayılma sahəsi 500 kv. km-ə qədərdir. 


ƏLVAN VƏ NADİR METALLAR. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.

Mis

Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir.

Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.

Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. 

Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır.

Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir.
Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. 

Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda əsasən mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır.

Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiyyatı aparılmış və ehtiyatları sahə balansına götürülmüşdür.

Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyəvi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir.

Mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir.

Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr - Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.

Naxçıvan MR ərazisində - Ordubad filiz rayonunda ehtiyatları təsdiq olunmuş Parağaçay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illərdə müəssisənin təlabatı kasıb filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün, istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkildə axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur.

Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik xanasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağaçay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş süxurlarda xeyli miqdarında proqnoz resursları gözlənilir. 
 
Qurğuşun və sink

 Ehtiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük.

Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır.

Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları   təsdiq edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir. Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır. Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1-3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir.

Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur. Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur.  

Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən  çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.

 Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur.

  Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər.

1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II,III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı.  

Balakən-Zaqatala filiz rayonunda - Saqator mis-sink yatağında, Naxçıvan MR-da - Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Kobalt

Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.  

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda  qiymətli kobalt vardır.
«Hamamçay» yatağında kobalt minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.

«Dəmir» yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir.

«Cənubi Daşkəsən» dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın   miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir.

  Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.

Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.

Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir.

  Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028-0,115%, mis-0,07-0,43%-dir.

Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%). 

Molibden

Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir. Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır. 

 Alüminium xammalı

Respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq  Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km  məsafədə yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.

Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.

Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alunitdən  200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi.

 Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən   vanadium və    qallium metalları vardır.

 Civə

Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir.
Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır.     

Levçay civə yatağı - Kəlbəcər rayonunun Lev kəndindən 15-20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir. 

Ağyataq civə yatağı - Kəlbəcər şəhərindən 12-15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur.   Filizdə civənin orta miqdarı 0,3%-dir.

Çilgəzçay yatağı -Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır. 

Narzanlı yatağı - Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır.  Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.     

NƏCİB METALLAR    

 Qızıl

 Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir.

Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.

01.01.2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.

Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.

Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-ın «RV Investment Group Sevrvices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur. 

 Qızılbulaq yatağı – Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər əsasən piritdən, xalkopiritdən, markazitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s.-dən ibarətdir. Filizdə qızılın orta miqdarı 4,0 q/t, gümüş - 5,4 q/t, mis – 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis; yanaşı komponentlər selen, tellur və kükürddən ibarətdir.

 Dağkəsəmən yatağı – Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5-2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur.  Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdarı 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.

  Qoşa yatağı – Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5-3,0 m təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4-8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır.

Gədəbəy yatağı – Gədəbəy şəhərinin şimal-qərb kənarında yerləşir. Hələ XIX əsrin ortalarından Gədəbəy yatağında istismar işləri aparılmış, böyük miqdarda  mis, qızıl və  gümüş çıxarılmışdır.

Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» Idarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRI Geologiya Idarəsi və Ermənistan Əlvan Metallurgiya Idarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.

Vejnəli yatağı – Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır. Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər. Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, «sərbəst» qızılın miqdarı 9,8 %, birləşmə halında isə 85,3 % təşkil edir. Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. 96,52 % qızıl, 97,38 % gümüş, 95,9 % tellur və 65 % bismut çıxarıla bilər. Yataq sənaye istifadəsinə hazırlanmışdır.

Ağyurd yatağı – Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir. Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar və damar zonalarından ibarət filiz kütlələri qızıl-sulfid-kvars formasiyasına aid edilirlər. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli minerallar – maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dirlər. Qızıl filizdə əsasən sərbəst şəkildə (54 %) və sulfidlərdədir (50-55 %). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir. Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcəklər ki, bu zaman filizdən qızılın 85 %-ni çıxarmaq olar.

Pyəzbaşı yatağı – Ağyurd yatağından 2,0-2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanogen-çökmə süxurlarda yerləşir. Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5-2,0 m arasında dəyişir və əsasən kvars və piritdən təşkil olunmuşlar.  Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflaşdırma fabrikində həyata keçiriləcəkdir.

Şəkərdərə yatağı – Pyəzbaşı yatağından1,8-2,0 km cənubda yerləşir və yer səthindən 60-100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900-3200) Nüsnüs-Kələki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil olunmuşdur.

Filiz kütlələrinin iki morfoloji tipi ayrılır: uzunluğu 1000-1200 m, qalınlıqları 2-5 m-dən 13-20 m-ə qədər dəyişən damar zonaları və 850-900 m məsafədə uzanan və dəyişgən qalınlıqlı (90-100 m-dən 300-350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı. Əsas faydalı komponentlər – qızıl, gümüş və misdir.

Ağduzdağ yatağı – Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6.72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur.  

Çovdar yatağı – Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.  Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t-  dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir. 

Başkəndçay səpinti qızılı yatağı – Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Allüvial çöküntülərin müxtəlif terras səviyyələrində və delüvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294-448 mq/m3, II terras səviyyəsində 248-464 mq/m3arasında dəyişir. Delüvial çöküntülərdə qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172-685 mq/m3-a çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacaq səthinin açılmadığını nəzərə alsaq yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar.

Kürəkçay səpinti qızılı yatağı – Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiymətləndirmə işləri aparılmış və o sənaye istismarına hazırlanmışdır. Allüvial çöküntülər kənar miqdar 50 mq/m3 qəbul edilməklə hüdudlandırılmışdır. 

 QEYRİ-FİLİZ XAMMALI VƏ TIKINTI  MATERIALLARI  

Aparılan geoloji-kəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.

01.01.2006-cı il tarixə faydalı qazıntı ehtiyatlarının Dövlət balansında 303 tikinti-inşaat materialları yataqları, o cümlədən 59 mişar daşı, 22 üzlük daşı, 95 gil, 10 sement xammalı, 27 tikinti daşı, 71 qum-çınqıl, 14 qum, 3 bitumlu süxurlar və 2 perlit, pemza yataqları qeydə alınmışdır.

Mişar daşı – Dövlət balansında   59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır.  

Üzlük daşı – Dövlət balansında 22 üzlük daşı, o cümlədən 13 mərmərləşmiş əhəngdaşı, porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 1 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır.

Gil-   Dövlət balansında   95 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. 

Sement xammalı – Dövlət balansında 10 sement xammalı yatağı qeydə alınmışdır.    

Tikinti daşları – 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır.

Qum-çınqıl – Dövlət balansında   70 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır.  

Qum – 14 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır.  

Bitumlu qumlar – Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7.5-8.1 % arasında dəyişir.

Perlit, pemza 2 yataq Dövlət balansında qeydə alınmışdır.

Qeyri-filiz xammalı ehtiyatları Dövlət balansında 31 yataqla təmsil olunurlar. 

Gips, anhidrit, gəc – Dövlət balansında 7 yataq (5 gəc, 2 gips və anhidrit) qeydə alınmışdır. Bunlar Yuxarı Ağcakənd gips və anhidrit, Ərəzin gips, Gəncə, Tərtər və Minbaşlı gəc yataqlarıdır.

Bentonit gilləri – Dövlət balansında ehtiyatları qeydə alınmış 2 bentonit gili yatağı vardır. Bunlar Daş Salahlı və Xanlar yataqlarıdır.

Son illərdə aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində Şamaxı-Qobustan zonasında da bentonit gillərinin böyük ehtiyatları aşkar edilmiş və Bəylər yatağının sənaye əhəmiyyətli ehtiyatları hesablanmışdır. Bentonit yataqlarından Daş Salahlı   istismar olunur.

Xörək duzu – Dövlət balansında 4 xörək duzu (Naxçıvan, Nehrəm, Şəkərabad-Qoşadizə daş duz və Masazır göl duzu) yataqları qeydə alınmışdır. Naxçıvan daş duz və Masazır göl duzu yataqları istismar edilir.

Dolomit – Dövlət balansında 2 dolomit yatağı qeydə alınmışdır. Bunlar nəhəng ehtiyatlara malik Nehrəm yatağı və Keçiqaya yataqlarıdır.

 Kvarsitlər – Dövlət balansında 2 dinas üçün kvarsit xammalı yatağı qeydə alınıb. Bunlar Xanlar rayonunda Qızılca və Daşkəsən rayonunda Çovdar yataqlarıdır. Hər 2 yataq ehtiyatdadır. 

Flyus və soda üçün əhəng daşı – Dövlət balansında 2 yataq qeydə alınmışdır.   

Keramika xammalı kimi Dövlət balansında 1 yataq - Çovdar çini daşı yatağı qeydə alınmışdır, yataq istismar edilmir.

Mineral boya (gilli oxra) – Dövlət balansında 2 yataq (Çovdar və Mirzik yataqları) qeydə alınmışdır, yataqlar istismar edilmir.

Kvars qumları – şüşə istehsalı üçün xammal kimi 5 yatağın (Hacıvəli, Hökməli, Şərqi Zeyid, Yasamal və Zeyid) ehtiyatları Dövlət balansında qeydə alınmışdır.  

Barit – Dövlət balansında Çovdar barit yatağının qalıq ehtiyatları və Başqışlaq barit yatağının ehtiyatları qeydə alınmışdır. Barit sənayenin müxtəlif sahələrində istifadə olunan xammaldır. Lakin onun ən çox tətbiq sahəsi dərin quyuların qazılmasında ağırlaşdırıcı kimi istifadə olunmasıdır. Barit əsasən Kiçik Qafqazın şimal-şərq yamacında Qarabağ, Daşkəsən və Gədəbəy filiz rayonlarından keçən zolaq şəkilli sahəni əhatə edir. «Barit zolağı» daxilində çoxsaylı təzahürlər və 2 yataq aşkar olunmuşdur. Bunlardan əlavə, Gədəbəy filiz rayonu ərazisində Həsənsu çayından başlamış Zəyəmçaya qədər müxtəlif dərəcədə qiymətləndirilmiş barit damarları məlumdur.  

Çini daşı - Daşkəsən filiz rayonun, Çovdar filiz sahəsində aşkar olunmuşdur. Yataq üst bayos yaşlı riolitlərin hesabına əmələ gəlmiş törəmə kvarsitlərdə yerləşir. Aparılmış texnoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zənginləşdirdikdən sonra Çovdar çini daşı yatağının xammalı incə keramika istehsalında müvəffəqiyyətlə istifadə oluna bilər. Yataqda kəşfiyyat işləri başa çatmış və yatağın ehtiyatları hesablanmışdır. Çini daşının istifadə sahəsi çox genişdir. O kimya sənayesində, elektrokeramikada, kağız istehsalında, inşaat işlərində, odadavamlı material kimi və s. sahələrdə işlənə bilər.

Kükürd – Dövlət balansına üç kükürd yatağının (Çıraqdərəsi, Toğanalı və Çıraqdərəsi-Toğanalı) ehtiyatları qeydə alınmışdır.  Bunlardan əlavə Filizçay, Kasdağ və Katex kolçedan-polimetal və Qızılbulaq qızıllı mis-kolçedan yataqlarında da kükürd (ümumi) ehtiyatları hesablanmışdır.

Islandiya şpatı – Dağlıq Talışın Kalvaz-Kalaxan kalsitli sahəsində, Kosmolyan mərtəbəsinin vulkanogen-çökmə törəmələrində, kalsitin çoxsaylı damarları, yuvaları aşkar edilmişdir ki, onun da əsas hissəsini island şpatları təşkil edir. Şpat-xammal sınaqdan keçirilmiş (Soyuzkvarssamosvetı GIB-nin «Şpat» ekspedisiyasında), monoblokların və kristalların yüksək keyfiyyətə malik olduğu barədə rəy verilmişdir. Aşkar olunmuş obyektlər yerüstü dağ qazmaları ilə 3 m dərinliyə qədər öyrənilmişdir. Island şpatı radiotexnikada, cihazqayırma sənayesində və hərbi sənayedə geniş istifadə olunur. Xammalın sənaye ehtiyatlı toplantılarını müəyyən etmək üçün, ərazidə yanaşı hasilatla axtarış-qiymətləndirmə işlərinin aparılması zəruridir.

Odadavamlı və çətinəriyən gillər – Kiçik Qafqazın şimal-şərq yamacında geniş yayılmışdır. Odadavamlı gillər əsasən müxtəlif sahələrdə işlənən saxsı məmulatının və odadavamlı kərpic istehsalında işlənir və Xanlar, Daşkəsən və Qazax rayonları ərazisində geniş yayılmışdır. Qazax rayonu ərazisində Kotandağ odadavamlı xammal yatağının ilkin kəşfiyyatı aparılmış, ehtiyatları hesablanmışdır. Şəmkir rayonunda aşkar edilmiş Xoşyal kaolin yatağının ehtiyatları hesablanmışdır. 

Naxçıvan MR-sı ərazisində odadavamlı məmulatların istehsalı üçün yararlı kaolinlər, kaolinləşmiş süxurlar, gillər çox geniş yayılmış və müəyyən dərəcədə turşuya davamlı kanalizasiya boruları, keramik məmulatlar, santexnika üçün fayans, incə keramika istehsalına yararlı olmaları öyrənilmişdir.

Soda üçün xammal. Nehrəm dolomit yatağı əsasən dolomitlərdən, dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Əvvəlki illərdə Naxçıvanda tikilməsi planlaşdırılan soda zavodunu xammalla təmin etmək məqsədilə Zəngilan rayonunda əhəngdaşları öyrənilmiş və onun ehtiyatları təsdiq edilmişdir.

Təbii soda təzahürləri - Orta Araz depressiya zonasının mərkəzi hissəsində – Sədərək çökəkliyində, Naxçıvan çökəkliyinin qərb hissəsində müəyyən edilmiş və tək-tək axtarış quyuları vasitəsilə dərinlikdə öyrənilmişdir. Axtarış işləri nəticəsində təbii soda üçün Sədərək, Xok-Qarabağlar, Süst-Təzəkənd və Böyükdüz sahələri üzrə   proqnoz resursları hesablanmışdır.

Şüşə istehsalı üçün xammal kimi Nehrəm yatağının dolomitləri və devon yaşlı törəmə kvarsitləri istifadə edilə bilər. 1984-cü ildə rəngli şüşə tara (bütılka) istehsalında istifadə edilmək üçün (fəaliyyətdə olan Naxçıvan şüşə qablar və Sumqayıt şəhərində layihələşdirilən şüşə qablar zavodlarında) Nehrəm dolomit yatağının ehtiyatı təsdiq edilməsinə baxmayaraq yataq sənaye istismarına cəlb edilməmişdir. 1972-1973-cü illərdə Gümüşlü törəmə kvarsitlər yatağında axtarış-qiymətləndirmə işləri zamanı fran və famen mərtəbələrinin (devon) çökmə süxurları daxilində tərkibində dəmir oksidinin miqdarı az olan laylarından götürülmüş sınaqların şüşə istehsalına yararlılığını müəyyən etmək məqsədi ilə laboratoriya-texnoloji tədqiqatları ilə öyrənilmiş, şüşə (tara) istehsalı üçün yararlı hesab edilmişdir. Bu yataq da bu günə qədər istismara cəlb edilməmişdir.

Seolitlər – təbii seolitlər qazların qurudulmasında, sənaye tullantılarının zərərli qatışıqlardan təmizlənməsində, avtomobil benzininin keyfiyyətinin yaxşılaşdırılmasında, suların təmizlənməsində və digər sahələrdə istifadə olunduğu kimi, kənd təsərrüfatında da müvəffəqiyyətlə tətbiq edilir. Bir çox ölkələrdə seolitin əkin sahələrinə verilməsi nəticəsində əksər bitki məhsullarının məhsuldarlığının artırılmasına nail olunmuşdur. Kənd təsərrüfatı yüksək inkişaf etmiş Amerika və Yaponiya kimi ölkələrdə heyvanların və quşların yem rasionuna seolit əlavə edilir. Xaricdə quşçuluq və heyvandarlıq komplekslərini və fermalarını seolitlə təmizləyirlər ki, həm tozun, həm də xoşagəlməz qoxunun qarşısı alınır. Quş və heyvan peyini qarışmış seolitin əvəzsiz gübrə kimi əkin sahələrinə verilməsi tullantı problemini birdəfəlik həll edir.

Qeyri-ənənəvi xammal növləri arasında Aydağ yatağının seolitləri xüsusi yer tutur. Aydağ yatağının təbii seolitləri qazların qurudulması, benzol və su buxarının təbii qazlardan tutulması, neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibbdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır, kənd təsərrüfatında torpaqların keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, heyvandarlıq və quşçuluqda yemə inert əlavə kimi onların istifadə sahələri müəyyənləşdirilmişdir. Hazırda Aydağ seolit yatağı «Azərseolit» Elmi Sənaye Birliyi tərəfindən istismar edilir. Seolit xammalının böyük ixrac imkanları da vardır. Naxçıvan MR ərazisində seolitlər orta eosenin alt və orta lütet yaşlı vulkanogen-çökmə süxurları içərisində aşkar edilmiş, qalınlığı 18-45 m arasında dəyişən laydan ibarətdir. Onlar respublikanın Ordubad və Şahbuz rayonları ərazisində geniş yayılmışlar və yer səthində ensiz zolaq şəklində 80-100 km məsafədə izlənirlər. Ilkin axtarış işlərinin məlumatına əsasən seolit saxlayan tuffit qatında seolitin (montmorillonit) miqdarı 45-65 % arasında dəyişir. 
 
Mənbə:  Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 

 
109122
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic