AZƏRBAYCANIN BİTKİ ÖRTÜYÜ
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.
Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəratinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur.
Azərbaycan florasının tərkbində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf etmişdir.
Çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və s. çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır.
Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər.
Liman və axmazlarda (xüsusilə Ağzıbirçala limanında) ən çox qamışlıq, çiyən, suçiçəyi və s. bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyəvidir.
Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və s. kimi bitkilər səciyyəvidir.
Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr vardır.
Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yaylımışdır. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir.
Respublikanın quru və isti rayonlarında (Naxçıvan MR, Cəbrayıl, Zəngilan), Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. Quraqlıq rayonlarda kəkotu və onun növləri tumil-kəkotu formasiyalarını yaradır. Tumil sahələri üçün murdarça, çölnanəsi, karvanqıran və s. çox səciyyəvidir. Bu tip sahələrdə südləyən, boymadərən, zirinc kimi bitkilər də olur. Respublikada lokal formada şibləklərə, yəni qaratikanlığa, murdarçalığa, dovşanalmalığına, badamlığa, tovulqalığa, yabanı armudluğa, quşarmudluğuna rast gəlmək olur; şaqqıldaq da xüsusi formasiylar yaradır və yaxşı dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir. Saqqızağaclıq, ardıclıq, dağdağanlıq, sarağanlıq da respublikaya xas formasiyalardan olmaqla hər biri öz-özlüyündə xüsusi bitki örtüyü əmələ gətirir.
Respublikanın Şimal-Qərbində Eldar düzünün bozqır yaylasında Üçüncü dövrün qalığı olan endemik və relikt Eldar şamı öz təbiiliyini saxlamışdır. Eldar şamı meşəliyində ardıc, püstə, qaratikan və 30-35-dək digər ali bitkinin olması buranın dağ-kserofit bitkiliyinə aid edilməsinə imkan verir.
Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşikl edir.
Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunmuşdur. Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və s. yayılmışdır. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparaq, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Qızılağacın başqa bir növü (Alnus barbata) Talışın bataqlıq meşələri üçün səciyyəvidir. Talış meşələrində əncirin yerli endemik növü, xəmirmaya, çəpər sarmaşığı, gəndalaş, cilin müxtəlif növləri, ürəkotu, dişə, bataqlıqlarda süsənlik cəngəlliyi, sarı bataqlıq süsəni, qurbağaotu, bataqlıca xüsusi formasiyalar yaradırlar.
Quba-Xaçmaz, Qarabağ zonaları və eləcə də Alazan-Əyriçay çökəkliyində lokal formalı düzən meşəlikləri yayılmışdır. Bu meşəliklərin əsasını uzunsaplaq palıd, qarağac, yemişan, əzgil və s. təşkil edir. Alazan-Əyriçay vadisi meşəliklərində yuxarıda göstərilən növlərdən başqa, ağcaqayın, cökə, göypüş, qarağac, armud kimi ağac növləri, sarmaşan bitkilərdən isə ağ əsmə, daşsarmaşığı, yabanı üzüm çox yayılmışdır. Düzən meşəliklərində uzunsaplaq palıdın onlarca müxtəlif forması mövcuddur.
Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Bu relikt ağac cinslərindən əlavə burada Qafqaz vələsi, 2 növ azat ağac, qarağac, alça qovaq, giləzəhərdən ibarət hirkan tipli meşəliklərə rast gəlinir. Bu meşəliklərin aşağı mərtəbələrində bigəvər, danaya kimi həmişəyaşıl kollara da təsadüf edilir. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı Talışda üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqaları xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.
Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılmışdır. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır. Fıstıq və palıddan əlavə həmin meşələrdə cökə, vələs, 5-6 növ ağcaqayın, xüsusilə Şərq palıdı ilə birlikdə trautfetter ağcaqayını da bitir. Çox sıx fıstıq meşəliyində ot örtüyü olmur, ancaq bir qədər seyrək fıstıqlıqda kol cinsləri ilə birlikdə ot örtüyü də inkişaf edir. Meşə altında sarı rododedron, böyürtkən, gərməşov, gəndalaş, ayıdöşəyinin bir çox növləri və onlarca müxtəlif taxıl otları rast gəlir. Dağların yamacında gürcü palıdı, qarağat və quşarmudu çox yayılmışdır. Yüksək dağ qurşaqlarında isə (1800-2000 m) park tipli meşələr vardır. Park tipli meşələr subalp çəmən və hündürotluq ilə birlikdə subalp seyrək meşəliyi yaradırlar.
Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında (1600 m hündürlükdə) xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılmışdır. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.
Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür. Həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında hündürotluq da xüsusi formasiya əmələ gətirir; tərkibi olduqca müxtəlifdir. Hündürotluq və subalp bitkilərinin əksəriyyəti meşə altından çıxmış bitkilərdən ibarətdir. Hündürotluq ən çox baldırğan, qankəsən, boymadərən, çobantoppuzu, quşqonmaz, yumşaq süpürgə növləri, əvəlik, xaççiçəyi, gicitkən, xəşəmbül, gülçiçəklilər fəsiləsinin müxtəlif nümayəndələri ilə zəngindir. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılmışdır. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-ədək bitki növü yayılmışdır.
Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Alp xalıları iki qrup formasiyadan: xırda şumal torpaqlarda həqiqi alp xalısı (zirəlik, bağayarpağılıq, şehduranlıq, zəncirotuluq) və daşlı yerlərdə alp xalısından (sibbaldiya, zınqırovotluq, makrotomiyalıq) ibarətdir.
92462
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|