"VƏTƏN SƏRHƏDLƏRDƏ İTİRİLİR"

Azərbaycan zaman-zaman məcburən o qədər ərazi itirmişdir ki, artıq ölkəmiz az torpaqlı, ərazisi ifrat məskunlaşmış, davamlı ərzaq təminatı üçün uzunmüddətli kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa imkanı məhdud olan bir ölkəyə çevrilmişdir.

Digər tərəfdən artan demoqrafik potensiala uyğun tikinti-quruculuq işlərinin genişlənməsi, eroziya, şoranlaşma, subasmaların təsiri ilə yeni-yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsindən çıxması prosesi sürətlə artmaqdadır.

 Artıq Azərbaycanda hər bir kv km-də əhalinin sıxlığı işğal olunmuş ərazilər də nəzərə alınmaqla 108 nəfər (nəzərə alınmadan 122 nəfər) təşkil edir. Bu da dünya (təqribən 2,5 dəfə çox) və qonşu ölkələrlə müqayisədə çox böyük göstəricidir.

Ona görə də respublikada torpaqlardan maksimum istifadə edilməli, hər bir qarış sahənin qədri bilinməli, sərhəd rayonlarda isə həm də onun strateji əhəmiyyəti nəzərə alınmalıdır.

Hal-hazırda Azərbaycan Respublikasının qonşu həmsərhəd ölkələrlə sərhədlərinin delimitasiya və demarkasiya işləri həyata keçirilir. Bunlardan biri də Gürcüstan ilə Azərbaycan Respublikası arasında aparılan demarkasiya işləridir.

Tarixi xəritələri xroniki ardıcıllıqla izlədikdə görünür ki, mübahisəli ərazilər adı altında verilən yerlər-torpaqlar sonrakı mərhələlərdə böyük güclərin – xüsusilə də Rusiyanın təsiri ilə Azərbaycandan alınıb qonşu həmsərhəd ölkələrə verilib, rəsmi dövlət sənədlərində təsbit olunub. Qədim Azərbaycan torpaqları olan Göycənin, Zəngəzurun, Borçalının, Dərbəndin və s. yurdlarımızın da aqibəti belə olub. Çox təəssüf ki, bu gün də artıq müstəqil olduğumuz, heç bir xarici dövlətin təzyiqi olmadığı şəraitdə də yenə xalq arasında “neytral” zonalar adlandırılan dədə-baba torpaqlarımız qonşu ölkənin ərazisinə qatılır. Məsələn, Azərbaycanla Gürcüstan arasında Qazax rayonunun II Şıxlı ərazisindəki iki ölkənin kömrük məntəqələri arasındakı sahə, Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki, son vaxtlar- müstəqillik illərində “neytral zona” kimi tanınan, əslində qədimi dədə-baba torpaqlarımız qonşu ölkəyə verilmişdir. Azərbaycanlıların Borçalı-Qazax məskunlaşma arealında yerləşən, üslubca oxşarı Xudafərin, Cənubi Azərbaycandakı Qaflanguh, Ərdəbil və Marağa yaxınlığındakı körpülər olan Azərbaycan xalqının tarixi abidəsi “Sınıx körpü” bu gün gürcü və azərbaycan sərhədçiləri ilə birgə qorunur. Xalqımızın tarixi olan bu abidənin də taleyini “neytral torpaqların” taleyimi gözləyir?!

Ümumiyyətlə, “Sınıx körpü” – “Damqaçı” sərhəd zonasının böyük tarixi, Borçalı- Azərbaycan arasında mühüm coğrafi mövqeyi ilə yanaşı böyük strateji əhəmiyyəti var. Kür və Xram çayları arasındakı “Damqaçı” adlanan hündür sahə nəinki Gürcüstandakı soydaşlarımızın məskunlaşdığı əraziləri, həm də Ermənistanla həmsərhəd olan sahələri müşahidə etməyə, nəzarətdə saxlamağa imkan verir. Ona görə də bu yerləri hər hansı ərazi mübadiləsi adı altında güzəştə getmək olmaz! Qonşularımız məhz bu strateji əhəmiyyətinə görə adı çəkilən ərazilərə iddialıdırlar.

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı nəzərə alınmalı mühüm məqamlardan biri də Qanıx çayı sərhəd zonasıdır. AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya institutunun uzunmüddətli kompleks tədqiqatları göstərir ki, Qanıx çayı ilbəil sol sahilini yuyaraq respublikamızın içərilərinə doğru irəliləyir. Dövlət sərhədlərinin çay yatağının ortası ilə keçməsi burada da xeyli torpaqların itirilməsinə səbəb olur.

Ümumiyyətlə, Azərbaycan Respublikasının qonşu həmsərhəd ölkələr ilə sərhədlərinin delimitasiya və demarkasiya işlərinə ərazinin strateji əhəmiyyətini, coğrafi mövqeyini, milli-etnik və s. xüsusiyyətlərinin qiymətləndirilməsi məsələlərində coğrafiyaçıların, tarixçilərin, etnoqrafların cəlb edilməsi, onların fikirlərinin nəzərə alınması məqsədəuyğundur.  
     

 

























 c.e.n. Eyyubov N.H.

14134
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic