AZƏRBAYCANDA TURİZM

Azərbaycan Respublikası iki dünya sivilizasiyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastruktur - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.

86.6 min kv. km əraziAsi, 9 milyon əhalisi,nadir təbii-iqlim xüsusiyyətlərinə malik olan Azərbaycan Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-inin burada qərarlaşdığı bir məkandır.

Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malikdir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri İpək Yolu marşrutunda məqbərələrlə təmsil olunmuşdur. 

Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Belə ki, Bazardüzü (4466 m), Şahdağ (4243 m), Babadağın (3629 m) hündür zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göy-Göl, Maral göl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.

Azərbaycanın flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Ölkədə bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstədə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə, Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Son 13 milyon ildə dünyada baş verən reylef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır.

Ölkəmizin heyvanlar aləmi də  olduqca rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibii və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilmişdir. Bunlardan xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı və s. təbiətin nadir inciləri kimi xüsusilə məşhurdur.

Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli-küylü əzəmətli şəlalələr yaradır. Dağlıq yerlərdə və Arandakı mövcud göllər, Azərbaycan torpağının əsl bəzəyidir və bu göllərin ən gözəli Göy-Göl və Maral göldür. Xəzərin suları və ona yaxın çaylarda qiymətli uzunburun, lasos, qızıl balıq növləri vardır.

 Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Dünyada tanınmış “Karlovi Vari” sularından heç də geri qalmayan isti və mineral bulaqlar- Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur. 

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında, Naftalan müalicəvi nefti xüsusi yer tutur.

Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi deyil. İl ərzində günəşli günlərin sayına görə Respublika İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilə bilər. Azərbaycan ərazisi boyu 825 km uzanan Xəzərin dəniz sahillərinin ucdantutma istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur. Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir. 

Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli-bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda Respublikanın şimal-şərq sahilində, Yalama-Xaçmaz zonası çimərlikləri (Bakıdan 220 km aralı) birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.
Respublikamızda çimərlik mövsümü sentyabrın axırınadək davam edir. Yayda suyun hərarəti +24 +26 0C-yə çatır.

Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam həm də Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.

Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
 
Məqalədə "azerbaijans.com"  saytından istifadə edilib.  
 

 
25168
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic