AFRİKA

Afrika  böyüklüyünə görə Avrasiyadan sonra 2-ci materikdir. Sahəsi 29,2 mln km2 , adalarla birlikdə 30,3 mln km2. Ekvator onu iki hissəyə bölür.

Ümumi məlumat
Sahəsinə görə Avrasiyadan sonra ikinci materik olub adalarla 30.3, adalarsız 29.2 milyon km2-dir. Afrika sözü materikin şimal-şərqində yaşamış "afriqi" tayfasından götürülüb. Ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-Əl-Məndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir.

Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub. Ucqar nöqtələri: şimalda – Əl-Əbyad və ya Ras-Enqela burnu, cənubda – İynə burnu, şərqdə – Ras-Xəfun, qərbdə – Almadi. Yeganə materikdir ki, bütün ucqar nöqtələri müxtəlif yarımkürələrdə yerləşir. Materik qədim Qondvananın qalığıdır. Sahil xətləri az parçalanıb. Bir böyük yarımadası (Somali), 1 böyük körfəzi (Qvineya) vardır. Ən böyük adası Madaqaskardır, bundan başqa Seyşel, Əmirlik, Zənzibar, Kanar, Komor, Yaşılburun, Vozneseniya, Müqəddəs Yelena adaları da buraya aiddir. Materikin şimal hissəsi qədim sivilizasiyanın mərkəzlərindən olduğuna görə əvvəldən öyrənilmişdir. Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.

 Afrika cənub hissəsinin öyrənilməsində İngilis tədqiqatçısı Livinqstonun xüsusi rolu vardır. O, quru ilə Atlantik okeanın sahilindən Hind okeanın sahilinə qədər keçmiş ilk Avropalıdır. Livinqston Konqo və Zambezi çaylarının hövzələrini öyrənmiş, Livinqston və Viktoriya şəlalələrini kəşf etmiş, Tanqanika və Nyasa göllərini tədqiq etmişdir. Rus tədqiqatçısı Yunker ilk dəfə Nil çayının mənsəbindən mənbəyinə qədər gəlmişdir. O, düzgün olaraq göstərmişdir ki, Nilin il boyu bol sulu axmasının səbəbi onun mənbəyinin bol yağıntılı ekvatorial və subekvatorial qurşaqlarda yerləşməsidir. Ingilis tədqiqatçısı Park Seneqal və Niger çaylarının hövzələrini, Bart isə Aralıq dənizindən Çad gölünə qədər Böyük Səhranı öyrənmişdir. Rus alimi Vaviloiv şimali Afrikanın bitki örtüyünü tədqiq etmişdir. Afrika relyefinə görə hündürlüyü 1000 m-ə qədər olan şimal və qərb, hündürlüyü 1000 m-dən artıq olan cənub və şərq hissələrə ayrılır. Materikin əsas relyef formalarına denudasion düzənliklər (Böyük Səhra, Liviya və Nubiya səhraları, Kalaxari səhrası, Namib səhrası), yaylalar (Tibesti, Ahaqqar, Darfur, Efiopiya, Şərqi Afrika) geniş yayılmışdır. Materikin şimal-qərbində cavan Alp qırışıqlığına aid Atlas dağları, cənubunda isə qədim Əjdaha və Kap dağları yerləşir. Burada fəaliyyətdə olan Kilimancaro, Kenya, Kamerun vulkanları vardır. Afrikanın ən hündür nöqtəsi Kilimancaro zirvəsi (5895 m), ən alçaq nötəsi Afar çökəkliyindəki Assal gölünün səthidir (-154 m). Misir ərazisində okean səviyyəsindən 132 m aşağıda yerləşən Kattara çökəkliyi də var. Quruda yer qabığının ən uzun çatı olan Şərqi Afrika Sınma Zolağı Qırmızı dəniz sahilindən Zambezi çayının mənsəbinə qədər uzanır. Buna görə də Qırmızı dəniz sahili və bu sınma zolağı seysmik cəhətdən fəal ərazidir. Materikin şimal və qərb hissəsində çökmə süxurlar geniş yayıldığına görə burada neft və təbii qaz ehtiyatları vardır. Ən böyük neft ehtiyatları şimali Afrikada (Misir, Əlcəzair, Liviya) və Qvineya körfəzinin sahilindədir (Qabon, Nigeriya). Cənub və şərq hissədə maqmatik və metamorfik süxurlar geniş yayıldığına görə burada filiz faydalı qazıntılar çoxdur. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Cənubi Afrikada almaz, qızıl, daş-kömür ehtiyatları çoxdur.
Ekvator xətti Afrikanın təqribən mərkəzindən şimal və cənub tropikləri onun üzərindən keçdiyinə görə ərazinin çox hissəsi isti qurşağa düşür və buna görə də o, ən isti materikdir. Materikin çox böyük hissəsində günəş ildə 2 dəfə zenitdə olur. Materikin ucqar şimal və cənub nöqtələrində belə ən soyuq ayın orta temperaturu 10°-12°-dir. Materikin iqliminə onun sahillərindən keçən soyuq Somali, Kanar, Bengel cərəyanları, isti Madaqaskar, Mozambik, İynəburnu, Anqola, Qvineya cərəyanları da təsir göstərir. Yağıntılar qeyri-bərabər paylanıb, ekvatorial qurşağa ildə 2000-3000 mm və daha çox yağıntı düşür. Yeganə materikdir ki, burada olan iqlim qurşaqları həm şimalda həm də cənubda yerləşməklə təkrarlanır. Materikdə 1 ekvatorial, 2 subekvatorial, 2 tropik, 2 subtropik iqlim qurşağı vardır. Materikin çayları onu əhatə edən 2 okean hövzəsinə və materikin sahəsinin 1/3-ni əhatə edən daxili axarlı hövzəyə aiddir. Ən böyük çaylar – Nil, Seneqal, Niger, Konqo, Narıncı çayları Atlantik okeanı hövzəsinə aiddir. Zambezi və Limpopo çayları (Limpopo cənub tropik xəttini 2 dəfə kəsir) Hind okeanı hövzəsinə aiddir. Daxili axarlı hövzə Böyük Səhranı əhatə edir ki, orada Çad gölü və ona tökülən Şari çayı vardır. Materikin əsas gölləri – Tanqanika, Nyasa, Rudolf və s. Şərqi Afrika Sınma Zolağının qrabenlərində yerləşən uzunsov, şirinsulu göllərdir. Materikin ən böyük gölü olan Viktoriya platformanın əyilmə zonasında yerləşdiyinə görə sahəcə böyükdür.

 Iqlim qurşaqları kimi təbii zonaları da təkrarlanır:

Rütubətli, həmişə yaşıl ekvatorial meşələr zonası – müxtəlif fikuslar, palmalar, seyba ağacları, banan, qıjı kimi bitkilərdən leopard, cırtdan, begemot, müxtəlif meymun növləri, timsah və s. yaşayır. Burada Afrikanın endemik heyvanı olan sese milçəyi vardır.

Subekvatorial meşələr zonası.

Savannalar və seyrək meşələr zonası – materikin 40 %-ni əhatə edir. Hündürlüyü 2 m-ə çatan otların arasında tək-tək Səyyah ağacı, Baobab, Butulka, Çətirli Akasiya ağacı, heyvanlardan antilop, zebr, zürafə, gərgədan, fil, begemot, şir, dəvəquşu və s. vardır.

Tropik səhralar zonası – həm şimalda həm də cənubda yayılmışdır.

Codyarpaqlı həmişə yaşıl meşə və kolluqlar zonası – materikin həm şimal həm də cənub hissəsində var.

Afrikanın əhalisi 720 milyon nəfərdən çoxdur. Şimal tərəfdə Avropoid irqinə aid olan ərəblər və bərbərlər, 10° şimal eni boyunca neqroid irqinə aid olan zəncilər, Madaqaskar adasında isə monqoloid irqinə aid olan malaqasilər yaşayır. Afrikanın digər yerli xalqlarına bantular, ximilər, tutsilər, piqmeylər, nilotlar, buşmenlər, qotentotlar aiddir. Materikin şimalında Fransızlar, cənubunda isə İngilis və Hollandlar yaşayır ki, bunlara burlar deyilir. Afrika uzun illər müstəmləkə qitəsi olmuşdur. İkinci dünya müharibəsi ərəfəsində burda Efiopiya, Misir, Liberiya, CAR olmaqla 4 müstəqil ölkə var idi. Hazırda materikdə 56 müstəqil dövlət vardır. Sonuncu olaraq 1993-cü ildə Efiopiyanın tərkibindən Eritreya dövləti ayrılmışdır. Afrikada dövlətlər yaranarkən əhalinin milli etnik tərkibi nəzərə alınmadığına görə burada dövlət sərhədləri çox vaxt paralel və meridianlara uyğun gəlir.

Kənd təsərrüfatı

Ərzaq və kənd təsərrüfatı təşkilatının məlumatına görə Afrikada 200 mln.hektar torpaq becərilir, 900 mln.hektar isə daimi otlaq kimi istifadə edilir.Becərilən torpaqların xüsusi çəkisi çox aşağıdır. Afrika və xüsusilə tropik Afrika dünyanın ən aqrar ərazisi hesab edilir. 2000-ci ilin məlumatına görə bu bölmə təqribən 20% təşkil edir. Həmin ərazinin aktiv əhalisinin 68%-i kənd təsərrüfatı ilə məşğuldur. Bəzi ölkələrdə isə – Mozambik, Həbəşistan, Tanzaniya, Çad, Keniya, Qambiya, MAR və Qvineyada bu gösərici 80%, Burundi, Malavi, Ruanda, Nigeriya, Burkina-Faso, Uqanda, Malidə 90% təşkil etmişdir. Onu da qeyd etməliyik ki, rəsmi statistika bir qayda olaraq ÜDM-in hesablanmasında natural təsərrüfatı nəzərə almır. Hətta belə olduqda da 2000-ci ildə kənd təsərrüfatının xüsusi çəkisi KDR-da 58%, Həbəşistanda 55%, Tanzaniyada 47%, Burundidə 53%, Malavidə 42%, MAR-da 54%, Syerra-Leonedə 50%, Qvineya-Bisauda 54%, Uqandada 44% olmuşdur. Kənd təsərrüfatı istehsalının artım sürəti çox aşağıdır-80-cı illərdə 1,9%, 2000-ci illərdə 1,5% təşkil etmişdir.Bu isə əhalinin artım sürətindən xeyli aşağıdır.Ona görə də burada ərzaq çatışmazlığı problemi daha aydın gözə çarpır. BMT-nin məlumatına görə həmin ərazidə yaxın 15 ildə taxıl çatışmazlığı 50 mln. tondan artıq olacaqdır. Afrikanın kənd təsərrüfatı patriarxal icma, feodal və xırda əmtəə təsərrüfatına əsaslanır. İstifadə edilən torpaq sahəsinin 90%-ə qədəri əl alətləri ilə becərilir.Əkinçilik primitiv aqrotexniki metodlara əsaslanır. Demək olar ki, suvarılan sahə yoxdur. Hazırda becərilən torpaqların cəmisi 5%-i irriqasiya sistemindən istifadə edir.Beləliklə kənd təsərrüfatı demək olar ki, təbiətdən asılı vəziyyətdə qalır.Kimyəvi gübrələrdən çox zəif istifadə edilir. Bu isə məhsuldarlığın az olması ilə şərtlənir. Məsələn, son illərin məlumatına görə Afrikada orta hesabla hər hektara 11 kq gübrə verildiyi halda, Latın Amerikasında bu göstərici 67 kq, Asiyada 129 kq olmuşdur. Əkinçiliyin bəzi sahələrində xarici mülkiyyət – xarici kapital mövcud olduğu üçün ixracat üçün məhsul istehsalı nəzərdə tutulur. Belə sahələrdə nisbətən az–çox inkişaf müşahidə olunur.Bunlar texniki lif, kauçuk, yun, dəri, pambıq, texniki yağlar, kopra və sairədən ibarətdir. Emal sənayesi həddindən artıq geridə qaldığına görə bu məhsullar xammal kimi ixrac edilirlər. Az-çox Zimbabve, Nigeriya, Keniya və bəzi digər ölkələrdə yerli xammal toxuculuq və ayaqqabı sənayesində istifadə edilir. Bunlardan əlavə kakao-paxlalılar, kofe, tropik meyvələr, bitki yağları, şəkər-xammal və digər bir çox məhsullar da ixrac bölməsinə daxildirlər.

Sənaye

Afrika ölkələri müstəqillik əldə etdikdən sonra sənayenin inkişafı o qədər də nəzərə çarpmırdı. Nisbətən iri və orta müəssisələr az-çox dağ-mədən sənayesində yarana bilirdi.Onlar da xarici kapitala məxsus olduğu üçün, milli iqtisadiyyatın inkişafına o qədər də zəmin yarada bilmirdi. Ümumi şəkildə bu regionun sənayesi aşağıdakı cəhətləri özündə əks etdirir:

- milli iqtisadiyyatın özündə sənaye müəssisələri arasında inteqrasiya proseslərinin zəif olması;
- istehsal həcminin az olması üzündən effektivliyin aşağı olması;
- regionda bir-birini tamamlaya bilən istehsal strukturlarının olmaması;
- istehsal xərclərinin tərkibində idxal olunan komponentlərin çox olması;
- istehsal infrastrukturasının həddindən artıq geridə qalması;
- texnoloji gerilik və s.

Afrikada və eləcə də tropik Afrikada faydalı qazıntıların çox olması hasilat sənayesinin böyük rol oynamasına üstünlük vermişdir. Bu isə onların dünya bazarında xammal üzrə ixtisaslaşdırılmasını genişləndirmişdir. XX əsrin 60-cı illərinin əvvəllərinə bu regionda Zambiya, KDR və Zimbabve güclü mineral xammal istehsalçısı kimi məlum idilərsə, 70-ci ilin axırlarına onların sırasına daha 8 ölkə; Anqola, Qvineya, Liberiya, Mavritaniya, Niger, Nigeriya, Svazilend, Syerra-Leone qoşulmuşlar. Bütünlükdə bu ərazi üzrə ÜDM-in 34%-i (2000 il) sənayenin payına düşür. Bunun da yarısı hasilat sənayesinin hesabına formalaşır. Aydındır ki, bu sahədə ayrı-ayrı ölkələr arasında kəskin fərq vardır. Belə ki, həmin göstərici Nigeriya, Anqola, Botsvana və Qabonda 90% təşkil etmiş, Toqo, Qana, Qvineya-Bisau, Mavritniya, Namibiya, Qvineyada isə 50-85%-ə bərabər olmuşdur. Mineral ehtiyatlardan neft, təbii qaz, boksidlər, almaz, fosfotlar, çoxlu filiz növləri (dəmir, uran, marqans, xrom, mis, kobalt, qurğuşun, sink və s.) hasil edilir. Emal sənayesinin xüsusi çəkisi (ÜDM-də) 1980-cı ildə 12%, 2000-ci ildə isə 15% olmuşdur.Bu dünya üzrə emal sənayesinin 1%-ni təşkil edir. Bəzi ölkələrdə isə bu göstərici yüksəkdir, belə ki, Zambiya və Zimbabvedə ÜDM-in 30%-i, Mavrikiyada-23%-i emal sənayesinin payına düşür. Lesoto, Malavi, Çad, Burkina-Faso, Keniya, Mavritaniya, Seneqal, Kamerun, Kot-d`İvuarda həmin göstərici 10-20% arasındadır.Bu regionda yüngül sənayenin inkişafına daha çox üstünlük verilir. Ağır sənaye sahələrindən kimya sənayesi aparıcı rola malikdir.Maşınqayırma müəssisələrinin əksəriyyəti (avtomobil, traktor, elektrotexnika məmulatları istehsalı və s.) texniki təmir üzrə fəaliyyət göstərirlər. Eləcə də Zimbabve, Zambiya və Nigeriyada maşınqayırma müəssisələri də mövcuddur.Bunlarla yanaşı Şimali Afrikada – Misir, Mərakeş və Tunisdə emal sənayesi xeyli inkişaf etdirilmişdir. Əlcəzairdə neft-qaz kompleksi, kimya sənayesi tərəqqi tapmışdır. Bu ölkələrdə dövlət bölməsinin xüsusi çəkisi artıqdır.

 
51352
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic