“ƏSRLƏRİ QABAQLAMIŞ ALİM – NƏSİRƏDDİN TUSİ” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ – AKADEMİK RAMİZ MƏMMƏDOV

Ön söz 
 
Bu kitabın müəllifi ilə bizim tanışlığımız 2002-ci ilin iyun ayında olmuşdur. Belə ki, “Təhsil” Cəmiyyəti məni “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirəcəyi elmi-praktiki konfransa dəvət etdi və onun “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” kitabı haqqında rəylə çıxış etmək təklifini verdi. Açığını deyim ki, kitabın adı ilə müəllifin kim olduğunu müqayisə etdikdə mən bir qədər təəccübləndim və bəlkə də heyrətləndim.
Yəqin oxucu Ramiz Dənizin (Qasımov) SOKAR-ın “Azərneftyağ” zavodunda fəhlə işlədiyini və ali təhsili olmadığını bilir, amma mən onun avtobioqrafiyasını nəql etmək fikrində deyiləm. Baxdım ki, mövzu çox ciddi və böyükdür, ona görə də təbii olaraq, belə iddialı müəllifin əvvəlki yaradıcılığı məni maraqlandırdı və məlum oldu ki, o artıq bu istiqamətdə yazılmış bir neçə kitabın, xüsusilə də qeyd edək trilogiyanın müəllifidir. Mənə rəy üçün verilmiş kitabı və əvvəlki nəşrləri oxuduqdan sonra özüm üçün qoyduğum belə suala cavab vermək istədim, kimdir Ramiz Dəniz? Bu şəxs yazıçıdır, yoxsa tədqiqatçı və nəyə nail olmaq istəyir? Məlum oldu ki, o yeni üsulda çalışan, zəngin Azərbaycan ədəbiyyatında yazıçı və tədqiqatçı anlayışlarını simbiozlaşdırmağa çalışan və müəyyən mənada buna nail olmuş ilk novator müəlliflərdəndir. Məsələn, yuxarıda adını çəkdiyim əsərdə o birinci növbədə tədqiqatçı kimi çıxış etmişdir, bunu əsərdə istinad edilmiş çoxlu sayda ədəbiyyat siyahısı da təsdiq edir. Əlbəttə, müəllifin toxunduğu məsələlər və onlara verdiyi izahların bir çoxu mübahisəlidir. Ancaq, buna görə ona irad tutmaq düzgün olmazdı, heç olmasa ona görə ki, tədqiqatın mənası diskussiyalar, araşdırmalar və bu yollarla həqiqəti tapmaqdır.
Ramiz Dənizin digər məharətlərindən biri müəyyən dövrlər üçün, tarixi və məkanı birgə təsvir etməyə cəhd göstərməsidir. Bu baxımdan, onun yazdığı kitablar, elm səlnaməsinə, tarixi-sərgüzəştlər romanlarına bənzəyir. Elə bu da bizim ədəbiyyatda yeni istiqamətlərdən biri kimi qəbul oluna bilər.
Əlbəttə, ön sözdə kitabı yenidən nəql etməyə ehtiyac yoxdur. Ancaq, nəzərə alsaq ki, kitabla tanışlıq ön sözdən başlayır, burada onun məqsəd və strategiyasına qısa aydınlıq vermək, bəzi məqamları qeyd etmək yerinə düşərdi. Əsasən, Tusi yaradıcılığına həsr etdiyi bu əsərində müəllif qədim dövrlərdə - bizim eramızdan əvvəldən başlayaraq bizim eranın orta əsrlərinə qədər – elmin coğrafiya, tarix, fəlsəfə, astronomiya, riyaziyyat, fizika və s. sahələrində alınmış mühüm nəticələri, ixtiraları, onların yarandığı tarixi, ictimai və sosial şəraiti, müəllifləri haqqında yığcam məlumat verir. Azərbaycan səyyahı və tədqiqatçısı Şeyx Məhəmmədəli Babakuhi Bakuvinin həyatı və yaradıcılığına xüsusi yer ayrılır. Bu çox düzgün yoldur, heç olmasa ona görə ki, Tusi dühasını başa düşmək üçün oxucu minimum belə məlumalara malik olmalıdır. Yəni, məqsəd Tusi yaradıcılığıdırsa, onu oxucuya çatdırmaq üçün strategiya qədim və orta əsrlər tarixində elmi ictimai şəraiti, bəşər tarixinin inkişafında şərq alimlərinin oynadığı rolu göstərməkdir. Fikrimcə bu çox çətin və sərfəli işə müəllif müəyyən dərəcədə nail ola bilmişdir.
Müəllif Tusi dövrünün tarixi şəraiti, Hülaku xanın devrilməz Abbasilər xilafətinə necə qalib gəldiyini, Bağdad üzərinə hücum etməzdən əvvəl alim və üləmalarla necə məsləhətləşdiyini canlı surətdə təsvir etmişdir. Hülaku xanın hökmdarlığından sonra məhbusluqdan azadlığa çıxan Tusinin başqa qabiliyyətləri meydana çıxır. Məlum olur ki, o, həm yaxşı elm təşkilatçısı və həm də dövlət xadimidir. Marağada böyük rəsədxananın tikilməsinə monqol hökmdarını inandırmaq və sonradan dünyavi səviyyədə onun işini təşkil etmək, necə məharətli siyasətçi və təşkilatçı olmağa yaxşı sübutdur. Əlbəttə, bunların hamısının istinadı və əsası dahi Tusinin əvvəl nail olduğu elmi kəşflərdir. Kitabda Marağa rəsədxanasının quruluşu, yaradıcılıq fəaliyyəti və orada işləyən alimlər haqqında daha ətraflı məlumat verilir. “Zic Elxani” əsəri məşhur “Zic Uluqbəy” əsəri ilə müqayisə olunur və onların müqayisəsində birincinin heç də geridə qalmadığı sübut olunur.
Kitabda Tusinin dünya elminə verdiyi töhfələr xüsusi vurğulanmışdır. Onun həndəsə sahəsində yazdığı “Təhrir Öqlidis” kimi şah əsəri bir çox məşhur Avropa alimləri üçün qaynaq olmuşdur. Triqonometriyanın ayrıca bir elm kimi əsasını qoymaq məhs Tusi dühasının məhsuludur.
Maraqlıdır ki, Tusinin çox dəqiq olmayan astronomik alətlərlə təyin etdiyi coğrafi koordinatlara elmin sonrakı inkişafı ancaq dəqiqlik gətirə bilmişdir. Onun “Zic Elxani” əsərində verdiyi coğrafi koordinatlar əsasında dünyanın xəritəsinin tərtib etdiyi və orada Amerika qitəsinin yerini göstərdiyi yaxşı məlumdur. Ramiz Dəniz bu kitabında da Xristofor Kolumbun Amerikanı kəşf etdiyi zaman Tusinin xəritəsindən istifadə etdiyini sübut etməyə çalışır.
Oxucu tərəfindən sual çıxa bilər - Tusi haqqında belə bir kitabın yazılmasına ehtiyac varmı? İlkin və tez cavab odur ki, - yox. Ancaq bir qədər fikirləşsək, bunun düşünülməmiş cavab olduğunu görərik. Belə ki, maraqlıdır nə qədər azərbaycanlı və Azərbaycan vətəndaşının dahi Nəsirəddin Tusi haqqında, heç olmasa, ümumi məlumatı vardır? Əgər sorğu aparsaq bu nəticənin daha neqativ olacağını xüsusi təəssüf və ürək ağrısı ilə qeyd etmək lazımdır.
Araşdırmalar Həbibulla Məmmədbəylinin kitabının Azərbaycan bədii və elmi kütləvi ədəbiyyatında Tusi haqqında yazılmış yeganə samballı əsər olduğunu göstərir. Belə məlum olur ki, Tusi haqqında ən ətraflı məlumatı ancaq “Kembrincin İran tarixi” ensiklopediyasından almaq olar. Bu Azərbaycan tədqiqatçısı üçün şərəf gətirməyən bir boşluqdur. Ramiz Dəniz öz kitabında Nəsirəddin Tusi haqqında, sadə və hamının qavraya biləcəyi şəkildə məlumat verir, onun yaradıcılığını araşdırır. Yaddan çıxarmaq lazım deyil ki, o həm də yazıçıdır və heç kimə bənzəməyən öz üslubu vardır. Çoxrəngli dünyamızda, Azərbaycan dahisini daha bir prizmadan oxucuya ünvanlandırmaq, fikrimcə normal və bəlkə də zəruri bir şey kimi qəbul olunmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, müəllifin iddiası böyükdür, o, Kolumbun Amerikanı kəşf eləməsində Tusinin tərtib etdiyi xəritənin mühüm rol oynadığını sübut etməyə çalışır. Hələlik, nə qədər şübhəli olsa da bu fikrin yaşamağa və əlavə tədqiqatlar aparmaqla sübut olunmasına ehtiyac vardır. Yəni, müəllifin əsas peşəsi yazıçı olmağına baxmayaraq, o tədqiqatçılar qarşısında yeni məsələ qoyur.
Müəllifin stili, cümlələrin morfologiyası qənaətbəxşdir, oxucunu yormur, kitab asan oxunur. Bunların hamısı, ali təhsili olmayan adamın böyük həcmli kitablar yazması, şübhəsiz onun istedadlı şəxs olduğuna dəlalətdir. Bununla birlikdə, sistemli təhsilinin olması müəllifin daha çətin və mürəkkəb mövzularla məşğul olmasına zəmin yaradardı.
Ramiz Dəniz məhsuldar işləyən müəlliflərdəndir və bu bizə onun yeni kitablarını gözləməyə əsas verir. Ona yorulmamaq və uğurlar arzu edirəm.
 
                                       Ramiz Məmmədov akademik, AMEA-nın həqiqi üzvü,
                                       AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun direktoru,                                               
                                                Texniki elmlər doktoru, okeanoloq
16794
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic