“ƏSRLƏRİ QABAQLAMIŞ ALİM – NƏSİRƏDDİN TUSİ” REDAKTOR SÖZÜ - PROFESSOR EYBALİ MEHRƏLİYEV

Böyük məqsədə doğru cəsarətli addım
 
Qarşımda cavan yazşıçının yeni əsərinin əlyazmasını bir redaktor kimi oxuyuram. Bu əsər müəllifin Nəsirəddin Tusi yaradıcılığının onlarla sahəsinin bir hissəsinə, əsasən astronomiyaya gətirdiyi yeniliklərin yaratdığı elmi sensas-siyanın xalqına bəxş etdiyi bədii-elmi izahıdır.
Müəllif əvvəlki trilogiyadan sonra yaratdığı “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” adlı əsərində Azərbaycanın elm korifeyi olan Nəsirəddin Tusinin elmi yaradıcılığının böyük coğrafi kəşflərin başlanmasında və yerinə yetirilməsində nə kimi rol oynamasını sübut etməyə çalışmışdı. O, göstərmişdi ki, Tusinin yaradıcılığı hansı yollarla Xristofor Kolumbun vətəni İtali-yaya çatmış, onu Kolumb tədqiq etmiş və Hindistana səyahətini təşkil etmək üçün bu məlumatlarla birlikdə İspaniyaya getmişdir. Müəllifin həmin əsərində Tusinin Qərbi Avropa elminə, o cümlədən ümumibəşəri kəşfələrə yol açmağa imkan yaradan yaradıcılığından bəhs edilmişdir.
Ramiz Dənizin (Qasımov) indiki redaktə etdiyim kitabı – “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsəridir. Onu bu işə sövq edən hansı qüvvədir? Müəllif alim haqqında olan bu əsərin yazılmasına başlayaraq onun yaradıcılığına o qədər dərindən bələd olmuşdur ki, özünün topladığı məlumatlar müəllifi narahat etməli olmuş, Tusi haqqında ikinci əsərini yazmağa məcbur olmuşdur. Bu əsərin ümumi mənasını ümumiləşdirərək onu qısaca olaraq “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” qoymuşdur. Axı bu alimin astronomiya, riyaziyyat, həndəsə, etika, pedaqoqika, fəlsəfə və sair elmlər sahəsində yaratdığı əsərləri əksər əhaliyə, xüsusilə onun soydaşları olan bizim yaddaşımıza lazımınca çatdırılmayıb. Ona görə də redaktə etdiyimiz əsərdə müəllif haqlı olaraq yazır: “...mən bir azərbaycanlı kimi millətimin nümayəndəsi olan alimlərin elmi irsini ön cərgəyə çəkərək, onların elmi fəaliyyəti ilə maraqlanmağa başladım... Azərbaycanın görkəmli şəxsiyyəti... Mühəmməd Nəsirəddin Tusinin elmi, dövrü fəaliy-yəti mənim marağıma səbəb oldu... O, dünya əhəmiyyətli elmi ixtiraların sahibi ola-ola müasir dövrdə nəinki dünya miqyasında, hətta yaşadığı regionda kifayət qədər tanınmamış bir alim kimi qalır”.
Müəllif özünün ürək ağrısı ilə preambula seçdiyi bu girişdən sonra Tusi yaradıcılığının bir çoxları tərəfindən insafcızcasına istifadə edib öz adlarına keçirilməsinə acıyır. Oxucu diqqət yetir! Qərb dünyasının fəxr etdiyi Polşa astronomu Nikolay Kopernik özündən 250 il əvvəl yaşamış Tusinin aşağıdakı “birinin diametri o birinin diametrinin yarısına bərabər iki dairə bir müstəvi üzərindədir” teoremasına istinad etmədən olduğu kimi özünün “Göy sferasının fırlanması” adlı əsərində vermişdir. Halbuki bu teoremi Tusi ilk dəfə isbat etmiş və “Astronomiya xatirələri” kitabına daxil etmişdir. Danimarkalı astronom Tixo Bragenin rəsədxanasında Marağada ilk dəfə icad olunmuş “divar kvadrantının” bir neçəsi Marağa rəsədxanasında yaradılmışdır. Tusinin cihazları və əsərlərinin elmi ideyaları Qərbi Avropada, Çində, Hindistanda astronomiyanın, riyaziyyatın inkişafına təsir etmişdir.
Bax, bunlar bizə, Tusinin soydaşlarına məlum olmayaraq qalır. Ona görə də nəşr üçün hazırlanan bu əsərdə yazıçı Ramiz Dəniz Tusi haqqında bu samballı əsəri yazmaqla onu öz xalqına layiqincə tanıtmağa çalışmışdır.
Bu məqsədlə müəllif Nəsirəddin Tusinin dünya elmində kimliyini tanıtmaq üçün tarixin dərinliyinə baş vurmalı olmuşdur. Dünyada kosmoqrafiyanın inkişafına qısa təhlil vermiş, bu işdə Azərbaycan alimlərinin, xüsusilə Tusinin yaradıcılığına geniş baxmışdır. Əsasən onun astronomiya və riyaziyyat, həm də doplomatiya sahəsindəki fəaliyyətinə daha dərindən baxmışdır. Müəllif sübut etmişdir ki, Tusinin yaratdığı cihazların qalıqları dünyanın bir çox elmi mərkəzlərində və muzeylərində qalmaqla, onlar o yerlərə aparılan vaxtdan sonra uzunmüddət oralardakı alimlərin elmi təfəkkürün inkişafına kömək etmişdir. Bu cəhətdən müəllif əsərinin bir başlığını “N. Tusinin dünya miqyasın-dakı elmi nailiyyətləri” adlandırması təsadüfi deyildir. Onun N. Tusinin “Təhrir Öqlidis” (“Evklidin izahı”) “Şəklül-qita”, “Hesablamalar məcmusu” və s. əsərləri özündən sonra həndəsənin öyrənilməsi və inkişafı üçün əsas olmuşdur. Müəllif onu sübut etmək məqsədilə professor B. A. Rozenfeldin belə bir fikrini misal gətirir: “Nəsirəddin paralellik postulatını iki aksioma və postulatlar vasitəsilə sübut etməkdən boyun qaçırması və həmin postulatı əvəz edəcək daha sadə postulat işləməsi Lobaçevski kəşfinin hazırlanması işində irəliyə doğru atılmış mühüm addımdır”.
Əsərin sonunda müəllif onun məzmununu 24 bənddən ibarət ümumiləşdirilmiş nəticələrlə Nəsirəddin Tusinin əsrləri necə qabaqlaması sübut edilir.
Yazıçı-tədqiqatçı Ramiz Dənizin əsəri hədsiz dərəcədə zəngin məlumatlar əsasında yazılmış, astronomiya, riyaziyyat, geodeziya, etika, coğrafiya, fəlsəfə və s. elmlərin inkişafına Azərbaycan aliminin elmi təsiri zəngin araşdırmalarla izah edir.
Müəllifin əsəri əvvəldən axıra kimi vətənpərvərlik ruhu ilə yoğrulmuş ideyalar və ümumiləşmələrdən ibarətdir.
Oxucular yazıçının əsərində çox məzmunlu elmi yaradıcılıq səhnələrini sadə və mənalı oxuya biləcəklər. Amma, onu müəllifin istədiyi kimi canidildən oxumaq, xalqımızın şöhrət dünyası ilə ətraflı tanış olmaq lazımdır.
Biz cavan novator yazıçımız Ramiz Dənizin bu beşinci tarixi-araşdırma əsərini qarşısına qoyduğu “Böyük məqsədə doğru cəsarətli addım” adlandırıb, ona böyük yaradıcılıq gələcəyi arzulayırıq.                                                                                    
                                                      professor Eybali Mehrəliyev
                                                    AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru
6893
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic