BRAZİLİYANIN KƏŞFİ LİSSABONDA PLANLAŞDIRILIBDIR - II HİSSƏ

                                              (Əvvəli – “Müəmmalarla dolu olan Baraziliyanın kəşf” – adlı məqalədə)
 
Yaşıl Burun adalarının San-Nikolau adasından Korumban burnuna qədər təxminən (okeanlardakı cərəyanları törətdiyi maneələrlə birlikdə) 4000 km-lik məsafə var. Gəmilərin hərəkət marşrutunu müəyyən etdikdə, görərik ki, onlar yalnız cənub kursu ilə məsafələri qət ediblər. Korumban burnunun yerləşdiyi enlikdə məsafə 1600 km-dir. Əgər gəmilər həmin enliyin yerləşdiyi ərazidə yollarını azıb, uzun müddət qərb istiqamətində hərəkət ediblərsə, bu inandırıcı görünmür. Ona görə ki, adi dənizçiləri demirəm, ən azı şturmanlar həmin yolu azmadan xəbər tutmalıydılar. Onların okeanda manevr etmək və oriyentiri tutmaq üçün kompasları vardı.
Kompas olduğu halda bu qədər məsafəni azmış şəkildə qət etmək absurd sayılır. Müəyyən mənada həmin dövrdə bu da mümkündür. Hava dumanlı və yaxud da küləkli olanda nəzərdə tutulan kursdan yayınmaq olar, o da ki, maksimum 300-400 km. uzun müddətli fırtınalı havada isə 500-700 km. Səyahət zamanı aparılan gündəlikdəki yazılardan məlum olur ki, ekspedisiya ekvator xəttini keçənə qədər portuqallar yolda elə də ciddi təbii fəsadlarla üzləşməyiblər. Deməli, müəyyənləşdirilmiş kursla münasib havada azmaq mümkün deyildi. Bundan belə nəticə çıxarmaq olar ki, portuqallar yolda azmamış və bilərəkdən əvvəlcədən müəyyən edilmiş kursla Braziliya sahillərinə gedərək, həmin “kəşfi” həyata keçirmişdilər. Deməli, təcrübəli şturmanların və naviqatorların olduğu donanmanın 1600 km. okeanda azması inandırıcı görünmür.
 
                                                  
                                                   Bartolomeu Diaş (1450-1500)
 
Həmin ekspedisiyada Bartolomeu Diaş, Dioqu Diaş, Duarti Paşeku Pireyra kimi təcrübəli komandor və kapitanlar iştirak edirdi və həmin dənizçilər şəxsi təcrübələrini genişləndirmək üçün hər gün qət etdikləri yolu öz gündəliklərində qeyd edir, hansı kursla hərəkət etdiklərini diqqətlə izləyirdilər. Heç kim də bilməsə, məhz onlar ekspedisiyanın əsas kursdan yayındığını hiss etməli və bu haqda Pedru Kabrala məlumat verməliydilər. Ekspedisiyanın gedişatı onu göstərir ki, komandoru belə bir səhv qane etmiş və o, okean keçidi zamanı marşrut kursunu köməkçilərinə həvalə etmişdi. Lakin buna baxmayaraq ekspedisiya əsas kursdan yayınmış və uzun müddət başqa bir istiqamətdə hərəkət etmişdi. Bu isə inanılası deyil.
Şübhələri aradan qaldırmaq üçün mühüm məsələyə toxunmaq lazımdır. İş ondadır ki, ekspedisiya Yaşıl Burun adalarından uzaqlaşandan bir neçə gün sonra yolda azmışdı. Lakin portuqallar mayın 2-də “kəşf” olunan “Vera-Kruş” torpağını tərk edəndən sonra, kursu birbaşa, Afrikanın cənubunda yerləşən Ümid burnuna tutur və çox qəribədir ki, 7300 km. yol qət etsələr də, onlar yolda azmadan qısa müddət ərzində deyilən yerə gəlib çıxırlar. Halbuki onlar həmin kurs ilə və həmin akvatoriyada ilk dəfə üzmüş və heç bir qeyri-adi hadisə ilə üzləşmədən, yolda heç bir dayanacaqdan istifadə etmədən 7300 km-lik yolu arxada qoyaraq, istənilən məkana çatırlar. Onda belə çıxır ki, açıq okeanda manevr etməkdə mahir usta olan portuqal şturmanları, Yaşıl Burun adalarından Ümid burnuna kimi hərəkət edən zaman heç vaxt əsas kursdan yayınaraq, tamamilə əks tərəfdə yerləşən Braziliya saillərinə gedib çıxa bilməzdilər. Əgər, belə bir səhv baş vermişdisə, yəni ekspedisiya yolda azıb Braziliya sahillərində peyda olmuşdularsa, onda onlar Ümid burnuna yollanan zaman mütləq şəkildə yolda azmalı idilər. Ona görə ki, portuqal dəniz səyyahları bir dəfə də olsun həmin marşrutdan istifadə etməmişdilər.
Məlum olduğu kimi onlar Afrikanın cənubuna çatanda, orada güclü fırtına ilə üzləşir və ekspedisiyanın tərkibinə daxil olan 4 gəmini heyəti ilə birlikdə itirmişdi. Xüsusilə qeyd etmək lazımdır ki, ekspedisiyanı Ümid burnunun cənubuna gətirib çıxaran Bartolomeu Diaş həmin fırtınanın qurbanı olmuşdur.
 
 Pedro Kabralın ekspedisiyası Afrikanın cənubuna doğru  
hərəkət edir
 
Əlavə etmək olar ki, hava əlverişli olan zaman mütəmadi olaraq, səyyahların ən böyük dənizçilik silahı olan qladştok vasitəsi ilə üzdükləri coğrafi enliyi müəyyənləşdirmək mümkündür. Belə olan halda onlar yolda necə aza bilərdilər?
Bunu onunla da izah etmək olar ki, onlar Braziliya sahillərinə yan alanda birdən-birə Atlantik okeanının o biri tayında olduğunu müəyyənləşdirəndən sonra, belə bir xətaya görə Kabral tabeliyində olan heç bir şturmanı və ya kapitanı cəzalandırmır. Halbuki həmin dövrdə belə bir kobud səhlənkarlıq heç bir dənizçiyə bağışlanmır, sanki belə də lazım imiş. Matroslar tərəddüd içərisində qalırlar. Axı, onlar kapitanların verdikləri bütün tapşırıqları peşəkarcasına yerinə yetirmişdilər.
Bundan əlavə onlar qarşıdakı torpağı görən kimi vaxt itirmədən sahil zolağının tədqiqi ilə məşğul olurlar. Ən maraqlı hal isə odur ki, portuqallar sahilə çıxandan sonra, həmin ərazinin onların krallığına məxsus olduğunu bildirən əlamət olan daş padran yox, taxtadan düzəldilmiş böyük xaç qoyurlar. Bu nədir, növbəti səhlənkarlıq, yoxsa kəşf etdikləri ərazinin xüsusi önəm daşımamasıdır? Halbuki hər hansı bir dəniz səyyahı belə bir qeyri-adi kəşfə ciddi yanaşmalı idi. Ona görə ki, portuqallar on illər idi Atlantikanın bu hissəsində torpaq ərazisi axtarırdılar və qəribə olsa da bu xoşbəxtliyə nail ola bilmirdilər. Lakin birdən-birə Kabralın başına səadət quşu qonur o, isə belə bir “kəşfə” biganəlik göstərir.
 
   
Kabralın ekspedisiyasının marşrutu
 
Bəs, nəyə görə Lissabondan Hindistanın Kalikut şəhərinə yollanan ekspedisiyanın yolda qəribə kurs seçməsini nə ilə izah etmək olar? Bu marşrutun seçilməsindən Pedru Kabralın özü məlumatlı idi, ya yox? Çox güman ki, hali idi. Ona görə belə bir səhlənkarlıq mütləq onun tərəfindən cəzalandırılmalıydı. Bu kəşf portuqallar üçün xüsusi önəm daşımırdısa, onda nəyə görə Hindistana nəzərdə tutulan gəmilərdən birini, Kabral həmin kəşf barəsində məlumat verməkdən ötrü Lissabona göndərir? Məlumdur ki, Braziliya kəşf edildikdən düz 10 gün sonra ekspedisiyanın rəhbəri Qaspar de Lemuşu gəmisi ilə birlikdə, yazdığı məktubla Portuqaliyaya yola salır. Bu o vaxt edilirdi ki, kəşf edilən coğrafi məntəqə xüsusi əhəmiyyət kəsb edirsə, onda həmin məlumat tələsik halda lazımi yerə çatdırılmalıydı. Deməli, Braziliyanın kəşfi əvvəlcədən nəzərdə tutulmuş və bu haqda dünya ictimaiyyəti xəbərdar olmalıydı.
Maraqlıdır, donanmanı Braziliya sahillərinə çatdırılmaq tapşırığı kimə verilmişdi, yolu yarısına kimi tanıyan Bartolomeu Diaşa, yoxsa həmin marşrutu yaxşı tanıyan başqa bir adama?
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                       
 
 
 
4287
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic