ALONSO SANÇES DE UELVANIN MADEYRA ADALARINDA XRİSTOFOR KOLUMBLA GÖRÜŞÜ - I HİSSƏ

Nəzəri olaraq Florida yarımadasının yarısı, Antil adaları, Meksika, Cənubi Amerika bütünlüklə Portuqaliyanın tabeliyinə keçir. Məhz “Aeterna Regis” qüvvəyə minəndən sonra tarixçilər qeyd edirdilər ki, 1481-ci ilə qədər Amerika qitəsi portuqal dənizçiləri tərəfindən kəşf edilmiş və bu kəşfi münasib vaxta kimi gizlin saxlamağı lazım bilmişdilər. Bu fikri XVI əsrin bütün səlnaməçiləri – Bartolome de las Kasas, Fransisko Lopes de Qomara, Qonsalo Fernandes de Ovyedo-i-Valdes müdafiə edirdilər, peruan səlnaməçisi Qorsilaso de la Veqa (Estremaduralı idalqonun və ink şahzadəsinin oğlu), hətta portuqal şkiperi Alonso Sançes de Uelvanı həmin kəşfi həyata keçirən bir dənizçi kimi onun adını dəqiqliklə göstərir. Bundan əlavə Jorj Blon, Fransisko-de-Qomara Alonso və başqaları Uelvanın Xristofor Kolumbla görüşdüyünü də bildirirlər.
 
                                 
     Bartolomeo de las Casas (1484-1566)           Gonzalo Fernandes de Oviedo y Valdes (1478-1557)
 
Tarixi mənbələrdə Xristofor Kolumbun 1478-ci ildə Portuqaliyaya növbəti gəlişi göstərilir və o, bir neçə illiyə Madeyra adalarında məskunlaşır. Genuyalı dənizçi orada gələcək həyat yoldaşı Felipa da Perestrella ilə tanış olur və 1479-cu ildə onunla evlənir. Kolumb üçün həmin nigah göydən düşmə olur. Onun daxil olduğu evin sahibləri vaxtilə şahzadə Enrike Dənizsəyyahının və ondan sonra gələn kralların təşkil etdikləri ekspedisiyalarda yaxından iştirak etmişdilər. Felipanın atası əslən Lombardiyadan idi və iyirmi il əvvəl dünyasını dəyişmişdi. O, cavanlıqda Portuqaliyanın dəniz səyahətləri sayəsində göstərdiyi xidmətlərinə görə şahzadə Enrikenin əyanları sırasına qəbul edilmiş və Portu–Santu adasının qubernatoru (Xristofor Kolumb evlənəndə isə Felipanın qardaşı həmin adanın qubernator vəzfəsinə yiyələnir) vəzifəsinə təyin edilmişdi.
Venetsiyalı tacir və dəniz səyyahı Alvize da Kadamostonun söylədiyinə görə Kolumbun qayınatası tanınmış müstəmləkəçi sahibkar olmuşdu. Portuqal dəniz səyyahlarının Atlantik okeanındakı müxtəlif səyahətlərinə dair bir çox sənədlər Kolumbun əlinə keçir. Adı çəkilən okeanın qərb hissəsinin tədqiqi ilə bağlı layihənin hazırlanmasında, həmin sənədlər müəyyən mənada yardımçı olmuşdu.
 
                                              
Felipa da Perestrella (1451-1497)
        
Xristofor Kolumb praktiki naviqasiya üzrə ilk məktəbini elə Portu-Santuda keçir və oradan Azör adalarına səyahət edəndən sonra dənizçilik elminin kursunu, 1482 və ya 1483-cu ildə Afrikanın Qvineya körfəzinə gedən ekspedisiyalarda başa çatdırır. Qaynaqlarda göstərilir ki, Qvineya sahillərinə üzərkən Kolumb, qaynının onun haqqında Portuqaliya kralına göndərdiyi təqdimatına əsasən, iki gəminin komandanı təyin edilir və o, həmin səyahət zamanı, Diyeqo de Azanbujun Qvineya körfəzinin sahillərində saldırdığı San-Jorji-da-Mina fortuna kimi gedib çıxır.
Təxminən 1484-cü ildə Nyebla qraflığının Uelva məntəqəsindən olan Alonso Sançes Uelvalı sahibi olduğu böyük olmayan bir gəmisi ilə İspaniyadan Kanar adalarına müəyyən mallar daşıyırdı. Kanar adalarında meyvə doldurub Madeyraya aparır, oradan isə şəkər və mürəbbə yükü ilə İspaniyaya gedirdi. Belə bir üçkünc marşrutu ilə üzən Alonso Sançes Kanar adalarından Madeyraya gedəndə, yolda gözlənilmədən şiddətli qasırğa ilə üzləşir. O, müqavimət göstərməkdə aciz olduğu üçün həmin qasırğanın əhatəsində, 28 və ya 29 gün getdiyini bilmədən... okeanda naməlum bir adaya yan alır. Güman edilir ki, bu indiki Santo-Dominqo adlandırılan ada idi. Kanar adalarında başlanan qasırğa (şərq küləyinin) solanonun istiqamətilə hərəkət etdiyindən və Santo-Dominqo həmin enlikdə yerləşdiyindən belə qənaətə gəlmək olur.1
Bir dəfə tale Portu-Santunun sahilinə qəzaya uğramış gəmini çıxarır. Bir neçə sağ qalmış dənizçinin arasında tamamilə zəifləyib əldən düşmüş şturman Xristofor Kolumbun diqqətini özünə cəlb edir. Matrosun biri sayaqlamış vəziyyətdə aramsız mahnı oxuyan rəngarəng quşların mahnılarından, naməlum heyvanlardan və qaradərili adamlardan danışırdı. Gəmi isə qərbdən gəlib sahilə çırpılmışdı. Diqqətlə qulaq asan Xristofor Kolumb həmin an can verən şturmanı evinə aparmaq üçün göstəriş verir. O, bacardıq qədər şturmanın qulluğunda durur və onun adının Alonso Sançes de Uelva olduğunu öyrənir. Özünə gələn dənizçi başına gələn odisseyanı Kolumba danışır. Fırtına zamanı onlar Qaranlıq dənizində (həmin dövrdə Atlantik okeanını belə adlandırırdılar – R. D.) azır və gəlib məftunedici bir adaya çıxırlar. Sançes öz xilaskarına xəritədə adanın harada olduğunu göstərir və ora getmək üçün hesablamaları verir.[1] Lakin həmin söhbətdən sonra Sançes dünyasını dəyişir. Sahilə yan alan o biri dənizçilər də qısa müddət ərzində vəfat edir, şturman isə Kolumbun evində ölür.[2]
Alonso Sançes de Uelvanın okeandakı macərası barəsində Peruan səlnaməçisi Qorsilaso de la Veqa qeyd edir ki, tarixçı Fransisko Lopes de Qomara “Hindistanın ümumi tarixi” əsərində tam olmasa da, lakin yığcam məlumat veribdir. İnk şahzadəsinin oğlu həmin yazıya dair belə bir irad bildirir: “De Qomara bu haqda sahildə gəzişən, Yeni Dünya sahillərində olmuş cəmiyyətin sıravi təbəqəsində - dənizçi və mülki şəxslərdən, özü isə Uelvanın qeyri-adi səgüzəştləri ilə bağlı söhbətləri atasından və atasınin yanında olmuş yüksək vəzifəli şəxslərdən, o cümlədən, saraya yaxın olan adamlardan eşitmişdir”.
 
                      
                             Garsilaso de la Vega (1539-1616)                         Francisco Lopes de Gomara (1511-1566)
 
Belə bir tarixçəni ilk dəfə yepiskop Cozef Akosta danışıbdır. O, Peruda olarkən eşidir ki, hansısa bir matros okeanda baş verən güclü qasırğanın təzyiqi ilə gedib Yeni Dünya sahillərini kəşf etmiş və oradan Madeyraya gələndə Xristofor Kolumbun ona göstərdiyi hörmətə görə, həmin hadisəni genuyalıya ərz etmişdi. Kolumb isə öz növbəsində bu barədə bir neçə yaxın adama, o cümlədən, saraydakı əyanlara danışmış və onlar da ekspedisiyanın təşkil edilməsində ona yardım göstərmişdilər.1
 
                                                   
                                                   Alonso Sançes de Uelva
 
                                    (Ardı – “Yeni Dünyanın kəşfində Alonso Sançes de Uelvanın sirri heç bir
                                                  rol oynamayıbdır” – adlı məqalədə)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                         
 

      1 Горсиласо де ла Вега. Текст воспроизведен по изданию, История государства Инков. Л. «Наука». 1974. стр. 16-17.
          1 Жорж Блон, «Атлантический океан», стр. 15.
          2 Франциско-де-Гомара. «Общая история Индий», 1552 г., XIII глава, «Первая открытия Индии».
      1 Горсиласо де ла Вега. Текст воспроизведен по изданию, История государства Инков. Л. «Наука». 1974. стр. 17-18.
5588
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic