ABŞERON İQTİSADİ-COĞRAFİ RAYONU
Abşeron iqtisadi-coğrafi rayonunun tərkibinə Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı inzibati rayonları daxildir. İqtisadi-coğrafi rayon ölkənin şərqində, Xəzər dənizinin sahillərində yerləşir və əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Sahəsi 5,42 min km2-dir və ölkə ərazisinin 6,3%-i əhatə edir. Rayonun relyefi dağətəyi təpəli düzənliklər və alçaq dağlıqdan ibarətdir. Quru subtropik iqlim səciyyəvidir. İqtisadi-coğrafi rayonda əhalinin sayı 2651,4 min nəfərdir və ölkə əhalisinin 28,7%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2-ə 489,2 nəfər, urbanizasiya səviyyəsi 98,5 nəfərdir. Abşeron İqtisadi-coğrafi rayonu neft, təbii qaz, əhəng daşı, sement xammalı, kvars və tikinti qumları ehtiyatlarına malikdir. Abşeron yarımadasında zəngin balneoloji ehtiyatlar, bundan başqa bol günəş və külək enerjisi ehtiyatları vardır. Müalicə əhəmiyyətli mineral sular səthə çıxır (Şıx, Suraxanı). Çoxlu palçıq vulkanı (Keyrəki, Lökbatan və s.) yayılmışdır. Abşeronda sənayenin bütün sahələri inkişaf etmişdir. Neft və qazçıxarma neft-kimya, əsas kimya, qara və əlvan metallurgiya, maşınqayırma (neft-mədən avadanlığı, elektrotexnika, gəmi təmiri), energetika, yüngül və yeyinti sənayesi əsas təsərrüfat sahələridir. Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzüçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi coğrafi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, badam, püstə, əncir, ağ və qara şanı üzüm növləri, qarpız kimi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir. Abşeron iqtisadi-coğrafi rayonu inkişaf etmiş infrastruktura malikdir. 49127
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|