QUBA-XAÇMAZ İQTİSADİ-COĞRAFİ RAYONU
İqtisadi-coğrafi rayonun tərkibinə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən inzibati rayonları daxildir. İqtisadi rayon Böyük Qafqazın şimal-şərq yamaclarında, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Xəzər dənizi arasında yerləşir. Sahəsi 6,96 min km2–dir və ölkə ərazisinin 8,0%-ni əhatə edir. Əsas relyef formalarına Baş Qafqaz sıra dağları, Yan silsilə, Qusar maili düzənliyi, Şollar düzü və Samur dəvəçi ovalığı aiddir. İqtisadi rayonda əhalinin sayı 505,4 min nəfər, o cümlədən şəhər əhalisi 170,9 min nəfər, kənd əhalisi 334,5 min nəfərdir. Ölkə əhalisinin 5,5%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2-ə 73 nəfər, urbanizasiya səviyyəsi 33,8%-dir (2012). Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil əsas təbii sərvətlərdir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir, ərazinin 10-11%-i meşələrlə örtülmüşdür. Nabran-Yalama zonasında, Xəzər dənizinin sahillərində olan meşələr, qızmar yay və qumluqlar əsas istirahət zonalarıdır. Kənd təsərrüfatı tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa üzüm, kartof, günəbaxan və bostan məhsulları yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir, düzənlik ərazisində südlük-ətlik istiqamətli maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. İqtisadi rayonda kənd təsərrüfatının inkişaf yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Aqrar-sənaye kompleksinin əsasını meyvə-tərəvəz konservi istehsalı (Xaçmaz, Quba), xalça toxuculuğu (Quba, Qusar, Xaçmaz, Şabran), tikinti materialları (qum-çınqıl) hasilatı sahələri təşkil edir. Neft və qaz hasilatı (Siyəzən) İqtisadi-coğrafi rayonun ağır sənaye əsasıdır. Son vaxtlarda Xaçmazda və Qubada Modul İES-lər qurulmuşdur. İqtisadi rayon ərazisindən keçən telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir. 43201
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|