ŞEYX MƏHƏMMƏDƏLİ BABAKUHİ BAKUVİAzərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri, şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi. Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə, mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqətlə yanaşılmış və bu sahələrin inkişafı üçün güclü mütəxəssislər yetişdirilmişdi. Bundan əlavə Azərbaycan alimləri ölkənin sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proseslərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və oralarda da elmi tədqiqatlarını davam etdirirdilər.
Akademik Ziya Bunyadov göstərir ki, hələ erkən orta əsrlərdən bir çox azərbaycanlı alimlər Bağdadda, Mosulda, İsgəndəriyyədə, Ədəndə, Qahirədə və digər ərəb ölkələrində müxtəlif elm sahələrindən dərs demiş və tədqiqat aparmışdılar. Bu o deməkdir ki, həmin dövrə qədər artıq Azərbaycanın bir çox şəhərlərində təhsil ocaqları yüksək səviyyədə fəaliyyət göstərmişdi. Professor N. K. Kərəmov qeyd etmişdir ki, Qafqaz və Orta Asiya, Yaxın və Orta Şərq, Hindistan və Şimali Afrika ölkələrinin təbiəti, əhalisi və təsərrüfat fəaliyyəti haqqında düzgün və dəqiq məlumatların toplanmasında azərbaycanlı coğrafiyaşünas və səyyahlar həlledici rollardan birini oynamışdılar.1 Əlbəttə professor N. K. Kərəmov bu sözləri söyləməkdə israrlı idi. Ona görə ki, hələ erkən orta əsrlərdən başlayaraq Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri səyahətlərə çıxaraq, özləri üçün bir çox maraqlı məlumatlar toplamışdılar. Onlardan biri də şair, alim, filosof, səyyah və qismən də kosmoqraf Şeyx Məhəmmədəli Babakuhi Bakuvi (931/32-1051) idi. Şərqşünas və tədqiqatçı Y. E. Bertels onun tam adını aşağıdakı kimi müəyyənləşdirmişdir: “Şeyx Məhəmmədəli Əbu-Abdullah Məhəmməd ibn Abdullah ibn Ubeydullah ibn – Əhməd Şirvani Babakuhi”. Şeyx Abdulla Ənsari, Abdurəhman Cəmi və Əliəjdər Səidzadənin fikrincə, Babakuhi İrana, Orta Asiyaya, Ərəbistana və çox güman ki, Hindistana da səyahət etmişdir. Professor Eybali Mehrəliev “Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani” əsərində bu haqda yazır: “Ş. M. Babakuhi 20 ildən çox müddət ərzində İranı, Orta Asiyanı və Hindistanı hər tərəfli gəzmişdir. Ona görə ki, o, həmin yerləri ötəri səyahət etməmiş, ayrı-ayrı hissələrində dayanıb yaşamış, yerli alimlərlə görüşmüş, müsəlman dünyasında müəyyən cərəyanların inkişaf etdirilməsində öz fikirlərini söyləyərək yerli əhalinin dünya görüşündə adət-ənənələrinin öyrənilməsində mühüm rol oynayır...”2 Babakuhinin, antik dövrünün alimləri kimi, dünya okeanının mövcud olmasından xəbəri var imiş. Bunu yazdığı şeirin misralarında anlamaq çətin deyil. “Sahili görünməz, uzanıb gedən, Hər yeri qurşayan böyük dənizdə, Kuhi təbiətlə yudu qəlbini, Odur ki, ariflər bilir qədrini”.3 Ş. M. Babakuhi öz qəzəllərində təbiətşünaslıq və səyahət marşurutlarının təsvirini verməklə, özünün coğrafi görüşlərini bəyan edirdi. O, Yerin kürə şəklində olmasını da öz şerində bildirmişdi: “Sənin məhəbbətin ağ xoruz oldu, Oxşatdı dünyanı bir yumurtaya, Sarısı Günəşdir o yumurtanın, Təbiət qoyubdur onu ortaya”.4 E. Mehrəliyev şeirin misralarını belə açıqlayır: “Doğrudur şairin elmi mühakiməsi məhəbbət pərdəsi altında verilmişdir. Dünyanın (Yer kürəsi nəzərdə tutulur, E. M.) yumurtaya oxşadılması məsələsi Kainatın heliosentrik sistemin əsas əlamətlərini izah edir. Həm də bu prosesi təbiətin özünün işi sayır, təbii qanunlar əsasında qurulduğunu söyləyir. Bu elmi müddəalar hələ də özünün elmi əhəmiyyətini itirməmişdir. İslam dininin təzə başlandığı və kəskinliklə inkişaf etdiyi vaxtda dini müddəaların əleyhinə olan fikirləri başqa cür deyilə bilməz. Babakuhi bir insan kimi öz dövründən ayrıla bilməsə də bu fikir dahi Xarəzm alimi Əbu-Reyhan Birunidən 30-40 il əvvəl söylənmiş, Kainatın heliosentrik quruluşu haqqında öz dövrü üçün çox cəsarətli fərziyyəsi idi. Eləcə də bu fərziyyə Polşa alimi Nikolay Kopernikin bu sahədəki kəşfindən də 500 il əvvəl yürüdülmüşdü... Digər tərəfdən Yer kürəsinin analoqu olan yumurta, onun Günəşə oxşadılan sarısı, toyuq tərəfindən yaradıldığına görə, toyuq - bir-birini tamamlayan və bir-birinin təkrarı olan bioloji prosesin yaradıcısı olmasını da təsəvvür etmək mümkündür. Lakin Babakuhinin belə qabaqcıl fikirləri açıq deyil, mifik və lirik örtüklər altında izah edilmişdir”.5 “Sufilərin kosmoqrafiyasında “dünya yumurtası” haqqında danışılanda, Kainat haqqında deyil, Yer kürəsi barəsində düşünülür”.6 Mənim fikrimcə, Babakuhi bu şeirdə Yer kürəsi haqqında deyil, məhz Kainat barəsində düşündüyünü bildir-mək istəmişdir. İnsanın məhəbbəti ağ xoruzdur. Ağ xoruz isə yalnız bizim Qalaktikaya bənzədilir. “Oxşatdı dünyanı bir yumurtaya”, alim bu misrada dünyanı Yer kürəsi kimi yox, Kainat olduğunu göstəyir ki, Günəş həqiqətən də onun daxilində yumurtanın sarısına bənzədilir. “Təbiət qoyubdur ona ortaya” misrasında isə Babakuhi Günəşin tərpənməz olduğunu bildirmək istəmişdir. Belə olan halda Günəş Yer kürəsi ətrafında yox, məhz Yer kürəsi Günəş ətrafında dövr edə bilərdi. Bu fikr ilə Azərbaycan alimi Kopernikin ideyasını həqiqətən də 500 il qabaqlamışdı. Babakuhi çox güman elmi risalələr də yazmışdı. Etiraf etməliyəm ki, o, astronomiya elmini, Yaxın Şərqin bir çox tanınmış alimləri kimi peşəkar səviyyədə bilmirdi. Yəqin ki, bu işdə, xüsusən də Yerin və Göyün quruluşu barəsindəki biliklərini Babakuhi, zəmanəsinin məşhur alimləri sayılan Buzcanlı Əbül Vəfanın, Əbdürrəhman Əl Sufinin, Əbu Reyhan Biruninin, Həmid Əl Xocəndinin, Əbu Nəsr ibn İraqinin sayəsinə artıra bilmişdir. Düzdür, bizə məlum olan tarixi sənədlərdə Babakuhi ilə adları sadalanan alimlərin birbaşa görüşlərindən heç bir məlumat yoxdur. Amma əminliklə yəqin etmək olar ki, onlar bilavasitə təmasda olublar. Sadəcə olaraq, tarixi sənədləri aşkarlamaqdan ötrü Tehranın, Şirazın və Həmədanın dövlət əhəmiyyətli kitabxanalarında və ya əlyazmalar fondunda şərqşünas mütəxəssislər axtarışlar aparmalıdırlar. İş ondadır ki, Babakuhi Xarəzmdə olarkən Hüseyn əl-Xarəzm, əl-Fərabi, Əbu Əli İbn Sina, əl-Bəlxi, Əbu Reyhan Biruni, Nəsri Xosrovun və başqa dahilərin əsərləri ilə tanış olur. Olduğu vaxtda yaşayan bir sıra alimlərlə görüşür. Deməli, onun Şərqin tanınmış alimləri ilə ünsiyyətdə olmasına dair fərziyyəni fakt kimi qəbul etmək məqsədə uyğun sayılır. Alimin bir çox elmi işləri bizim dövrə qədər gəlib çatmamışdır. Unutmamalıyıq ki, 120 il ömür sürmüş alim Marağa, Həmədan, Xorasan, Bağdad, İsfahan, Rey və başqa şəhərlərdə tez-tez olmuş, oralarda keçirilən elmi məclislərdə yaxından iştirak etmişdir. Şübhə yox ki, alimin əsərləri Azərbaycan tarixçisi Rəşidəddinin və Tusinin yaratdığı Marağa rəsədxanasındakı kitabxanalarda saxlanıla bilərdi. Tusinin Babakuhinin kosmoqrafik fikirləri müəyyən dərəcədə dünya şöhrətli astronomun və riyaziyyatçının düşüncəsinə təsir etməyə bilməzdi. X və XI əsrlərdə Azərbaycanda rəsədxana olmadığı halda bildirmək olar ki, astronomiya ilə coğrafiya elmi yüksək səviyyədə inkişaf etmişdir, Tusiyə qədər artıq Babakuhi Yer kürəsini, Kainatı və Qalaktikanı indiki kimi təsvir etmiş və bu faktı öz şeirlərində əks etdirmişdir. Kainat kosmik cisimlərlə əhatə olunur və Yer kürəsi ora daxildir. Günəş tərpənməzdir, Yer kürəsi onun ətrafında fırlanır. Və nəhayət quru və su ilə əhatə olunan insanın məskunlaşdığı planetin əksəriyyətini dünya okeanı – böyük dəniz təşkil edir. Bu ondan xəbər verir ki, Babakuhi heliosentrik sisteminin varlığından xəbərdar imiş. Qeyd etmək lazımdır ki, astronomiya elminin, şərq alimləri tərəfindən, sürətlə inkişaf etdirilməsində yunan alimlərinin ərsəyə gətirdikləri elmi əsərlər müəyyən rol oynamışdır. Çünki Şərqin tanınmış alimləri öz fəaliyyətlərinə başlamazdan əvvəl ilk öncə yunan alimlərinin əsərləri ilə tanış olmuşdular. Bunun üçün ilk növbədə qədim yunan dilini öyrənməkdən ötrü, müvafiq təinatlı məktəblər yaradılmışdı. Yunan elm məktəblərinin təsiri, hələ erkən orta əsrlərdə, Yaxın Şərq bölgələrində xüsusi əhəmiyyət kəsb etmişdi. Bunu bir fakt kimi bir çox alimlər qəbul etmişdilər. ...Bir sıra müəlliflər islam birliyinin yaranmasına müsbət yanaşsalar da daha əvvəldən dünyaya səs salan yunan elmi və fəlsəfəsi, ətraflı olmasa da, V əsrin birinci yarısından Bizans siyasi və iqtisadi əlaqələri vasitəsilə Yaxın Şərqə, İrana keçmişdi. Bu vaxtlar Suriyada və Livanda nestorian müəllimləri yunan fəlsəfəsindən dərs deyirdilər. 431-ci ildə Vselen kilsəsindən sonra Nestorian məktəbi bağlandığı üçün bu müəllimlər İrana qaçıb, orada yunan alimlərinin əsərlərini Suriya dilinə tərcümə etməyə başladılar. 7 Sonrakı dövrdə isə Xaqani Şirvani, hətta 1149-cu ildə Bizans vəliəhdi Komninlə dostluq edirdi. 8 Yazçı-tədqiqatçı Ramiz Dəniz, Ədəbiyyat üzrə Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 Керемов Н. К. Путешествие Гудси. Москва, «Мысль», 1977. стр.5
2 E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
3 Перевод на Азербайджанский Э. Мехралиев.
4 Перевод на Азербайджанский Э. Мехралиев.
5 E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
6 Е. Я. Бертельс. Суфизм и Суфийская литература. Москва, 1965. стр. 283-284
7 А. А. Исаченко Развитие географических идей. Москва, «Мысль», 1971. стр. 11
8 Q. Kəndli-Herisçi. “Xaqani Şirvani”. Bakı, 1988. səh. 517 25976
|
|