ELMİ İŞLƏRİNƏ GÖRƏ DİQQƏT MƏRKƏZİNDƏ OLAN ALİMNəsirəddin Tusinin “Hesablamalar məcmusu” əsəri XV əsrdə Konstantinopolda yunan dilinə tərcümə olunmuş və oradan İtaliyaya aparılmışdı. Onun hesab elmi sahəsindəki nailiyyətlərinin böyüklüyünü inkar etmək mümkün deyil. H. Məmmədbəyli yazır: “Tusi özünün “Tam dördtərəfli haqqında” əsərinin başlanğıcında qeyd edir ki, kəsilməz kəmiyyətləri ancaq diskret kəmiyyətlər vasitəsilə dərk etmək mümkündür. Nəsirəddin bu sözləri yazdığı vaxtdan 362 il sonra məşhur həndəsəşünas Kavalyeri Qalileyə yazdığı məktubunda qeyd edirdi: Mənə elə gəlir ki, kəmiyyətlər prinsipi öz-özlüyündə kəsilməz və diskret kəmiyyətlər üçün ümumidir”.
Tusinin riyazi və astronomik əsərlərinin Avropada nə qədər çox inkişaf tapdığını göstərmək üçün bir misal gətirək. “Məşhur polyak alimi N. Kopernikin “Göy sferalarının dolanması” əsərinin 67-ci hissəsində belə bir teorem vardır. Bir çevrəyə daxili tərəfdən toxunmaq şərtilə kiçik bir çevrə hərəkət edir. Bu çevrənin radiusu birinci çevrənin radiusunun yarısına bərabərdir. İkinci çevrənin müəyyən şəraitdə hərəkəti zamanı onun radiusu böyük çevrənin diametrini cızacaqdır. Həmin teorem ilk dəfə Nəsirəddin tərəfindən isbat olunmuş və “Astronomiya xatirələri” kitabında izah edilmişdir”.1 Bu onu sübut edir ki, Tusinin “Tam dördtərəfli” və “Astronomiya xatirələri” əsərləri həmin dövrə qədər artıq latın dilinə tərcümə olunaraq, alimlər üçün lazımlı bir mənbəyə çevrilmişdir. Onun həndəsəyə, astronomiyaya, triqonometriyaya aid olan əsərlərinin bir çoxu hələ XIV əsrdə Qərbi Avropa alimləri tərəfindən latın dilinə əlyazma şəklində çevrilmiş, XVI və XVII əsrlərdə isə mətbəə üsulu ilə nəşr olunmuşdur. Alman alimi Henrix Zuterin dediyinə görə orta əsrlərdə kilsə rəhbərləri Şərq ilə əlaqənin inkişafı əleyhinə çıxdıqları halda onlar “kafir müsəlman” alimləri-nin elmi əsərlərini böyük bir həvəslə latın dilinə tərcümə edirdilər. Bir vəsait kimi, Şərqin elmi nailiyyətlərini mənimsəmək üçün astronomiya, riyaziyyat, tibb, fəlsəfə üzrə bir çox alimlərin əsərləri ərəbcədən latıncaya tərcümə olunurdu”. Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
Tusinin astronomik işlərinə dair sferik mexanika üzrə böyük mütəxəssis sayılan sovet astronomu akademik M. F. Subbotin belə yazır: “Nəsirəddin çox yaxşı başa düşürdü ki, astronomiyanın əsas mahiyyəti təsəvvür edilən “dünya sistemi”ndən ibarət deyil. Bu əsasən bir tərəfdən gərgin əmək nəticəsində müşahidə materiallarının toplanmasından, digər tərəfdən isə baş verən hadisələrin dəqiq təyin edilməsindən ibarətdir. Məhz buna görə də imkan yaranan kimi Nəsirəddin qabaqcıl bir rəsədxana saldırır və orada Günəşin, Ayın və planetlərin çoxillik sistematik müşahidələrini təşkil edir. Digər tərəfdən isə Nəsirəddin rəsədxanaya cəlb etdiyi alimlərin köməyi ilə məşhur “Elxanilər cədvəli”ni yaradır. Həmin cədvəllər əbədi olaraq, onun şöhrətinin ən yaxşı abidəsi olacaq. Xüsusi təyin olunmuş müşahidələr və Pto-lemeyin riyazi nəzəriyyəsini kritik araşdırmaları əsasında bu cədvəlləri tərtib edərkən, Nəsirəddin, 300 ildən sonra Tixo Bragenin həyatıboyu yerinə yetirəcəyi proqramı məharətlə həyata keçirir. Artıq bu göstərir ki, Nəsirəddin elmin təlabatını və onun növbəti işlərini dərindən dərk edirdi. Həmin ağır dövrdə Nəsirəddin mürəkkəb və geniş işləri uğurla başa çatdırırdısa, bu onun yalnız hədsiz enerjisindən və çox böyük təşkilatçılıq istedadından xəbər verir”.2 Tusinin yazdığı əsərlər müəyyən bir sahə ilə məşğul olan hər bir alim üçün gözəl bir vəsait və böyük bir elmi nailiyyət sayılırdı. Orta əsrlərin demək olar ki, bir çox tanınmış alimləri Tusinin elmi əsərlərindən bəhrələnmiş və həmin əsərlərin sayəsində dünyada təşəkkül tapacaq elmi kəşflərin əldə edilməsinə nail olurdular. Çoxsaylı araşdırmalar göstərir ki, Tusinin 1265-ci ildə “Lövhə və torpaqla hesablamanın məcmuasına aid kitab” adlı yazdığı əsər, riyaziyyat tarixçiləri tərəfindən lazımi qədər öyrənilməsə də, lakin elə Şərqin orta əsr alim-ləri tərəfindən kifayət qədər istifadə olunurdu. “Hesablama məcmusunun” əsasında XIV əsrin əvvəlində Həsən Nişapurinin “Hesabın Günəşi” və XV əsrin əvvəlində isə Qiyasəddin Kaşinin “Hesabın açarı” əsərində təsvir edil-mişdir. Sonuncunun əsəri Avropa tədqiqatçıları tərəfindən tədqiq edildiyinə görə, son zamanlara qədər elə güman edirdi-lər ki, yüksək dərəcədə kökalmanın ümumi qaydası Qiyasəddin Kaşinin “Hüsabın açarı” əsərində təsvir edilmişdir. XX əsrin ortalarından başlayaraq sovet riyaziyyat tarixçiləri bu sahədə çox işlər görmüşdülər. 1963-cü ildə Moskvada “Tarixi riyaziyyat tədqiqatlar” əsərlərinin XV buraxılışında N. Tusinin “Hesablamalar məcmusu”ndan XI bölmənin tərcüməsi çap olunur. Məhz ondan sonra məlum olur ki, hələ Qiyasəddin Kaşidən 160 il əvvəl kökalma qaydaları haqqında çox geniş məlumat Tusinin yuxarıda adı çəkilən əsərində vardı. Qiyasəddin Cəmşid Kaşani (1380-1429)
Bütün bunlar ondan xəbər verir ki, Tusinin yazdığı elmi əsərləri dünya əhəməyyətli əsərlər olmuş və hər bir elmi nailiyyət başqa alimlər tərəfindən ən azı 100 il təzələnməmiş şəkildə qalmışdı. Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı (Ardı “Elm qarşısında Nəsirəddin Tusinin xidmətləri” məqaləsində) 2 М. Ф. Субботин. Работы Мухаммеда Насирэддина по теории движения Солнца и планет. «Известия» АН Азерб. ССР. № 5, 1951. стр. 57
1 Ф. Г. Максудов, Г. Дж. Мамедбейли. Мухаммед Насирэддин Туси. Баку, «Гянджлик», 1981. стр.28
24037
|
|