“AMERİQO VESPUÇÇİ, MARTİN VALDZEMÜLLER - GİZLİN SÖVDƏLƏŞMƏ” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ

Ön söz – Ameriqo Vespuççinin səyahətində baş verən sirlərin açıqlanması
 
Coğrafi kəşflər tarixi ilə nə qədər araşdırmalar aparılsa da, elmin bu sahəsi okean hüdudları kimi tükənməz görünür. Maraqlıdır ki, illər boyu Böyük Coğrafi kəşfləri əhatə edən dövrlə yazılan hər bir tədqiqat işi müəyyən yenilikdən ibarətdir. Bu istiqamətdə mühüm işlər aparan yazıçı-tədqiqatçı Ramiz Dəniz (Qasımov) coğrafi kəşflər tarixi silsiləsindən dördüncü kitabını yazıb oxucuların, xüsusən də coğrafiya-şünaslar, xəritəşünaslar, tarixçilər və digər elm sahələrində çalışan alimlərin ixtiyarına verir. “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” əsərində o, Amerika qitəsinin həqiqətdə necə kəşf edildiyini və sübut etmişdir ki, məşhur ispan dəniz səyyahı elə birinici səyahət zamanı hara gedəcəyini, hansı cərəyanla və paralellə üzəcəyini, taxminən neçə gün yol qət edəcəyini, Atlantikanın o biri tayında yerləşən ərazinin Avropanın qərb sahillərindən neçə km aralı yerləşdiyini əvvəlcədən bilirmiş. Xristofor Kolumb isə bunun səbəbinin nə üçün gizlin saxladığını müfəssəl şəkildə adı çəkilən əsərdə açıqlanıbdır. Bundan əlavə müəllif dünya ictimaiyyətinin diqqətini əsas bir şeyə cəlb etməyə çalışıbdır – Kolumb Amerika qitəsini məhz XIII əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) “Zic Elxani” astronomik kataloqu və coğrafi koordinatlar cədvəlində verilmiş hesablamalar sayəsində tapmağa müvəffəq olmuşdu.
Müəllifin ərsəyə gətirdiyi ikinci elmi əsər “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi”-dir. Əsərdə Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusinin bir çox elmlər üzrə dünya ictimaiyyətinə təqdim etdiyi əsərlər, Marağa rəsədxanasının tikintisi və oradakı astronomik alətlərdən başqa rəsədxanalar-da istifadə olunması, alimin bəzi əsərlərinin digər alimlər tərəfindən mənimsənilməsi, Türk admiralı Piri Rəisin xəritəsi-nin tədqiqatı, bəzi coğrafi kəşflərin önə çəkilməsi, antik, erkən və orta əsrlərdə coğrafiyanın inkişafı, Amerika qitəsinin kəşfi ilə bağlı bir çox sirrlər barəsində verdiyi məlumatlar diqqəti cəlb edir. Akademik Ramiz Məmmədov həmin kitaba dair belə fikir söyləyibdir: ““Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” adlı elmi-tədqiqat əsərində görkəmli alim Nəsirəddin Tusinin elmi xidmətlərini, elmi nailiyyətlərini araşdırmış, alimin dünya elminə töhfə vermiş bir çox əsərlərinin dünyavi mahiyyətini açıqlamış və nəticədə bəlli olub ki, həqiqətən də alimin bir neçə əsəri başqa müəlliflər tərəfindən özününküləşdirilibdir.
Məlumdur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə, etika, məntiq, geologiya ilə bağlı şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. Əsərdə Antik dövrün ən məşhur – yunan, qədim Roma, Bizans, Misir və erkən orta əsrlərdə tanınmış müsəlman alimlərinin coğrafiya, astronomiya, riyaziyyat sahəsi ilə bağlı birlikdə gördükləri elmi işləri yada salmış və Tusinin təkbaşına adı çəkilən elmlərdə böyük uğur qazanmasını qeyd edərək, onun dahiliyini önə çəkməyə çalışıbdır”.
“Braziliyanın müəmmalı kəşfi” əsərində Braziliyanın kəşfi ilə bağlı bir çox yeniliklərlə və ciddi iddialarla üzləşir-sən. Müəllif birmənalı şəkildə bildirir ki, həmin ərazi 1500-cü ildə Pedru Alvareş Kabral tərəfindən deyil, 1494-cü ilin birinci rübündə Duatrti Paşeku Pireyra tərəfindən kəşf edilibdir.  Pireyranın səyahətinin nəticələri Tordesilyas (1494) müqaviləsi bağlanan zamanı portuqalların xeyrinə işləmiş və onlar Roma papası VI Aleksandr Bordjianın vasitəsi ilə ispan nümayəndə heyətini aldatmış və demarkasion xəttin Yaşıl Burun adalarından 370 liq qərbə çəkməyə nail olmuşdular.
Müəllif Böyük Coğragi kəşflərə yeni prizmadan yanaşır və bu sahədə qaranlıq görünən bir çox məsələlərə mətləblər gətirərək, maraqlı detalları ortaya qoymağa çalışır. Belə bir məhsuldarlıq onun yüksək  enerjili və intellektual potensialı-nın zəngin olmasından xəbər verir.
Yuxarıda adlarını sadaladığım əsərlərin 5 mart 2014-cü ildə, mənim sədrliyim ilə AMEA-nın Həsən Əliyev adına Coğrafiya institutunda təqdimatı keçirilmiş və orada müəllifin tədqiqatları ilə bağlı maraqlı və dəyərli fikirlər söylənilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bədii ədəbiyyatla bağlı yazılarında R. Dənizə xalq yazıçısı Çingiz Abdullayev daim dəstək durduğu bir çoxlarına məlumdur və buna bariz nümunə tanınmış dedektiv ustasının həmin təqdimatda iştirakı və yaddaqalan çıxışlarıdır.
Əsərlər Portuqaliya, İspaniya, İtaliya, Braziliya, Azərbaycan və Türkiyənin önəmli tarixindən bəhs etdiyindən həmin ölkələrdə maraqla qarşılana bilər.
Onu da qeyd edim ki, dördlük sayılan “Yeni Dünya sahillərinə yollanan konkistadorlar”, “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya” və “Cənnətə gedənlər cəhənnəmə düşürlər” (hadisələr XVI əsrdə İspaniya, Braziliya, Argentina, Peru, Ekvador və Çilidə cərəyan edir) adlı tarixi-macəra janrında yazılmış əsərlərlə Azərbaycan ədəbiyyatına novator yazıçı kimi daxil olmuş, erkən və orta əsrlər coğrafi kəşflər tarixi ilə bağlı sensassion elmi-tədqiqat əsərləri ilə tanınan R. Dənizin yaradıcılıq işlərində Çingiz Abdullayevdən başqa Azərbaycan Coğrafiya Cəmiyyəti, “Təhsil” Cəmiyyəti, Aqra Elmin İnkişafına Dəstək İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi və əsərlərin tərcümə edilərək nəşr olunmasında müstəsna rol oynayan SOCAR-dır.
Ameriqo Vespuççi haqqında və onun həmin dövrdəki məlum fəaliyyəti ilə bağlı yüzlərlə, bəlkə də minlərlə kitablar yazılmış və demək olar ki, florensiyalı kosmoqrafın tarixdə qoyduğu izlə heç bir qaranlıq məqamlar qalmadığını zənn edirsən. Yəni, bir fakt kimi qəbul olunubdur ki, İspaniya və Portuqaliya krallıqlarının bayraqları altında Atlantik okeanını fəth etmiş Ameriqo Vespuççi dörd dəfə Yeni Dünya sahillərinə üzübdür, dünyanın ən bol sulu çayı sayılan nəhəng Amazonka çayının mənsəbini kəşf edibdir, avropalılardan birinci olaraq Antarktida sahillərinə yaxın olan bir əraziyə (520 c. en dairəsi) çatıbdır. İlk dəfə olaraq o, Yeni Dünyanın Yerin dördüncü qitəsi olduğunu bildirmiş və haqlı olaraq Martin Valdzemüller həmin ərazini Vespuççinin şərəfinə Amerika adlandırmışdı. Məhz bütün bu nəticələri nəzərə alan dünya alimləri onu Xristofor Kolumb, Vasko da Qama, Bartolomeu Diaş, Fernan Magellan kimi ən məşhur dəniz səyyahları cərgəsinə aid edir.
A. Humboldt, F. Varnhagen, R. Pombu, A. Slözkin, İ. Magidoviç, V. Magidoviç və digər alimlər Vespuççi haqqında kifayət qədər araşdırmalar aparmış və bir çox kitabları dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Demək olar ki, əsas məlumatlar və faktlar incə məqamları ilə ortaya qoyulubdur.
Qarşımda olan Ramiz Dənizin elmi-tədqiqat əsəri yuxarıda göstərilən Vespuççi ilə bağlı olan faktların üzərindən xətt çəkir. Burada florentsiyalı kosmoqrafın fəaliyyətinə sanki yenidən baxılır və onun adı ilə bağlı olan bir çox tarixi məqamlar obyektiv dəlillərlə inkar edilir.
Çapa hazır olan “Ameriqo Vespuççi, Martin Valdzemüller - gizlin sövdələşmə” əsərində müəllif sübut edib ki, Vespuççi Amrikaya dörd yox, iki dəfə tacir kimi səyahət etmiş və ona dünya şöhrəti gətirmiş 32 səhifəlik məktub Peru Vaş Kaminya, Diyeqo Çanka və Kolumbun gündəliklərindəki bir çox sətirlərin surətləridir. O, Valdzemüllerin 1507-ci ildə tərtib etdiyi xəritənin aşağısındakı Amerika qitəsinin konturları Piri Rəisin 1513-cü ildəki xəritəsinin sol küncündəki konturlarla oxşarlıq təşkil etdiyini və onların tərtibat zamanı bir mənbədən istifadə etdiklərini, sensassiya kimi alimlərin diqqətinə çatdırmaq istəyir.
Müəllifin apardığı tədqiqatının qənaəti belədir: 1. Ameriqo Vespuççi Amazonka çayının mənsəbinin kəşf edilməsində heç bir rol oynamayıbdır. Florensiyalı kosmoqraf başqa bir dəniz səyyahının uğurunu öz adı ilə bağlamaq üçün uydurma məktubunu dünya ictimaiyyətinə sıpımağa çalışmışdır. 2. Birmənalı şəkildə R. Dəniz sübut edir ki, Vespuççi Antarktik zonaya yaxın olan 520 c. en dairəsinə kimi gedib çıxmamışdır. 3. Dünya alimlərinin iddia etdikləri kimi florentsiyalı kosmoqraf dörd yox, yalnız iki səyahətdə iştitark etmiş, o da ki, taicarət palatasının nümayəndəsi kimi. 4. Vespuççinin Portuqal kralı I Manuel ilə yazışmasının yalan olduğu üzə çıxarılır. 5. Valdzemüllerin 1507-ci ildə tərtib etdiyi xəritənin məhz Vespuççi tərəfindən ötürüldüyünü göstərir. 6. Bir çox coğrafiyaşünasların və xəritəşünasların tərtib etdikləri kitablar və xəritələrdə Dördüncü qitəyə Amerika adının verilməsində Vespuççi Kastiliyanın Baş şturmanı kimi gizlin təkliflər irəli sürmüşdü. Yəni o, birbaşa öz səlahiyyətlərindən istifadə edərək, Kolumbun kəşf etdiyi qitəyə Amerika adının sırınmasına nail olmuşdu. 7. Ümumilikdə isə müəllif bəyan edir ki, Yeni Dünyaya “Amerika” adının verilməsi ədalətsiz qərar sayılır və bu səhfi düzəltmək üçün dünya alimləri mühüm addımlar atmalıdırlar.
R. Dənizin ictimaiyyətə təqdim etdiyi yeni əsər Vespuççinin bioqrafik tarixçəsinə, fərdi və ictimai fəaliyyətinə, dərin iz qoyub getdiyi tarixi səhifələrinə yenidən baxmaq üçün imkan yaradır və buradakı yeniliklər və yeni istiqamət coğrafiya tarixi ilə məşğul olan alimlərin diqqətini özünə cəlb edəcəkdir. Əminəm ki, alimlərin reaksiyası birmənalı olmayacaq və bu işdə ümumi qəhaət əldə etmək üçün yeni ədəbiyyatlar ərsəyə gələcək.
 
                                               Elbrus Əlizadə coğrafiya elmləri doktoru, professor,
                                               AMEA-nın H. Əliyev adına Coğrafiya institunun
                                               elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü            
28365
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic