PEDRU ALVAREŞ KABRAL VƏ ATLANTİK OKEANINDA HEGEMONLUĞUNU NÜMAYİŞ ETDİRƏN PORTUQAL KRALLIĞI - I HİSSƏ

Atlantik okeanındakı quru ərazilərin əksəriyyətinə sahib çıxmaq istəyən Portuqal krallığı mütəmadi olaraq həmin su hövzəsinə çoxsaylı dəniz ekspedisiyaları təşkil edirdi. Krallığın ərazisində fəaliyyət göstərən əcnəbi cəsusları azdırmaqdan ötrü, həmin ekspedisiyaların bir çoxu, məxfi qrif altında verilən tapşırıqları yerinə yetirirdilər. Nəticədə, bir neçə tarixi əhəmiyyətli kəşflərin əsl banisinin adı dünya ictimaiyyətindən gizlin saxlanıldı və tarixə tamamilə təsadüf adamların adı düşdü. Lakin elə avantüristlər də var idi ki, onlar fürsətdən istifadə edərək, həmin yaddaqalan uğurları özününküləşdirməyə nail oldular. Bəzən də elə olurdu ki, məcburi olaraq ölkə başçısının verdiyi xüsusi tapşırığa əsasən, dünya əhəmiyyətli kəşf hər hansı bir kəsin adına yazılır. Belə bir ədalətsiz missiyalardan biri potuqal dəniz səyyahı Pedru Alvareş Kabralın öhdəsinə düşmüşdü.
XV əsrin son ili coğrafi kəşflər tarixi yeni avantüra ilə üzləşir. Cənub, cənub-şərq istiqaməti ilə hərəkət edən böyük bir donanma (zəmanəsinə görə səyahətə çıxan 13 (10 nau, 3 karavella) gəmidən ibarət olan ekspedisiya (1500 nəfərlik heyət) böyük donanmalardan biri sayılırdı) okeanda yolunu azaraq, qərb istiqamətində üzmüş və “təsadüf” nəticəsində Braziliya sahillərinə yan alır. Əlbəttə, bu absurd bir fikirdir. Qeyd etmək istəyirəm ki, ona qədər artıq Xristofor Kolumb Yeni Dünya sahillərini kəşf etmiş və hamı onun yanlış fikirdə olduğunu zənn edir. Çünki birmənalı şəkildə bildirilir ki, Kolumb kəşf etdiyi torpaqların Şərqi Asiyanın ərazisi olduğunu bəyan etmişdi. Nəticədə isə dünya miqyaslı kəşfin nailiyyətini Ameriqo Vespuççi kimi bir avantürist özününküləşdirməyə nail olur. Bu barədə mən, “Ameriqo Vespuççi, Martin Valdzemüller – gizlin sövdələşmə” əsərində ətraflı məlumat vermişəm.

Pedru Kabralın donanması Lissabonda
 
Həqiqəti üzə çıxarmaq üçün XV əsrə qayıtmaq lazımdır. İlk növbədə ekspedisiyanın rəhbərinin kim olduğu və hansı nüfuza malik olduğunu aydınlaşdırmalıyıq. O, kimdir və necə olur ki, Atlantik okeanında ispan dənizçiləri ilə rəqabət aparan bir dövrdə, birdən-birə dövlət əhəmiyyətli bir kompaniyanın taleyi onun ixtiyarına verilir? Ən maraqlı isə odur ki, marşrut bir istiqamətə tuşlansa da, təyinat iki cür olur. İş ondadır ki, Kabral həmin işin öhdəsindən çox bacarıqla gəlir, o da təcrübəli heyətin sayəsində. Belə bir uğurla hər bir komandor öyünə bilərdi.
Zəmanəsinə görə iri ekspedisiyanın komandoru təyin olunan Pedru Alvareş Kabralın (1467-1520) bir önəmli fiqur kimi tərcümeyi-halı çox maraqlıdır.
1467-ci ildə Belmonte qəsrində, çox güman ki, zadəgan nəslində anadan olan gələcək komandor ailə ənənəsinə görə kralın sarayında xidmətə daxil olur. Onun atası Beyranın qubernatoru Fernao Kabral, anası isə İzabell Huveya idi. 11 yaşında Pedru Huveya (yalnız böyük qardaşının ölümündən sonra o, atasının soyadını götürür) Lissabona köçür və orada ədəbiyyatı, tarixi, kosmoqrafiyanı, hərbi intizamı öyrənir. I Manuel (1469-1521) Portuqaliyanın kralı (1495-1521) olan kimi Kabralı kral şurasına üzv seçir və həmin il Xaç Ordeninə daxil edirlər. Həmin dövrdə elə nailiyyətlər hər zadəgana nəsib olmurdu. İş ondadır ki, böyük nüfuza malik olan Vasko da Qama I Manuelə onu enerjili, çevik və bacarıqlı inzibatçı kimi təqdim edir.
Pedru Alvareş Kabral (1467-1520)

Bəzi sənədlərə əsasən, Pedru Kabral zadəganların əhatəsində yalnız Şimali Afrikada olmuş və demək olar ki, dənizçilik işində heç bir təcrübəsi yox idi. Lakin buna baxmayaraq həmin dövrdə 13 gəmidən ibarət olan ən böyük ekspedisiyalardan biri məhz ona həvalə olunur. Hamının təəccübünə səbəb olsa da onun başçılıq etdiyi ekspedisiyanın tərkibinə Bartolomeu Diaş, Nikolau Koelyo kimi tanınmış səyyahlar daxil olur və şəxsi tabeliyində olan heyətə Don Manuel himayədarlıq edir. Kabralın valideynlərinin sosial mənsubiyyəti və gələcək həyat yoldaşı İzabell Kaştrunun (onların toyu komandorun Hindistan səfərindən sonra nəzərdə tutulmuşdu) atası Fernando de Noronyanın təqdimatlarına əsasən, ona belə bir mühüm vəzifə həvalə olunmuşdu.
 Bu missiyadan böyük ümidlər gözləyən kral I Manuel limana gəlmiş və şəxsən özü ekspedisiyanın və Xaç bayraqlarını Kabrala verir. Əlbəttə ki, komandor üçün bundan böyük şöhrət ola bilməzdi. Kralın gəlişindən xəbərdar olan şəhər sakinlərin müəyyən hissəsi limana toplaşmışdı. Son zamanlar Lissabondan yeni torpaqlar kəşf etmək üçün bir neçə ekspedisiya səyahətə yollanmışdı. Lakin I Manueli burada görmək mümkün olmamışdı.
Bu dəfə portuqal monarxının bura gəlişi yola düşən ekspedisiyanın nə dərəcə əhəmiyyətli olmasından xəbər verirdi. İstər-istəməz Kabral ona yüksək səviyyədə bəslənən etimadı doğrultmalıydı.
Ekspedisiya iştirakçıları yola düşməmişdən şəhər yepiskopu Dioqu de Ortis dini ayin keçirərək, hamının xeyir-duasını verir.

Kral I Manuel (1469-1521) 
 
Gəmilər Lissabonu tərk edəndən beş gün sonra Kanar adalarının yanından ötür və martın 22-də Yaşıl Burun adalarına çatır. Martın 22-dən 23-nə keçən gecə Vasko de Ataidenin gəmisi yoxa çıxır. Məhz Yaşıl Burun adalarını arxada qoyandan sonra Kabral Vasko da Qamanın instruksiyası və Bartolomeu Diaşın məsləhəti ilə birbaşa cənub istiqamətinə - Afrikanın Ümid burnuna kurs götürür. Lakin onlardan asılı olmayaraq donanma cənub-qərb istiqamətində hərəkət etməyə başlayır.
Səyahət zamanı portuqallar qəribə hadisə ilə üzləşirlər. Onlar Ümid burnu yerləşən enliklərinə xeyli məsafə qalmış, aprelin 22-də Atlantik okeanının qərb sahillərində yerləşən torpaq ərazisi (Baiya ştatındakı indiki Portu-Sequru şəhərinin ərazisi) ilə üzləşirlər.
 
                                                      (Ardı – “Hindistana gedən portuqal donanması” – adlı məqalədə)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı

 
20305
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic