ATLANTİK OKEANINDA TƏDQİQAT APARAN PORTUQAL SƏYYAHLARI - II HİSSƏ

           (Əvvəli – “Martin Behaymın göstərdiyi xidmətlər və Braziliya ilə bağlı olan suallara aydınlıq  
               gətirilməsi” – adlı məqalədə)
 
Dəniz ekspansiyaları ilə məşğul olan portuqallar təxminən 45 il ərzində Pireney yarımadasına və Afrikanın şimal-qərb sahillərinə yaxın olan bütün adaları kəşf edib, onları Portuqal krallığının ərazisinə daxil etdilər. 1419-cu ildə Bohador burnuna yollanan iki portuqal zadəganı Juan Qonsalviş Zarku və Triştan Vaş Teyşeyranın gəmiləri fırtına zamanı qərb istiqamətində qat-qat uzağa atılır və nəticədə onlar sıx meşə ilə örtülmüş ada ilə rastlaşırlar. Onlar Madeyra adasının kəşfinin təməlini qoyurlar. Qonsalu Velyu Kabralın başçılığı altında Portuqal kralı I Juanın oğlu şahzadə Enrike Dənizsəyyahının (1394-1460) tapşırığına əsasən, Portuqaliyadan qərb istiqamətinə göndərilən ekspedisiya ilə 1427-1432-ci illərdə Azör adalarını kəşf edir. 1456-cı ildə isə venetsiyalı Alvize (Luici) da Kadamosto və genuyalı Antonio Uzodimare Kobo Verde (Yaşıl Burun) adalarını aşkarlayırlar.
 
                                                        
                                          Şahzadə Enrike Dənizsəyyahı (1394-1460)
 
Ümumiyyətlə, portuqal dəniz səyyahları – Jal İoniş (1435-ci il), Afonso Qonsalviş Baldaya (1436), Antan Qonsalviş və Nunu Triştan (1441), Lansaroti Pisanya (1444-1445), Diniş Diaş (1445), Alvaru Fernandiş (1446), Ayriş Tinoku (1447), Dioqu Qomiş (1456), Alvize da Kadamosto və Antonio Uzodimare (1456), genuyalı Antonio Noli (1460), Dioqu Afonso (1462), Peru di Sintra (1461-1462), Fernan Qomiş (1469), Sueyru da Koşta (1470), Juan di Santaren və Peru di İşkular (1471), Ruy di Sikeyra (1472), Fernan de Po (1472), Dioqu Azanbuj (1481), Dioqu Kan (1482-1484 və 1485-1487), Bartolomeu Diaş (1487-1488) - ara vermədən Afrikanın şimaldan tutmuş cənub nöqtəsinə kimi bütün qərb sahilini kəşf edərək, sonrakı dəniz səyahətləri üçün hazırlıq işlərini görməyə başladılar.
Beləliklə, portuqallar 1425-ci ildən Madeyrada, 1432-ci ildən Azör adalarında məskunlaşır, 1460-cı ildə isə Yaşıl Burun adalarını ələ keçirir. Dioqu Qomeş 1456-cı ildə 180 funtluq qızıl qumla Qambiyadan Lissabona gəlir. O, həmin qızılı yerli əhalidən adi şüşədən düzəldilmiş bəzəklərlə dəyişir. Bu xəbər tezliklə, Kastiliyaya çatır, lakin daxildə gedən Rekonkista, onu Atlantik okeanında sərbəst fəaliyyət göstərməyə imkan vermir. Bundan istifadə edən Portuqaliya atlantikadakı təsirini daha gücləndirir.
Atlantikada ekspansiyanı görən başqa dövlətlərin dənizçiləri öz bəxtlərini sınamaq üçün Portuqaliyaya üz tuturlar. Bu səbəbdən italyan, katalon və andaluz dənizçiləri portuqal dəniz donanmasında işlə təmin olunur və bununla da uzaq ölkələrə olan səyahətlərdə iştirak edirlər.
1448-ci ilə qədər portuqal dəniz səyyahları Jal İoniş, Afonso Qonsalviş Baldaya, Antan Qonsalviş, Nunu Triştan, Lansaroti Pisanya, Diniş Diaş, Alvaru Fernandiş və Ayriş Tinokunun ekspedisiyaları yalnız Afrikanın şimal-qərb sahillərini tədqiq etməklə məşğul olublar və onlar azacıq da olsun qitənin sahillərindən kənara aralanmayıblar.
Okeana çıxıb naməlum torpaqları kəşf etmək üçün coğrafiyaşünasların, xəritəşünasların, riyaziyyatçıların, astronomların, naviqatorların, iqlimşünasların elmi nəzəriyyələrinə böyük ehtiyac duyulurdu. Ona görə də onların hər hansı bir elmi işi, həmişə səyahəti təşkil edənlərin və səyahətə çıxanların marağında olubdur.
XV əsrdə yaşayıb fəaliyyət göstərmiş astronomiya, tibb, coğrafiya, riyaziyyat sahəsində məşhur olan florentsiyalı alim Paolo del Pottso Toskanelli (1397-1482) nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı.
 
                                                
                                   Paolo dаl Pottso Toskanelli (1397-1482)
 
Ona şöhrət gətirən II əsrdə yaşamış yunan alimi Klavdi Ptolemeyin “Coğrafiya” əsərinin latın dilinə tərcümə edilməsidir, bütün Avropada tanıtdıran isə 1474-cü ildə ildə tərtib etdiyi məşhur dünya xəritəsidir. Paolo Toskanelli Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü bildirir: “Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər. Lakin buna baxmayaraq işinizi yüngülləşdirməkdən ötrü mənim tərəfimdən tərtib olunan xəritəni sizə göndərirəm. Həmin xəritədə qərb istiqamətində üzməyin marşrutu, istədiyiniz adalar və sahillər göstərilib, hansı yerə gedəcəyiniz də qeyd edilibdir. Ekvatordan və qütbdən də nə qədər aralı üzəcəyiniz göstərilibdir. Təəccüblənməyin ki, ədviyyatların harada bitməsini və daş-qaşların olduğu ölkələri mən qərbdə göstərirəm, halbuki hamı həmin yerləri şərq deyə adlandırırlar. Əgər quru torpaqla getsələr, onda dediyim yerə şərq istiqamətində çatmaq olar...”
  
                           
       Paolo Toskanellinin 1474-cü ildə tərtib etdiyi dünya xəritəsi Kremerin (rekonstruksiyası)          
 
Katolik kilsənin qəzəbindən çəkinməyən alim Yerin kürə şəklində olması ideyasını Klavdi Ptolemeyin elmi nəzəriyyələrinə və xüsusən də “Almagest” əsərinə (Ptolemey “Almagest” əsərində Yerin sferik olmasını göstərmişdir) əsasən müdafiə edirdi. Bəzi alimlər isə qeyd edirdilər ki, Hindistana qərb istiqamətində gedəndə yolda bir və ya bir neçə materiklə üzləşmək olar.
Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə bilmək lazımdır ki, kral V Alfons alimin təqdim etdiyi ideyaya necə reaksiya verdi? Məlumdur ki, belə bir ciddi layihələr və ya ideyalar ortaya çıxanda, bunu riyaziyyatçı, kosmoqraf, coğrafiyaşünas və astronomların fəaliyyət göstərdikləri “Riyaziyyatçılar Xuntası”nda müzakirə olunaraq, həmin sənədin nə dərəcədə əhəmiyyətli olduğunu üzə çıxarırdılar. Necə ki, bir neçə ildən sonra Xristofor Kolumb öz layihəsini portuqal kralı II Juana təqdim edəndə, həmin layihə “Riyaziyyatçılar Xuntası”na verilmiş və oradan, mənfi cavab almışdı. Məhz həmin cavabdan sonra Atlantik okeanın qərb hissəsinə ekspedisiya təşkil etmək üçün ona gəmilər verilməmişdi.
 
                                                        
                                                    Xristofor Kolumb (1451-1506)
 
Paolo Toskanellidən 10 il sonra, daha dəqiq 1484-cü ildə həqiqətən də buna azacıq oxşar layihəni Xristofor Kolumb portuqal kralı II Juana təqdim edir. Hindistana qərb yolu ilə getməyin mümkün olduğunu qeyd edən genuyalının fikri sadə idi. Yerin kürə şəkilində olması və bu kürənin böyük hissəsinin quru torpaq – Avropa, Afrika və Asiya qitələri ilə üstünlük təşkil edir. Bunu nəzərə alanda Avropanın qərb sahili ilə Asiyanın şərq sahilləri arasındakı məsafə xeyli qısadır; yəni, qısa müddət ərzində Atlantik okeanını qərb yolu ilə üzməklə gedib Hindistana, Çinə və Yaponiyaya çıxmaq olar. Bu cür təsəvvür Kolumbun yaşadığı dövrdəki coğrafiyaşünasların təsəvvürlərinə uyğun gəlirdi.
Paolo Toskanellidən əvvəl belə bir səyahətin reallığı barəsindəki fikri Aristotel, Böyük Pliniy, Strabon və Plutarx kimi dahilər bölüşdürürdülər. Orta əsrlərdə isə Vahid okean nəzəriyyəsini kilsə də qəbul etmişdi. Bu cür nəzəriyyəni İslam dünyası, o cümlədən, onun məşhur coğrafiyaşünasları əl-Məsudi, əl-Biruni, İdrisi bölüşdürürdülər.
Atlantik okeanında yeni əraziləri mənimsəyən Portuqaliya gələcəkdə güçlü olan qonşusu ilə münaqişə yaranmasın deyə, İspan krallığı ilə müqavilə imzalamağı qərara alır. Roma papasının iştirakı ilə rəsmi müqavilə olmasa, İspaniya heç bir şeyə məhəl qoymadan Portuqaliyanın Atlantik okeanındakı ekspedisiyalarının sərbəst fəaliyyətinə maneəçilik törədər və kəşf edilmiş torpaqlara qarşı ərazi iddiası qaldıra bilərdi. Onlar 1479-cu ildə rəsmi Madridlə Alkasovasda müqavilə bağlayırlar. Həmin müqaviləyə əsasən, Cənubi Atlantika portuqalların nəzarəti altına keçir, ispanlar isə yalnız Kanar adalarında öz hegemonluqlarını saxladılar. 21 iyun 1481-ci ildə Roma papasının “Aeterna Regis” bullasına əsasən, İspan kralları Ferdinand Araqonlu və İzabella Kastiliyalı Portuqaliyanın xeyrinə Kanar adalarından cənubda yerləşən bütün məlum olan və məlum olmayan torpaqlardan imtina edirdilər. Yəni, ispan gəmiləri kəşfiyyat işləri ilə bağlı Şimal yarımkürəsinin 28-ci paralelindən aşağı enməməliydilər.
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                       
 
22639
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic