FERDİNAND VAN OLMEN VƏ KOLUMBUN TRANSATLANTİK LAYİHƏSİ - II HİSSƏ

    (Əvvəli – “Atlantik okeanındakı bəzi adalar İslam alimlərinə bəlli idi ” – adlı məqalədə)
 
Bütün bunları da yoxlamaq lazım idi. Lakin həmin işi II Juan Kolumba yox, tamamilə başqa bir adama, Portuqaliyada Fernan de Ulmo adı ilə tanınmış fələməngli Ferdinand van Olmenə tapşırır.
Ona qədər həmyerliləri Azör adalarının birində qubernator olmuşdular. Elə van Olmen də səyahətə yola düşməmişdən əvvəl həmin adaların birində qubernator vəzifəsində işləmişdir. Həmin dövrdə Portuqaliyanın xidmətində olan bir çox dənizçilər, maliyyəçilər, tacirlər öz pullarına bir çox ekspedisiyalar təşkil edirdilər; məsələn porrtuqaliyalı Kortereal qardaşlarının 1500, 1502 və 1506-cı illərdə təşkil etdikləri ekspedisiyalar buna bariz nümunədir. Samuel Morison, Çarlz Verlinden, Vadim Magidoviç və İosif Magidoviç öz elmi əsərlərində qeyd edirlər ki, “Van Olmen öz ekspedisiyasını təşkil edəndə, Madeyra adasından Estreyto adlı bir müstəmləkəçi ilə birləşir. Van Olmenin sözlərinə görə o, istəyirdi ki, Atlantik okeanın qərb hissəsində yerləşən bir neçə adanı və yaxud da bütöv bir qitənin sahilini kəşf etsin. Həqiqətən də kəşf etmək istədiyi ölkənin adı onun üçün qaranlıq qaldığından o, həmin yeri ənənəvi olaraq “Yeddi şəhər adası” adlandırırdı”.
Əlbəttə ki, bu çaşdırıcı fikir sayılırdı. Çünki van Olmen birbaşa kralın tapşırığı ilə səyahətə yollanmış və Kolumbun layihəsini praktiki cəhətcə yoxlamalıydı.
Paolo Toskanellinin məşhur xəritəsi tərtib olunmamışdan əvvəl Portuqaliyanın hakim dairələri Atlantik okeanının naməlum qərb hissəsinə yetərincə diqqət yetirirdilər. Hamını bircə şey maraqlandırırdı, görəsən Atlantik okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adalarından qərb istiqamətində naməlum adalar yerləşir, ya yox? XV əsrin ortalarında portuqallar bir neçə dəfə adı çəkilən adalardan qərb tərəfə səyahətlər təşkil etmişdilər. Kral V Alfons 1462-ci ildə Voqado adlı bir kəsə, qərb istiqamətində yerləşən təxminən iki adaya sahib olmaq üçün böyük imtiyazlar verir. Telles adlı digər dənizçi Antiliyanı və yaxud da “Yeddi şəhər adası”nı axtarırdı. Bir çoxları onların ardınca səyahətə yollanır, amma heç kim müvəffəqiyyət əldə edə bilmir.   
  
                                 Paolo Toskanellinin məşhur xəritəsi və Orta Amerikanın əsl təsviri
 
Həmin dövrdə Portuqaliyada belə bir şaiyələr gəzirdi, heç bir adanı yaxından kəşf etmək mümkün deyilsə, lakin uzaqdan həmin adaları görmək olur. Əlbəttə ki, belə bir qeyri-ciddi fikirə inanmaq olmaz. İşdir, həqiqətən də okeanda adalar qrupu görmək olsaydı, onda kral V Alfons həmin adaları tədqiq etməkdən ötrü heç olmasa bir dəfə ekspedisiya göndərərdi. Artıq heç kimdə, okeanın qərb hissəsində (yuxarıda adı çəkilən məlum adaların yaxınlığında) adaların yerləşməsinə dair şübhələr qalmamışdı. Bu fikri Xristofor Kolumbun özü də bölüşdürürdü. Bütün bunlara baxmayaraq o, inanırdı ki, okeanın demək olar ortasında Mifik Antiliya və ya başqa adalar var. Genuyalı dənizçi Paolo Toskanellinin məktubuna əsaslanaraq belə düşünürdü. Asiya qitəsinə qərb yolu ilə üzərkən, okean keçidi zamanı həmin adalardan dayanacaq kimi istifadə etmək olar.
Ferdinand van Olmen həm Voqadonun, həm də Tellesin səyahətlərinin nəticələri ilə tanış idi və çox yaxşı bilirdi ki, Hindistana qərb yolu ilə üzərkən, yolda heç bir adalardan istifadə edə bilməyəcək və təşkil etdiyi ekspedisiya yolda böyük çətinliklərlə üzləşəcək. Məhz bu səbəbdən II Juan ekspedisiyanın təşkilinə icazə versə də, səyahət zamanı tam uğur qazanılmasına şübhə ilə yanaşırdı. Yoxsa, həmin ekspedisiyanı o, öz puluna təşkil edərdi.
Ekspedisiya uğurlu keçəcəyi halda kral 1486-cı ildə van Olmenə bir çox imtiyazlar verir. O, həmin espedisiyanı öz hesabına hazırladığından belə bir addım atılmışdı.          
“Riyaziyyatçılar Xuntası”ndan krala bildirirlər ki, Xristofor Kolumb öz layihəsini Paolo Toskanellinin Yer kürəsinin verdiyi hesablamalar sayəsində tərtib edibdir. Məhz buna görə də Ferdinand van Olmen Atlantik okeanında həmin hesablamalara uyğun olaraq axtarışlar aparmalı idi. Çox güman ki, genuyalının layihəsi “Riyaziyyatçılar Xuntası”nda olanda, orada həmin sənədin surəti köçürülmüş və sonradan van Olmenə ötürülür.
1487-ci ilin yaz fəsilində Ferdinand van Olmen iki karavella ilə səyahətə başlayır. O, Atlantik okeanını 40 gün müddətinə qət edəcəyini nəzərdə tutur. Xatırlatmaq istəyirəm ki, 1492-ci ildə Kanar adalarından Baham adalarına kimi olan məsafəni Xristofor Kolumb 36 gün müddətinə qət etmişdi. Fələməngli dənizçinin bəyanatı professor Çarlz Verlindenə məlum olanda o, heyrətini gizlətmədən bildirmişdi ki, 1486-cı ilə qədər portuqal dənizçiləri məxfi şəkildə Atlantik okeanının qərb hissəsinə ekspedisiyalar təşkil etmiş və təxmini də olsa, okeanın o tayında hansı adaların və ya naməlum qitənin harada yerləşdiyini bilirdilər.1
 
                     
                                             Ferdinand van Olmen Atlantik okeanında
 
Şəxsən mən Çarlz Verlindenin bu fikri ilə razı deyiləm. Əgər, Ferdinand van Olmen təxmini də olsa bilsəydi ki, Köhnə Dünyaya məlum olmayan adalar və yaxud da ki, iri torpaq ərazisi Atlantik okeanın hər hansısa bir hissəsində yerləşir, onda çətinlik çəkmədən o, həmin coğrafi obyektləri kəşf edərdi. Həm də portuqal dənizçiləri Yeni Dünya sahillərinin şərq sahil zolağının konturlarına malik olsaydılar, onda Roma papası 1493-cü ildə öz bullası ilə Yer kürəsini iki krallıq arasında bölərkən, portuqal nümayəndələri təxmini də olsa öz mənafelərinə uyğun olaraq, demarkasion xəttin Atlantik okeanının hansı meridian üzrə keçməsini göstərməliydilər. Lakin bu baş vermədi. Məlum olduğu kimi portuqallar yalnız 1494-cü ildə Tordesilyasda öz istədiklərinə nail olurlar. Əgər, hər şey yuxarıda deyildiyi kimi olsaydı, onda II Juanın nümayəndələri demarkasion xəttin Yaşıl Burun adalarından qərbə tərəf 370 liq yox, Kolumbun kəşf etdiyi Antil adalarına kimi 470 liq çəkilməsini tələb edərdilər. Deməli, portuqallar Atlantik okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adalardan qərbdə hər hansı bir adanın və ya iri torpaq ərazisinin mövcudluğundan xəbərsiz idilər. Van Olmenin okeanı 40 gün müddətinə qət etməsi fikrinə gəldikdə isə bunun səbəbini başqa bir şeydə axtarmaq lazımdır.
Xristofor Kolumb Portuqaliyada olarkən bildirmişdi ki, Asiya qitəsinin şərq sahilinə çatmaq üçün Atlantik okeanını 30 gün və ya həmin müddətdən bir qədər artıq vaxta qət edəcək. Van Olmen də dolayısı yolla onun layihəsilə tanış olandan sonra həmin fikiri II Juan ilə bölüşdürmüşdü. Deməli, fələməngli dənizçinin başçılıq etdiyi ekspedisiya Paolo Toskanellinin tərtib etdiyi xəritədən əlavə, paralel olaraq Kolumbun hazırladığı transatlantik layihəyə əsasən səyahətə yollanmışdır.
 
 
 Kolumb transatlantik layihəsini müzakirə edir   
 
 
                               (Ardı – “Atlantikanı fəth etmək üçün Kolumb əsl namizəd sayılırdı” – adlı məqalədə)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                         
 
 

1 Чарльз Верлинден, Покорители Америки: Христофор Колумб. “Феникс”, Ростов-на-Дону. 1997 г., стр.23.
23090
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic