DUARTİ PAŞEKU PİREYRA VƏ BRAZİLİYANIN QEYRİ-RƏSMİ KƏŞFİ

Bəzi tarixçilər Alkasovasdakı bağlanan müqaviləni əsas tutaraq bəyan edirlər ki, guya portuqal dəniz səyyahları 1479-cu ilə kimi 28-ci paraleldən aşağıda və Atlantik okeanının qərb hissəsində yerləşən torpaqları kəşf etmiş, sadəcə olaraq onu hüquqi cəhətcən rəsmiləşdirirlər. Deməli, papa IV Sikstin bullası ilə yuridik olaraq həmin ərazilər Portuqaliyanın tabeliyinə keçir. Əvəzinə isə Kastiliya ilə gedən ərazi iddiaları ilə bağlı müharibələrə son qoyulur. Pireney yarımadasındakı sülh hər iki krallığın dənizçilik sahəsində inkişaf etməsinə səbəb olur.
Düzdür, həmin dövrdə gəmilərin takelajının təkmilləşdirilməsi idarəetməni xeyli asanlaşdırsa da, naviqasiya əsasən, həm küləyin səmti, həm də cərəyanların hərəkəti ilə həyata keçirilirdi. Deməli, bu şəkildə külək və cərəyanların köməyi ilə gedib indiki Braziliya sahillərinə çatmaq və çətinlik çəkmədən geri qayıtmaq olardı. Avropanın bir çox ölkələrində olan konstruktorlar daha mükəmməl, daha sürətli, daha tutumlu gəmilərin tikintisinə nail olurlar.
Bəzi alimlər belə bir fikir yürüdürlər ki, bir çox dənizçilər guya Braziliyanın axtarışı ilə məşğul olublar. 1486-cı ildə ingilis tacirləri İngiltərə kralı VII Henrixə ticarətlərinin zəif olması ilə şikayət etmiş və daha uzaq dənizlərdə üzmək üçün icazə istəmişdilər. 1480-ci ildə Con Cey adlı bir nəfər okeanda Brazil adasını axtarıb tapmaq üçün şəxsi vəsaitinə ekspedisiya təşkil edir. Onun fikirincə, həmin ada İrlandiyadan əks tərəfdə qərbdə yerləşirdi. Ekspedisiya altı həftəlik səyahədən sonra müsbət nəticə əldə etmədən geri qayıtmışdı.
1490-cı ildən başlayaraq Bristolun tacirləri Brazil adasının aşkarlanması üçün ildə iki, üç ya da dörd gəmi göndərirdilər, lakin istədiklərinə nail ola bilmirdilər.1
Söhbət heç də indiki Braziliyadan gedə bilməzdi. Ona görə ki, ingilis dənizçiləri yalnız şimal enliklərdə üzürdülər və ispanlarla portuqallara “məxsus” olan əraziyə daxil olmaq istəmirdilər. Deməli, ingilislərin axtardıqları Brazil adası indiki Braziliyadan qat-qat şimalda yerləşirdi, hansındakı ispan və ya portuqal dəniz səyyahları tədqiqat işləri axtarmırdılar.
Tarixi qaynaqlarda göstərilir ki, Pedru Kabralın ekspedisiyasının iştirakçısı Duarti Pireyra Atlantikanın o biri tayındakı torpaqlarda olubdur. Bu bir qədər inandırıcı görünə bilər. Ona görə ki, Kabrala Hindistana gedən zaman yolda “Braziliyanın kəşfinin” rəsmiləşdirilməsi tapşırığı verildiyindən, yolda heç bir gözlənilməz hadisələrlə üzləşməsinlər deyə, həmin sahilləri yaxşı tanıyan adam lazım idi. Bu isə Pireyra sayılırdı.
Tanınmış gəmi kapitanı, tədqiqatçı və xəritəşünas Duarti Paşeku Pireyra (1469-1533) XV əsrin 80-ci illərin ikinci yarısından sonra Afrikanın qərb sahillərindəki ekspedisiyalarda iştirak etmiş və 1488-ci ildə Prinsip adası yaxınlığında qəzaya uğramışdı və bir neçə dənizçi ilə birlikdə, Ümid burnundan vətənə qayıdan Bartolomeu Diaşın ekspedisiyası tərəfindən xilas olunmuşdu. Bundan sonra o, Afrika sahillərinə marşrutu, coğrafi koordinatları və sahil konturları kodlaşdırılmış, missiyası məxfi saxlanılan bir neçə ekspedisiyalarda iştirak etmişdi.
 
                                                  
                                            Duarti Paşeku Pireyra (1469-1533)
 
Duarti Pireyra ömrünün bir neçə ilini Atlantik okeanın şərq hissəsində, sonra isə orta hissəsində üzərək, həmin akvatoriyada naməlum adaların axtarışı ilə məşğul olmuşdu. Hələlik böyük torpaq ərazisindən söhbət gedə bilməzdi. Ona görə ki, həmin dövrdə üç materik məlum olduğundan adi dənizçilər ağıllarına belə gətirə bilməzdilər ki, böyük okeanda dördüncü və ya beşinci materik də ola bilər. Yəni, XV əsrin sonunda okean sularını fəth edən dənizçilər Yer kürəsinin indiki şəkildə böyük olduğunu təsəvvür etmirdilər. Lakin Pireyra gizli tapşırıq nəticəsində gedib Braziliya sahillərinə çıxmışdır. Sadəcə dəqiqləşdirmək lazımdır ki, neçənci ildə?
Duarti Pireyra bu haqda təxminən 1505-1508-ci illər arasında yazdığı “Esmeraldo de Sita Orbis” (“Yerin vəziyyəti barəsindəki zümrüd”) əsərində, özünün atlantikanın o biri tayında yerləşən torpaqlarda olmasını göstərmişdir. Həmin əsər çıxarılmış surət olduğundan alimlər tərəddüd qarşısında qalırlar. İş ondadır ki, beş hissədən (“kitablar”) yalnız üçü və dördüncünün bir parçası portuqal kitabxanalarında aşkarlanır və ilk dəfə 1892-ci ildə çap edilib ictimaiyyətin ixtiyarına verilir.
Həmin kitabda müəllif Atlantik okeanının o tayındakı torpaqların mövcudluğu barəsində məlumatlar verir və qeyd edir ki, o, ilk dəfə həmin torpaqlarla hələ Kabralın ekspedisiyasından təxminən altı il əvvəl tanış olmuşdu.1
Bunu əsas götürərək, 1494-cü ildə, bəlkə hələ də əvvəl Cənubi Amerikanın kəşfini Duarti Pireyranın adına yazmaq istəyirlər. Pireyranın Cənubi Amerikanın kəşfi barəsində Pireyra da Silvanın “Braziliyanın Portuqal müstəmləkəçiliyinin tarixi” əsərinin I cildindəki böyük məqaləsində göstərilibdir.2 J. Roşa-Pombunun fikrinə görə “Kabraldan, hətta Kolumbdan da əvvəl Amerika qitəsinə gedib çıxan ilk portuqal dəniz səyyahının adını çəkmək lazım gəlsə, portuqallar kifayət qədər öz səyyahlarının namizədliyini irəli sürə bilərlər.” Başqa adlar yox, elə Duarti Pireyranın adının üstündə dayansaq bir çox mətləblərin üstünü açmaq olar.
 
                                                 
                                              Pedro Alvareş Kabral (1467-1520)
 
Orijinal sənədlər olmasa da, Duarti Pireyranın Pedru Kabraldan əvvəl Braziliya sahillərinə yan alması çox inandırıcı səslənir. Burada konkret tarix də göstərilir – 1494-cü il. Apardığım araşdırmalar nəticəsində mən də belə qənaətə gəldim ki, Pireyra ilk dəfə Braziliya sahillərinə gedib çıxıbdır. Bəzən mürəkkəb görünən işin açılması üçün sadə üsullardan istifadə etməli olursan. Bu sadə üsul nədən ibarətdir?
Bu məsələni araşdıran zaman mən, birdəfəlik Alkasovas müqaviləsinin qaranlıq görünən təfərrüatlarına aydınlıq gətirəcəm. Axı, bəzi alimlər bildirirlər ki, portuqallar 1480-ci ilə qədər Braziliyanın varlığından hali idilər, məhz buna görə də onlar Roma papasından o cür əlverişli maddələr əldə edə bilmişdilər. 
İlk növbədə mən, Roma papalarının XV əsrdə dünyanın bölüşdürülməsilə bağlı bullalarını nəzərdən keçirməyi özüm üçün məqsəd qoydum. Məhz ondan sonra başa düşdüm ki, portuqallar Braziliya sahillərinə məhz 1494-cü ilin əvvəlində gedib çıxıblar.
Şimal yarımkürəsində Atlantik okeanını şərqdən qərbə qət etmək üçün, 1000 km. enində olan Kanar cərəyanının akvatoriyası ən perspektivli yol sayılır. Ona görə ki, 200 qərb uz. şimaldan cənuba doğru Afrika sahilboyu ilə 300 ş. en dairəsindən 100 ş. en dairəsinə kimi, saniyədə 10-30 sm. hərəkət edən okean çayı yavaş olsa da, ekvatora yaxınlaşmaq üçün gəmilərə yardım edir. Kanar cərəyanının orta dərinliyi 500 metrdir. Məlumdur ki, Xristofor Kolumb özünün transatlantik səyahəti zamanı məhz Kanar cərəyanından istifadə etmişdi. Onun layihəsini həyata keçirmək istəyən Ferdinand van Olmen də həmin cərəyanın köməyindən istifadə etməyə çalışmışdı. İş ondadır ki, onlardan biri uğur qazanır, digəri isə fəlakətlə üzləşir. Bu nəyə görə belə olur? Keçid zamanı okeanda buraxılan kiçicik bir səhv faciə ilə nəticələnir.
 
                                                             
                                                          Xristofor Kolumb (1451-1506)
 
Atlantik okeanın qərb sahillərindən başlanan cərəyanların xüsusiyyətlərini öyrənməyə çalışan Xristofor Kolumb özü üçün müəyyənləşdirmişdi ki, heç vaxt cərəyanlar düz xəttlə hərəkət edə bilməz. Gec-tez həmin okean çayı gah sola, gah da sağa burulur. Bunu əsas tutan genuyalı dənizçi həmin cərəyanın ağuşuna daxil olanda, birmənalı şəkildə qərar vermişdi ki, torpaqla üzləşənə kimi yalnız qərb istiqamətində hərəkət edəcək. Ferdinand van Olmen isə Kanar, sonradan Şimali-Passat cərəyanının köməyi ilə okeanın qərb hissəsinə üzmüş və eləcə də Qolfstrim cərəyanının vasitəsilə həmin sahillərdən uzaqlaşmışdı. Gəmilər şimala doğru hərəkət edən zaman o, həmin marşrutdan yayınmalı idi. 
Bu faciə ilə Duarti Pireyra da üzləşə bilərdi. Lakin onun bəxti gətirir ki, o, kralın tapşırığını yerinə yetirəndə qış fəsli olur. Xronologiyanı pozmamaq üçün bu məsələyə növbəti bölümdə tam aydınlıq gətirəcəm.
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                        
 
 

      1 Дж. Бейкер. История географических открытий и исследований. Перевод с англ. под редакцией и с предисловием Магидовича И. П.  М., «Издательство иностранной литературы». 1950. стр. 44.
        1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий, II том. Москва, “Просвещение”. 1982. стр.55
        2 Portu, 1923 il, portuqal dilində.
20134
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic