DUARTİ PAŞEKU PİREYRA İLƏ XRİSTOFOR KOLUMBUN FƏALİYYƏTLƏRİ - II HİSSƏ
(Əvvəli – “Portuqal dəniz səyyahları və Atlantik okeanındakı cərəyanlar” – adlı məqalədə)
Duarti Pireyranın ekspedisiyasının səyahət zamanı əldə etdiyi nəticələrdən xeyli razı qalan kral II Juan növbəti danışıqlar üçün öz diplomatlarını təlimatlandırır. İspan nümayəndələrinin, o cümlədən, pontifikin verəcəyi suallarının cavabları əvvəlcədən onlarda hazır idi.
Roma papası VI Aleksandrın iştirakı ilə ispanlarla danışıqlar elə aparılmalıydı ki, portuqallar heç kimi şübhələndirmədən ədalətli bölgü kimi demarkasion xəttin Azör adalarından 100 liq yox, 370 liq qərb istiqmətində keçirilməsinə nail olmalıydılar. Bu xətt Kolumbun kəşf etdiyi torpaqlardan xeyli sağ tərəfdə, üzü Avropaya yaxın bir yerdə yerləşirdi. İspan nümayəndələri əmin idilər ki, qərb torpaqlarından bixəbər olan portuqallar, okean sularında öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün atlantikada bir qədər artıq su hövzəsinə yiyələnmək istəyirlər. Maraqlıdır ki, nəyə görə ispan nümayəndələri o qədər də kəskin müqavimət göstərmədən rəqiblərinin tələblərilə razılaşırlar? Onlar artıq münaqişə yaranmasın deyə və bütün narazılıqlara son qoymaq üçün, heç kimə lazım olmayan ucsuz-bucaqsız okean sularını portuqallara güzəştə getməyə etiraz etmədilər.
Roma papası VI Aleksandr Borcia
Bu məsələdə Xristofor Kolumbun birinci səyahəti zamanı baş verən kəşfin nəticələri portuqal nümayəndələrinə xeyir verir. İş ondadır ki, genuyalı admiralın kəşf etdiyi adalar 650-700 qərb uzunluğunda, Duarti Pireyranın sahilə yan aldığı ərazi 420-430 uzunluğunda yerləşirdi. Əldə olunan kəşflərin arasında 250-300-lik bufer zonası əmələ gəlirdi və portuqallar bunu əsas tutaraq əmin idilər ki, ispanlar demarkasion xəttin 45-470 qərb uzunluğuna qədər çəkilməsinə heç bir etiraz bildirməyəcəklər.
Xüsusilə qeyd etmək istəyirəm ki, burada da bəxt portuqalların üzünə gülür. İş ondadır ki, transatlantik keçidi zaman Baham adaları, Haiti və Kuba adaları Kolumbun qarşısına çıxan ilkin torpaq ərazisi sayılırdı və onlardan şərq tərəfdə heç bir quru ərazisi yerləşmirdi. Deməli, məlum olan adalardan şərq tərəfdə nə ərazi vardısa, portuqallar həmin ərazilərə sahib çıxa bilərdilər. Onsuz da admiralın hesabatında 65-ci və 70-ci meridianlardan şərq tərəfdə yalnız okean suları göstərilirdi. İspanların belə bir kobud səhvindən istifadə edən portuqallar tələsik olaraq, Cənubi Amerika sahillərinə məxfi ekspedisiya göndərir və qəribə olsa da, nəzərdə tutulan meridiandan qat-qat şərq tərəfdə iri br torpaq ərazisi aşkarlayır və bunu dünya ictimaiyyətindən gizlin saxlamağa məcbur olurlar. Ona qədər isə II Juan ispanları danışıq masası arxasına dəvət edib, bunu yuridik şəkildə, yəni gizlincə kəşf etdiyi torpaqları sənədlər şəkilində əldə etməli idi.
Hansısa bir müddətdə danışıqlar heç bir əhəmiyyət kəsb etməsə də, sonradan yenidən bərpa olur və 7-i iyun 1494-cü ildə Tordesilyas müqaviləsi bağlanır. Məlum olduğu kimi həm şimal və cənubu, həm də şərq və qərbi bildirən demarkasion xətt Azör adalarından 370 liq qərbə, 460 30/ çəkilir və Braziliya avtomatik olaraq Portuqal taxt-tacının mülkiyyətinə çevrilir. İndiki Braziliyanın ucqar qərb hissəsindən başqa Amerika qitəsi bütünlüklə ispan krallarının tabeliyinə keçir. Lakin buna baxmayaraq, bu ispanların tam qələbəsi sayılmırdı. Bununla da, Yeni Dünya sahillərinin siyasi coğrafiyası yaranır və bu da Roma papasının möhürü ilə möhkəmlənir.
Tordesilyas müqaviləsinə əsasən demarkasion xətt
Beləliklə, portuqallar Roma papası VI Aleksandr Borcianın vasitəsilə ispanlara kələk gələrək, gələcəkdə 8,5 mln.2 km. ərazini əhatə edən Braziliya ölkəsinin əldə edilməsinə nail olurlar. Belə bir ədalətsiz bölgü ispanların haqlı zəhmətlərinin üstündən xətt çəkirdi. Ona görə ki, rəsmi olaraq ilk dəfə Braziliya sahillərinə ispan dəniz səyyahları – Visente Pinson və Diyeqo Lepe qədəm qoymuşdular. Lakin bizim dövrdə Latın Amerikasının ən böyük ölkəsinə sahib olmaqda portuqallar Pedro Kabraldan çox, taxt-taca bütün varlığı ilə sadiq olmuş Duarti Pireyraya minnətdar olmalıdırlar. Ona görə ki, bir çoxlarına Atlantik okeanının qərbində torpaq tapmaq tapşırığı verilsə də, onlar həmin işi yerinə yetirə bilməmişdilər. Duarti Pireyra isə həmin missiyanın öhdəsindən artıqlaması ilə gəldi. Çünki kral II Juana hava-su kimi lazım olan torpaq aşkarlanmış və təcrübəli kapitan, ispanlarla növbəti danışıqlara başlanmamışdan əvvəl özünü Avropaya çatdıra bilmişdi. Bu azmış kimi o, Tordesilyas danışıqlarında bilavasitə iştirak etmiş və Roma papasının vasitəsilə ispanların aldadılmasında mühüm rol oynamışdır. Bundan əlavə Pireyra Portuqal kralına öz sədaqətini nümayiş etdirərək, ölənə qədər həmin sirri daxilində saxlamağa məcbur olmuşdu.
Portuqal kralı II Juan Kral I Manuel (1469-1521)
Bu məsələdə portuqalların mahir hipnozçu kimi rəqiblərinə manipulyasiya etmələrini önə çəkmək lazımdır. Onlar danışıqlar zamanı özlərini elə aparırdılar ki, guya ispanlar onların halalca torpaqlarını əllərindən alıblar. Ona görə də qara məni basınca, mən qaranı basım prinsipini əldə şüar tutaraq, həyasızcasına öz tələblərini irəli sürürlər. Nəticədə demarkasion xətt xeyli qərbə tərəf çəkilir.
Elə həmin il pontifik rəsmi olaraq Ferdinand Araqonlu ilə İzabella Kastiliyalıya “Katolik kralları” titulunu verir.
Kral II Juan Kastiliya ilə olan müqavilədən razı idi. Ona görə ki, Portuqaliyaya Amerika qitəsində yerləışən Braziliya ərazisi məlum idi və onu da əldə edə bilirlər. Braziliyadan o tərəfdə olan ərazilər portuqallara bəlli deyildi, ümumiyyətlə onlar elə zənn edirdilər ki, Braziliya Madeyra, Azör, Yaşıl Burun adaları kimi, lakin böyük bir adada yerləşir.
Bu məsələdə portuqallar Kabraldan çox Pireyraya minnətdar olmalıdırlar. Məhz onun səyahətindən sonra Braziliya sahillərinin hansı uzunluqda yerləşdiyi bəlli olur və Portuqal krallığı Braziliya kimi böyük bir tikəni ispanların əlindən almağa müvəffəq olurlar.
Sonrakı illərdə Duarti Pireyra hərbi komandir kimi də məşhurlaşır. Kral I Manuelin xüsusi tapşırığı ilə o, 1503-cü ildə Hindistanın Koçin şəhərinə gəlir və qarnizonda olan 8 minlik əsgərlə beş ay ərzində Kalikut şəhərinin müttəfiqinin 60 minlik ordusuna müqavimət göstərir. Yerli hökmdar portuqalları birdəfəlik Hindistandan qovmaq istəyirdi, lakin buna nail ola bilmədi.
Göstərdiyi çoxsaylı xidmətlərinə görə Duarti Pireyra Afrikanın “Qızıl sahil”ində yerləşən El-Mina fortunun komendantı təyin olunur. Lakin çox keçməmiş o, intriqaların qurbanına çevrilir və məhkəmə qarşısına çıxarılır. Məhkəmədə onu qondarma ittihamla - oğurluqda və korrupsiyada günahlandırır və həbsxanaya salırlar. Sonradan Pireyra bəraət qazanır, lakin azadlığa çıxanda o, həm vəzifəsini, var-dövlətini, həm də nüfuzunu itirmiş olur. O, kasıbçılıq və səfalət içərisində ölür.
Duarti Pireyra Koçin şəhərinə yan alır
Xristofor Kolumb üçüncü səyahətinə yolda düşən ərəfədə İspaniyadan Yeni Dünya sahillərinə bir-birinin ardınca müxtəlif xarakterli ekspedisiyalar göndərilir. Ekspedisiyalar nəinki Karib dənizi akvatoriyasında yerləşən Antil adalarının, hətta akvatoriyadan şimalda və cənubda qütblərə doğru uzanan materiklərin ərazisini tədqiq etmək üçün təşkil olunurdu. Belə çıxırdı ki, 280 ş. en dairəsindən cənubda yerləşən torpaqlar portuqalların tabeliyindən ispanların tabeliyinə keçir.
Xristofor Kolumb ölüm yatağında
Roma papalarının əvvəlki bullalarına əhəmiyyət vermək istəməyən ispan dəniz səyyahları, əlbəttə ki, öz monarxlarının xeyir-duası ilə mərhələ-mərhələ 28-ci paralleldən aşağı enərək, yavaş-yavaş orada yerləşən əraziləri mənimsəməyə başlayırlar.
Yazıçı-tədqiqatçı Ramiz Dəniz
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
20308
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|