BƏŞƏR TARIXININ BAŞLANĞICINA BAĞLANAN TOPONIMLƏRƏ YENI MÜNASIBƏT

Bəşər tarixinin başlanğıcına bağlanan toponimlərə yeni münasibət. (Türk, türkçülük, azər və azəri məvhumunun qaynaqları hara bağlanır?)
 
“Tarixçilər ora-bura yozsalar da bəşər tarixinin başlanğıc nöqtəsi tapılmamışdır”. İngilis alimi Popper.

Qabıssan ( Qobustan) qayaüstü rəsmləri və xalça işarələri təsdiq edir ki, bəşəriyyət yeddi iqlim boyunca altı istiqamətdə buradan dünyaya yayılmışdır.  Ş.Qabıssanlı.
  Bəşəri dünyamızın mübahisə doğuran problemlərindən biri türk-türkçülük, azər-azəri məvhumunun yaranma qaynaqlarıdır. Təəssüflər ki, dünya tarixinin başlanğıc nöqtəsinə bağlanan bu məvhumlar mübahisələrdən və subyektiv baxışlardan kənara çıxmamış, lazımi şəkildə həllini tapmamışdır.
Elmi baxımdan məsələ həllini o zaman tapır ki, mənşəyi bilinməyən mənbələrdən deyil, konkret ideoloji tənliklərlə məntiqə söykənməklə öz həllini tapsın. Məqsədə çatmaq üçün məhz bu prizmadan mövzuya münasibətimizi bildirmək üçün öz fikirlərimizi ortaya qoyuruq.
Əslində, mövzu heç də sadə deyil, bəşər tarixinin başlanğıc nöqtəsinə, dərinliklərinə varan bir mövzudur ki, tarixşünaslıq bəşər tarixində öz lazımi mövqeyini konkret şəkildə ortaya qoya bilməmişdir. Türk, türkçülük, türk dünyası, azər, azəri və azəri türkləri etmologiyasının qaynaqları haradan yaranmış və bugünkü mübahisələrə səbəb olmuşdur?! Bütün bunları açmağın qıfıl açarı sivilizasiyamızın başlanğıc nöqtəsi olan Nuhun tufanına bağlanır. Demək, məsələyə ilkin olaraq mifoloji baxımdan (mifologiya açar deməkdir) obyektindən daxil olmalıyıq və daxil oluruq. İncil, Bibliya, Qabıssan qayaüstü rəsmlər və Qabıssan (Qobustan) xalça işarələrinə görə, tufandan sonra cəmi səkkiz adam qalıb. Bunlardan dördü kişi, dördü isə qadın olub. Nuh, üç oğlu Yafəs, Sami, Hami. Dörd qadın Nuhun arvadı və üç gəlini (9-cusu varsa, qoyulsun ortaya). Bu səkkizlik bəşəriyyətin ilk nəsli oldu ki, bunlara “muğ”lar deyildi və ya muği qövmü (Bunlar dediyim mənbələrdə və Avestada öz təsdiqini qeyd-şərtsiz tapır). Muğ(i) – Udin lüğətində səkkizlik və səkkiz gün mənasında öz təsdiqini tapır (1) səh. 175. Bilal Şirvaninin dili ilə desək:
 
“Tarazlıq mərkəzin qoşa aləmdə,
Səkkizlik yaradır, damğasın vurur.
Şüurlu aləmdə başqa gu görmə,
Nuru çıraq edən bil ki, onundur”.
 
Gu- yəni başqa xəyalə düşmə, axtarma.
Dünyanın ilkin şəcərə adı oldu muğ, muğlar (mağ, muğ, müğ formasında). İndi lüğəti terminlərlə muğ sözünün mahiyyətinə, mənasına qapı açaq:
1. 1) Müğ (mağ, muğ) – atəşpərəst, məcmusi mağ; Zərdüşt dininə mənsub olan;2) yol göstərən, öndə gedən;
2.  1) Muğanə - atəşpərəstçəsinə, atəşpərəst kimi; 2) atəşpərəstlərin mərasim və ayini. (3) səh. 405-406.
Lətif Kərimovun “Azərbaycan xalçaları” əsərinin 2-ci cildində isə muğ və atəşpərəstlərin beşiyi Qabıssan və Təbrizdir (3). Bütün bunlar predmet yazıları ilə Qayaüstü rəsmlərdə də Qabıssan xalçalarında yazılıb ki, dünyanın bu yazılara (nəinki Azərbaycanda) nə əli, nə də nəfəsi dəyib. Artıq bunları oxuyub, dörd min səhifəlik kitablar yazmışam. Tarixi qaynaqlara görə, Nuhdan sonra Nuhun əvəzləyicisi böyük oğlu Yafəsin ilk oğlu Türk oldu. Nuh p.ə. Türkü bəşər tarixinin, bəşər nəslinin ilk vəlihədi seçdi. Demək, bəşəriyyət şəcərə təkanını Türkdən başladı. Türk adının mənası isə dediklərimizi təsdiq edir. Türk adı iki formada öz həllini tapır. Təriq və Türuq (türkmənlər özlərinə zatən türuq deyir).
  1. Təriq – yol, məslək, səbəb, tərz, üslub.
Təriqətgah – təriqətçilərin yeri, sufilərin yığışdığı yer. (2) səh. 624.
  1. Türuq – (təriqin cəmi) yollar. (3) Səh. 655. Demək, bəşəriyyət öz təkanını Türkdən, atəşpərəstlərdən, zərdüştlərdən aldı.
Bax, buna görə də bunlar Oğuz nəsli adlanır. Oğuz türklərinin, uyqurların və digər türk xalqlarının leksikonunda belə adlanır. Xalça işarələrində  və predmet yazılarında bu ad belə adlanır: “Əsli Azərbaycandan “ağaz”, ağaz nəsli yəni, başlanğıc nəsil” ki, bu da Yafəs oğlu Türkə, türk məfhumuna bağlanır.
Ağaz – əsli Azərbaycandan başlama, başlanğıc. (3) Səh.14. (iraqlılar və başqa xalqlar məhz bizə ağaz, ağaz türkləri deyir). Türklər isə bizə Can Azərbeycan
deyə müraciət edirlər.
Sadəcə, mənbələrin çoxu rus və Avropa tarixşünaslığına söykəndiyi üçün oğuz termini daha çox yayılıb. “Dədə Qorqud” dastanında deyir ki, Bəkil Gürcüstan ağazına gedib oranı özünə vətən tutdu.
Fikrimizi təsdiq etmək üçün A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinə müraciət edək. (4) səh. 27. Türkdür. Yafəsin böyük oğlu və vəlihədi olub. Ədalətli və rəiyyətpərvər bir padşah idi. Bütün Yafəs qəbilələrini onun adı ilə - türk adlandırırlar. Altayda tapılan (kurqanların birində) xalçanın üstündə 24 ağac şəkli var idi ki, bu da türklərin “24” şəcərəsinin rəmzi idi. Bax, buna dedilər Türküstan.
Əvvəlcə isti və soyuq bulaqları olan, bir çox otlaqları seçilmişdir. Öncə qamış və otdan, ağacdan özü üçün qərargah, daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer mənbələrdə Suluq adlanır. Əslində suluq deyil, Sülük olmalıdır yəni, sufiyə mənsub olmaq. N.Gəncəvinin təbirincə desək:
 
“Bu ikdiş Nizami qərib haldadır,
Yarı sirkə dadır, yarı bal dadır”.
 
İkdiş - metis deməkdir. Nizami anasının kürd (sirkə), atasının azərbaycanlı, türk olduğunu bildirir:
 
“Almaz türklülüyümü Həbəş ölkəsi,
Olmaz xoş dovğadan məhrum cümləsi”.
 
Yəni mənim türk kimi gözəl, ağ əsərlərimi və özümün türk (azərbaycanlı) olduğumu qaralıq rəmzi olan Həbəşstana bənzər bir cəhalət ölkəsində qəbul etmirlər. Məni gözəl ətirli dovğamdan məhrum edirlər. (5) səh. 279, (6) səh. 325.
Bunları ümumiləşdirərək bildiririk ki, ilkin (qövm) nəsil, muğlar, türk və ağaz (oğuz) adları ilə ilkin tarixi şəcərənin başlanğıc bir kökə bağlanan adlarıdır ki, başlanğıc kimi Azərbaycana bağlanır. Ona görə də biz azərbaycanlılara 80 milyonluq türk ölkəsi Azərbaycan yox, Can Azərbeycan dedilər. Yəni başlanğıc türklər ilkin olaraq Nuhun üç oğlu üç istiqamətdə öz səcərələrini cızdılar.
Birinci qol - Yafəs oğlu Türk–Türkan (Azərbaycanın ilk adlarından biri, yəni an-zamanın ilk türkləri). İstiqaməti Orta Asiya (Türkmənistan başda olmaqla) bir qol Trabzona yönəldi. Bax, buna dedilər ağaz, yəni başlanğıc.
İkinci qol – Sami nəsli – Təbriz, Misir, Hindistan. Buna dedilər hindu, hin-zaman, du-iki... Yəni zamanın ikinci şəcərəsi.
Üçüncü qol – Hami nəsli, Dağıstandan Sibirə tərəf. Buna dedilər Orxan Yeni (yəni) se, əslində bu olmalıdır. Ovtən Yeni Se (yəni), vətənlərin cəmi, yəni 3-cü (Se) nəsil. Bu şəcərənin sonluğu, qışda Berinq boğazı donaraq, buzun üstündən Alyaskaya adlayıblar, Amerika, Latın Amerikası ölkələrinə yayılıblar. (Bax: T.Heyerdalın əsərlərinə) (6). Digər arqument varsa, qoyulsun ortaya, məntiqi tənliklərlə. Ona görə də “Dədə Qorqud” dastanında yazılır: “Bayandur xanın şamı-künhu (nəsli) dünyanın son nöqtəsinə, intihasına yayılıb” (7) səh. 16.
Qabıssan (Qobustan) qayalarında bir şəkil var. Şaman başında papaq. Papağın bir tərəfində yeddi xətt, digər tərəfində isə altı xətt vardır. Xalçalarda isə ağac mərkəzində xərçəng. Bunlar praktik, inkaredilməz şəkildə təsdiq edir ki, bəşəriyyət buradan yeddi iqlim boyunca, altı istiqamətdə xərçəng kimi dünyaya yayılmışdır. Bura qədər yazdıqlarımız Muğ, Zərdüşt, Atəşpərəst və türk adları ilə öz toponimik, etmoloji mahiyyətlərini tapır. “Dədə Qorqud” dastanında Qazan xan deyir: “Bəyliyimiz Şamdan Ruma qədər bəllidir. Bütün Türküstanda məşhuruq. Ol Osman nəsliyəm”. “İbrahim” dastanında isə, İbrahim deyir: “İbrahiməm Al Osmanın nəsliyəm”. Bəli, bizim digər adımız Osman türkləri olmuşdur”.
Osman – lüğəti termində isə Üss(man) kimi qeyd edilir.
Üss(man) – kök, təməl, özül; 2) əsl, bünövrə.
Üsul – əslin cəmi, qanun, yol. (3) səh. 661.
Yəni ilkin başlanğıc türk nəsliyəm. Osmanlı türkəm vəhdətində (Osmani saz havası bunun təsdiqidir və ya muğamlarda). Azərbaycana qədər olan Azərbaycanın digər adları.
  1. Şam – yəni Günəşə üzünü tutan, oda sitayiş məkanı. (Bax: “Dədə Qorqud” dastanında).
  2. Zənd – od, oda sitayiş məkanı.
  3. Gərd- Gərdman vəhdətində. Yəni Gərd evi, fələk evi, ilkin din məkanı.
  4. Ziyarilər (Ziyarət məkanı ilkin dünyanın, Ə.Xaqanidə). Al- ocaq, nəsl.
  5. Alban- Al- Ali Nəbi peyğəmbər ocağı, bani - onu quran. (3)
  6. Parsilər – yəni atəşpərəstlər, zahidlər, abidlər ölkəsi (fars yox) əsasını qoyan (Altay- Al təa Ala üz tutanlar).
  7. Qabıssan – qayaüstü ilkin dini ayinlər nişanı vəhdətində Qabili ehtiram mənası ilə yəni, sitayiş edilən yer, ilkin.
1984-1996-cı illərdə dünya şöhrətli səyyah, alim T.Heyerdal Azərbaycana bir neçə dəfə gəlişindən sonra Norveçdən bizim alimlərə altı sualla müraciət etmişdir. O suallardan biri bu olmuşdur ki, “Azər, azəri eyni addır, yoxsa başqa-başqa mənalarda?” Bizim alimlərimiz isə ona cavab vermişdir ki, “eyni mənalardır”. (Onların ilkin kralının adı da Azər (Aser Odi) olmuşdur). (6). Bu səhv fikir idi. Azər adını ilkin olaraq İbrahim p.ə. atalığı Azər daşımışdır. Demək ki, Azər Azərbaycana bağlı ən qədim adlardandır. Azər adını açanda onun ana mahiyyəti tam ortaya çıxır. Lüğəti terminlərə istinad edək:
  1. 1) Azər – od; 2) atəşgədə, atəşgah; 3) oda qulluq edən mələk (dini); 4) Şəms təqvimi (22 noyabr-21 dekabr).
  2. 1) Azəri – oda sitayiş edən atəşpərəst, azərbaycanlıların bir adı; 2) Azər ayında olan yeni təqvimində.
  3. Azərikiz – atəşpərəst.
  4. Azərpira – Zərdüştlərin tərəfdarlarının məbəd xadimi. (3) səh. 16.
Demək, öncə ulduz sistemləri ilə bağlı dünyanın ilk təqvimi Azər, azəri adı ilə, azəri vəhdətində burada tərtib edilib. Bunlar sübut kimi Qabıssan qayaüstü rəsmlərdə və xalça işarələrində aydın şəkildə verilmişdir. Bütün bunlara görə azəri milləti deyil, türk nəslinə bağlı oda sitayiş edənlər məkan mənasındadır. Azərbaycan türklərinin bir adıdır. Buna görə də biz Azəri türkləri adlanmalıyıq. Ulduzu, Günəşi, Ayı dərk edib, elmi qəlbə salan türk nəsli, başlanğıc nəsil. Bu baxımdan, azəri adını türkdən, türkü azəridən ayırmaq səbatsızlıqdan başqa bir şey deyildir. N.Gəncəvi yazdığı kimi:
 
Çindən Zəndə qədər,
Nildən Gərdə qədər.
 
Zənd – od
Gərdman – (Girdman)
Gərd – fələk evi. Birləşir Türkə və Azərilərə.
Ə.Xaqani isə bu yerin bir adını Azərsani kimi qeyd edir.
Sani – 3-cü mənası Allah deməkdir.
Yəni oda sitayiş, məkanı od vəhdətində.
Tat - Tatar etimologiyalarının mənşəyinə və Azərbaycana bağlılığı.
“Dədə Qorqud” dastanında bir boyda Şöklü Məliyin arvadı Qazan xana Tatar deyir. Deyir: “Ay Şöklü Məlik, bu tatarı buradan rədd et, ölülərimizi incidir”.
Digər bir boyda yazılır: “Saqqallı uzun “tat” əri banladıqda Qazan xan tatar, saqqallı uzun “tat” ər əzan verəndə” sözlərinin, işarələrinin məntiqini necə başa düşək ki, bunlar Azərbaycana məxsus ilkin dastanımızda qeyd edilir. Belə olan halda, tat və tatar adlarını özümüzdən kənarlaşdırıb digər bağlılığı süni olan xalqlara verməliyikmi? Xeyr!.. Ancaq vermişik. Nəyin əsasında? Rusun və erməninin tərtib etdiyi saxta lüğət əsasında. Heç bir mənşəyə malik olmayan lüğətdə yazılır ki, tat sözünün mənası gəlmə deməkdir, köçənlər və ya sürgün edilənlər mənasında.
Mənim bu barədə AMEA-da bir çox diskussiyalarım olub ki, alimlər “tat” məsələsinə məhz belə yanaşırlar. Bəs mənim qədim toponimlərim olan “tatlar”, “tat oba” Tatallar bunlar da gəlmə toponimlərdir ki, Azərbaycanın əksər rayonlarında vardır. Quba, Xızı, Şamaxı, Şəki və digər rayonların tat kəndləri məgər gəlmələrdir?! Rus tatar məktəbi, 1913-cü ildə Gürcüstan nəşri olan Ruskiy-Tatarskiy xor, C.Qaryağdı oğlu “Diqi-Diqi” əsəri (əslində “Dili-dili” mahnısı) bunlar haradan doğulur? Ə.Xaqaninin doğulduğu Məlhəm kəndi “tat” kəndidir, məgər o, gəlmədir? Azərbaycanın bir neçə rayonunda belə bir toponimə rast gəlinir. Tapqaraqoyunlu kəndi. Maraqlıdır  hansı məntiqə söykənir bu toponim? Məgər burada qara qoyunun itməsinə yaxud tapılmasına bağlanırmı bu toponim? Təbii ki, yox. Məntiqə görə məhz bu toponim olmalıdır tat qara qövmlü kəndi. Yəni təkallahlılığın başlanğıc nəslinə bağlanan məfhum.
 
Yəhudilərin pasportunda millətini “tat” yazırlar. Ermənilər özlərini tat adlandırır. Bizə bağlı olan, tariximizin ilk qaynağı olan bu söz və ya adı inkar edirik ki, bizə aid deyil. Buna görə də bu sözü, açar kimi lüğəti terminlərdə axtaraq:
Ta(ə)t – itaət, boyun əymə.
Ta(ə)tgah – itaət edilən yer; ibadətgah. (3) Səh. 581.
Lüğəti terminlər təsdiq edir ki, ta(ə)t ilkin Allaha itaət edənə deyilir ki, bu da birbaşa İbrahimə və onun yaratdığı, Avestada yazılan Ulu (1-ci) Muğ dini olan gizlədilmiş, azdırılmış İbrahim dininə bağlanır. “Dədə Qorqud” dastanında yazılan tat keşiş İbrahim əzanını səsləyir. Çünki keşiş sözü özü bunu təsdiq edir (Xalq mahnılarımızda da bunlar vardır). Keşiş əslində lüğəti mənada Kiş - din məzhəb, kişiş (keşiş) – dini icra edənə deyilir. Bax. ə.f.lüğ. səh. 291.
Var Tatarlar, var Arisaqilər (Arsak). Tatar əslində Taətarilər olmalıdır. Yəni Allaha ilkin üz tutanlar. Təkallahlığın baniləri. Var - Arissaqilər (Arsak). Ari – təsdiq edir Adəmi, Saqi zamanın ilk insanları (Baxş  “Saqinamə”yə). Baxın, bunlardır bəşəriyyətin ilk arqumentləridir. (3) səh. 23-531.
Udin – Azərbaycan lüğətində isə, Ari bu formada mənası ilə qeyd edilir.
Arsi (Arsaq, Arisaqi) – oturaq həyat sürən; 2) oturmuş adam. (1) səh. 48.
Bizə gəldikdə, həmin ad həzərlərə bağlanır (Xəzər).
Həzər – oturaqlıq, şəhər mədəniyyəti. (3) səh. 718.
Qobustan qayalarında və xalçalarında olan yeddi min işarə və ya predmet yazıları təsdiq edir ki, bəşəriyyət başlanğıcını buradan götürmüş, yeddi iqlim boyunca altı istiqamətdə dünyaya məhz buradan yayılmışdır. “Bayandur xanın Şamı künhü (nəsli) dünyanın son nöqtəsinə kimi yayılmışdır”.
Məhz ilk din İbrahim dini Azərbaycana bağlıdır ki, tarixi əsası, başlanğıc arqumenti olan din gizlədilib. Ona görə də tarixin başlanğıc nöqtəsi tapılmır.
Haradan doğuldu atəşpərəstlik (8), yəni oda sitayiş? Məgər ilk bəşəri adam İbrahim olmamışdır ki, bütlərdən uzaqlaşıb üzünü ulduza, aya, Günəşə üz tutub Rəbbini aramışdır. Məhz Ulduz sisteminin yaradıcısı Allah olduğunu o, bəyan etmişdir. (Avesta: “Rəbbim, mənə gec ver sənin yaratdığın oda üzümü tutmaqla, insanları sənə tərəf döndərim”) (8). Məhz ulu Muğ dinin rəhbəri İbrahim yanar oda üz tutduğu üçün onu yeddi gün yanan oda atdılar. Oddan salamat qurtardığı üçün peyğəmbərliyini qazandı. O od ki, İbrahimi peyğəmbər kimi bizə bəxş etdi (Qubalıların zərb-məsəli: «Tatam- matam mən». Məhz İbrahim oddan salamat qurtardığına görə bu məsəl yaranmışdır). Ona görə də odun rəmzi, nişangahı Atəşgah oldu (Azər) və dünya buraya ziyarətə gəldi, Azərbeycan adı ilə. Yunanlarn uydurduğu Prometey odu və onun Qafqaza çarmıxa çəkilməsi od oğurlanması ilə bağlı bu mahiyyət deyilmi? Avestada yazılan üç od. Buna görə bura odlar diyarı adlanıb. Yəni Azərilər məkanı, atəşpərəstlik məkanı.
Zamanında yeddi dövlət və yetmiş iki xalq bunu qəbul edib. Əlbəttə, İbrahim odu kimi buraya ziyarətə gəlmişlər. Həm ziyarət, həm ticarət məfhumu buradan yaranıb, dərvişlər xirqələrini burada yandırıblar. Hindlilərin özlərinin burada ticarət köşkləri olub. Bax, bunlardır Azərbeycan adının ana mahiyyəti. Azərbeycan adı ilk dinin, ilkin nişanəsidir.
Fikrimizi təsdiq etmək üçün dahi şairimiz Ə.Xaqaniyə istinad edək:
 
Əgər Zərdüşt dini ilə maraqlansa qeysər,
Əlim ilə Zənd-Əvəsta ayinləri dirilər.
Deyirəm ki, od nə idi, haradan yarandı Zənd,
Ki, onların ikisindən ad aldı Zənd-pazənd.
Nə kül idi, yerdə qalan oddan ki, bir zaman,
Alışaraq yandı etdi Xəliullahı heyran.
 
Xəlilullah məgər İbrahim deyildi ki, od onu bizə peyğəmbər kimi bəxş etdi? O, İbrahim ki, üzünü Günəşə tutub Rəbbini çağırdı. Elə ona görə də bütpərəstlər onu oda atdılar. Oddan salamat qurtarıb peyğəmbərliyini qazandı. Oda sitayiş də məhz buradan təkanını aldı. Ə.Xaqani isə şah beytində bir daha bunu işıqlandıraraq yazdı:
 
Günəşdir hümmətim, Zəndü ilə Avestanın şahənşahı,
Münib ərşi, yatırmışdır dizi üstündə İsanı.
 
Zənd - atəşpərəstlərin dini kitabı olan Avestanın adıdır.
Zənd adının bir neçə mənası odla bağlıdır ki, onun da şahı Günəşdir (9) səh. 7-289.
Artıq bunlar dörd min səhifəlik əsərlərində dəst-xətlə açılıb. İbrahim dininə görə, məhz bura Can Azərbeycan deyilib. Üç fundamental söz. Qədim Alban tayfalarının “26”dan biri olan Udinlərin dilində “Azərbeycan” deyilir və yazılır. (1) səh. 37
Azər - od. Bey - oda beyyət (ilk beyt evi), Can isə ilkin, başlanğıc, ruh, qəlb. Bu baxımdan, Azərbaycan (1950-ci illərə qədər belə səslənib) dövlət adı deyil, din adıdır. Tatar, tat isə ilkin din məkanı, Allaha üz tutan, din yaradan arilərə deyilir.
Ari - Adəmi təsdiq edir. (3) Səh.23.

Bax, buna görə də Taətarilər (Tatarlar) bizdən alınıb, başqa millətlərə sırınır. Bütün bu adlar silsiləsi Azərbaycan, türk, arilər vəhdətinin bağlılığıdır. Səlcuqlar, sasanilər, kəsranilər, osmanlılar sülalələr vəhdəti bu köklərə bağlanır. Bunları da Azərbaycan toponimşünaslığı ortaya qoymalıdır. Mənbələrimizin əsası Avropa mənbələrinə söykəndiyi üçün bu azmalara məruz qalmışıq.

Qara qoyunlu, ağ qoyunlu

Xalqımızın belə bir zərbi məsəli var. Qaradan o yana rəng yoxdur. Hansı məntiqə söykənir bu zərbi məsəl. Məgər qırmızı, sarı, yaşıl qara rəngdən geri qalan rənglərdimi? Əlbəttə yox. Düzgün araşdırıldıqda, vurğuları düzgün  təyin etdikdə burada böyük bir məna doğulur. Əslində bu fikir belə olmalıdır: “Qardan o yana “rəg” yoxdur” ifadəsi işlənilməlidir. (Beyrəg). Rəg- damar, şah damar (3) səh. 315.

Yəni qaradan o yana nəsl, damar şəcərəsi yoxdur. Bu yanaşmanın məntiqi nəticəsi odur ki, Qaradan arxaya nəsil, yoxdur. Yəni başlanğıc nəsil. Buna görə də, bu dövlətin adı Qara qoyun deyil, Qara qövm olmalıdır, yəni başlanğıc, böyük nəsil.

Qövm – bir nəsildən  olan, tayfa, xalq. (3) səh. 128. Təbii ki, başlanğıc nəsil dedikdə bu nəsil Nuha, onun ilkin şəcərəsi, ilkin vəliəhdi Türkə bağlanır. Sadəcə olaraq italyan səfiri qövmü, qoun kimi işlətmiş, rus mənbələri isə bunu qoyun kimi qəbul etmiş, bu şəkildə də mənbələrdə öz əksini tapmışdır. Belə halda bu ifadə Qara qoyun deyil, qara qövm kimi işlədilməlidir.
Onların bayrağına gəldikdə bu bayraqda qoyun deyil, qoç kimi qəbul edilməlidir. Ona görə ki, qoç igidlik rəmzi olmaqla, həm də bürclərə bağlanan ifadə olmalıdır. Qəbirlərdə qoyun şəkli yox, məhz qoç şəkli olur.
Nəticə isə Qara qövmlü başlanğıc nəsil, böyük nəsil kimi anlaşılmalı, Aq (ağ) qövm yəni müstəqil, ayrı qövm, nəsil, dövlət kimi qəbul edilməlidir.
Azərbaycanın digər adlarından biri Odlar diyarıdır. Maraqlıdır, od deyil, məhz nəyə görə Odlar diyarı? Bu fikiri açmaq üçün Zənd Əvəstaya (Avesta) istinad edək. İlkin olaraq od üç hissəyə bölündü. Bir hissəsi “Gəzən”ə düşdü («Abbas və Gülgəz»). Şahların tacqoyma mərasiminin sitayişi məkanı, yeridir. Tətqiqatçılar bu adları müxtəlif yerlərə aparırlar. Əslində bu üç od sırf, Azərbaycana aiddir: Pirallahı odu (1990-cı illərdə neftə görə söndürülüb), 2-ci Məhəmmədlidə (Yanar dağ), 3-cüsü isə ana od Atəşgah. Bəli, Sasani şahları buraya tacqoyma mərasimi ilə bağlı ziyarətə gəlmişlər. Fatehləri Pompey, İskəndər, Sezar və b.) buraya döyüşə deyil, məhz ziyarətə gəlmişdilər (8) Səh. 9. Sonuncu olaraq, İndira Qandi gəlmiş və ağılarını demişdir. Bunlara görə də bu yerə Odlar Diyarı adı veriblər. Bax, bunlardan doğuldu Azərbeycan adı (Azərbaycan). Bunun təsdiqini N.Gəncəvi “İskəndərnamə” əsərində aydınlıqla vermişdir:
 
And olsun İbrahim sufiyə,
İman gətirdiyim haman sufiyə.
İbrahim dinini doğru yol bildi,
Atəş sözlərini dillərdən sildi.
Aqillər məsləhət gördülər ona,
Oradan tərpənsin Azərbaycana.
 
Üzeyir Hacıbəyov Azərbeycan deyir, Mircəfər Bağırov Azərbeycan deyir, Zeynalabdin Tağıyev(st. İsa Muğanna) Azərbeycan deyir, 80 milyon türklər Azərbeycan deyir. Biz isə Azərbaycan deyirik.
Bəs Beyləqan, Bombey, Beyrəğ, Beydulla və b. adlar?
 
Ali İmran 65
Ey kitab əhli, nə üçün İbrahim barədə mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub). Halbuki, Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur. Heç düşünürsünüzmü?
 
Ali İmran 67
İbrahim nə Yəhudi, nə də Xristian, lakin Allaha təslim olan həqəpərəst idi. Həmçinin müşrüklərdən deyildi.
 
Bəqərə sürəsi, ayə 79
Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri bir yazı yazıb, sonra bu Allah tərəfindəndir deyirlər.
 
Ədəbiyyat:
 
  1. Udincə - Azərbaycanca – Rusca lüğət. Elm nəşriyyatı. Bakı – 1974.
  2. Bilal Şirvani “Leyli və Məcnun”. Azərnəşr – 2003.
  3. Ərəb və Fars sözləri lüğəti. Bakı. Yazıçı – 1985.
  4. A.A. Bakıxanov “Gülüstani-İrəm”. Bakı – 2001.
  5. N.Gəncəvi “Xosrov və Şirin”. Yazıçı nəşriyyatı -1982.
  6. Afət Sadıqoğlu “Tur Heyerdal Azərbaycanda”. Bakı – 2006.
  7. “Kitabi Dədə Qorqud”. Bakı – 1962.
  8. “Avesta”. Azərnəşr – 1995.
  9. “Xaqani”. Azərnəşr – 1978.
 
 
Şakir Qabıssanlı (Həmzəyev),
AMEA-nın coğrafiya
 institunun dissertantı
 
"Respublika gəncləri" qəzeti
5 fevral 2018
13586
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic