“XƏZƏR DƏNIZININ HIDROMETEOROLOJI ATLASI”

Azərbaycan Milli Elmlər Akademiyasi akademik H.Ə.Əliyev adına Coğrafiya Institutunun direktoru,  akademik Ramiz Məmmədovun  “Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxmışdır.

300 səhifədən ibarət olan atlas şərti olaraq yeddi hissəyə bölünür. “Müqəddimə” adlanan birinci hissədə Xəzər dənizinin hidrometeorologiyası haqqında qısa məlumat verilir. Sahil zonası və açıq dənizdə yerləşmiş müşahidə məntəqələri, bu məntəqələrdə aparılmış müşahidələr, onların davam etmə müddəti, ölçmələrin periodikliyi və tezliyi  informasiyaları bu hissədə yer almışdır. Burada daha sonra dənizin  akvatoriyasının dərinliklərə görə kvadratlara bölünməsi prinsipi verilir. Bölmə Xəzər dənizinin  sahil ölkələri haqqında  qısa  məlumatla tamamlanır. İkinci hissə  “Coğrafi bölmə” adlanır, bura batimetrik, dəniz dibinin  meylliyi və geomorfoloji xəritələr daxil edilmiş, onların tərtib olunmasının əsasları izah olunmuşdur.

Atlasın əsas hissələrindən biri “Hidrologiya” adlanan üçüncü hissədir. Burada ən əvvəl Xəzər dənizi səth qatının aylar üzrə, sonra  isə orta illik temperatur paylanması verilir. Dənizin Azərbaycan şelfinin müxtəlif hissələrində, ilin müxtəlif fəsillərində temperaturun paylanması xüsusi xəritələrə daxil edilmişdir. Səth dalğalarının  insanın dənizdə təsərrüfat fəaliyyətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, atlasda bu hidroloji elementə böyük yer verilir, dəniz  akvatoriyasında onun aylar üzrə paylanması, müxtəlif istiqamətli və sürətli küləklərdə hündürlüyü, uzunluğu, periodu və faza  sürətlərinin xəritələri verilir. Bu hissədə həm də duzluluq, şəffaflıq, axınlar və buzların yaranması kimi hidroloji elementlərin zaman və məkan paylanmasının xəritələri öz  əksini tapmışdır.

Dəniz üzərində havanın temperaturu, mütləq və nisbi pütubət,  buludluluq, radiasiya və albedo, küləyin rejimi, sürəti və istiqamətləri “Xəzər dənizinin meteorologiyası”  adlanan  dördüncü fəsildə öz əksini tapır.

Beşinci fəsil dənizin atmosferlə qarşılıqlı təsirinə həsr olunmuşdur. Dəniz üzərində buxarlanma istiliyi, atmosferlə dəniz  arasında istilik mübadiləsi, dənizin istilik tutumu, istilik balansı, adveksiyası və s. bu hissənin əsasını təşkil edir. Altıncı fəsil dənizin səviyyə dəyişmələrinə həsr olunubdur. Nəhayət, atlas istifadə olunmuş məlumatların informasiya bazasının verilməsi ilə tamamlanır.

Atlas, birinci növbədə, Xəzər dənizində müxtəlif təsərrüfat fəaliyyətində (neft hasilatı, nəql, hidrotexniki qurğuların tikilməsi, gəmiçilik və s) istifadə etmək üçün hazırlanmışdır. Ondan hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. Şübhəsiz ki,  atlas doktorantlar və universitetlərin müvafiq sahələrində təhsil  alan tələbələri üçün də faydalıdır.

   

4337
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic