XƏZƏR DƏNIZI REGIONUNA AID BEYNƏLXALQ LAYIHƏLƏR ÜZRƏ SEMINARLAR KEÇIRILIB
12-14 may tarixində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilmiş "Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda Beynəlxalq konfransın davamı olaraq, sentyabrın 13-dən 18-dək Holiday Inn otelində Cİ-nin təşkilatçılığı ilə Xəzər dənizi regionuna aid beynəlxalq layihələrin həyata keçirilməsi məqsədi ilə yaradılmış Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun (IWG SDCSR) ümumi iclası və seminarları təşkil olunub.
«Xəzər dənizi ərazisinin dayanaqlı inkişafı üçün ətraf mühit və antropogen təhlükəsizliyinin qiymətləndirilməsi» layihələri üzrə keçirilən Beynəlxalq seminarlarda Avstraliya, ABŞ, Türkiyə, Almaniya, Çili, İran, İtaliya, Rusiya, Qazaxıstan, Koreya və digər 15 ölkədən 50 alim və mütəxəssis, Fransa və İsveçrə səfirliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF), ESRI (Qərbi Asiya, Yaxın Şərq və Afrika), BP Azərbaycan, Lighthouse Geo, Rubicon Geosystems, Spectra, Provitaz - Alternativ Enerji, Azərbaycan Coğrafi Cəmiyyəti, Caspian Geomatics və bir çox digər qurumların nümayəndələri iştirak edib.
Tədbirin ilk günü tələbələr və gənc tədqiqatçılar üçün "Su dövrü monitorinqi üçün peyk texnikasının ümumi təqdimatı" mövzusunda təlim kursu keçirilib.
Tədbiri keçirməkdə məqsəd mövcud problemlərin həlli yollarının araşdırılması, Xəzər regionunda regional səviyyədə qərar qəbuletmə sisteminin inkişafına yardım etmək və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi olub.
5 gün keçən tədbirlərdə çoxlu sayda elmi məruzələr dinlənilərək müzakirə edilib, seminar və treninqlər, dəyirmi masalar təşkil olunub, diskussiyalar aparılıb.
Bağlanış günü Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov geniş məruzə ilə çıxış edib. Sonda bütün iştirakçılara minnətdarlıqla yanaşı, görülən işlərin müsbət nəticə verəcəyinə əminliyini bildirib.
8952