COĞRAFIYANIN MÜASIR PROBLEMLƏRINƏ DAIR II BEYNƏLXALQ ELMI-PRAKTIKI KONFRANS KEÇIRILIB
23 November 2023
ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyasi” adlı II beynəlxalq elmi-praktiki konfrans keçirilib Tədbir Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan), Tiraspol Dövlət Universiteti (Moldova), Dağıstan Dövlət Texniki Universitetinin (Rusiya) təşkilatçılığı ilə baş tutub.
İnstitutun baş direktoru, professor Zakir Eminov qonaqları salamlayaraq giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Coğrafiya İnstitutunda Ulu öndərə həsr edilmiş çoxlu sayda tədbirlər həyata keçirilmiş, 4 elmi konfrans olmuş, respublika dövlət qəzetlərində məqalələr nəşr etdirilmiş, əməkdaşlar onlarla elmi tədbirlərdə iştirak etmişlər. Bu o deməkdir ki, bu böyük İnsan haqqında nə qədər deyilsə də, nə qədər yazılsa da yenə də azdır. Çünki millət, xalq qarşısında onun xidmətləri tükənməzdir, bitməzdir. İclasda maraqlı məruzələr dinləniləcəyini bildirən baş direktor konfransın işinə uğurlar arzu edib və məlumat üçün sözü konfransın təşkilatçısı Z.İmraniyə verib.
İnstitutun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani tədbirin təşkilati işləri barədə iştirakçılara məlumat verdikdən sonra fizika elmləri doktoru, dosent Yusif Alıyev, coğrafiya elmləri doktorları, professorlar Şövqi Göyçaylı, Rza Mahmudov, Məqsəd Qocamanov, Çingiz İsmayılov, dosent Məhəmməd Abduyev, c.ü.f.d. Mirnuh İsmayılov çıxış edərək Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir, müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini bölüşüblər, onun Azərbaycanın elm və təhsil məsələlərinə verdiyi qiymət, elm adamlarına və təhsil işçilərinə göstərdiyi qayğıdan söhbət açıblar. Çıxış edənlər həmçinin, müasir coğrafiyanın problemləri və həlli yolları, elmlə təhsilin inteqrasiyası istiqamətində dinləniləcək məruzələrin, aparılacaq fikir mübadiləsinin, coğrafi məsələlərin həllində müsbət rol oynayacağını bildiriblər.
Türkiyəli qonaqlar - Azərbaycan əsilli sənətşünaslıq doktoru, professor Rafiq İmrani və Kars (Türkiyə) Kültür Sanat Derneginin başkanı Vedat Akçayözun çıxışları iştirakçılarda xüsusi maraq doğurub. “Yeni kəşfləri ilə Ani” 400 səhifəlik nəfis tərtibli kitabını İnstituta hədiyyə edən müəllif V. Akçayöz mənfur qonşularımızın qədim Ermənistanın paytaxtı hesab etdikləri Türkiyədəki sirli Ani şəhərinin kəşfinə ömrünün 25 ilini həsr etdiyini diqqətə çatdırıb.
İclasda xarici ölkələrdən konfransa dəvət almış, lakin tədbirdə iştirak edə bilməyən nümayəndələrin təbrik videoları səsləndirilib.
Sonra konfrans işini plenar iclaslarda davam etdirib.
İclasda coğrafiyanın müasir problemləri - su ehtiyatlarından istifadə, kənd təsərrüfatının ərazi təşkili, hidrometeoroloji problemlər, Xəzər dənizinin səviyyə problemləri, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlər, iqlim, toponimika, demoqrafiya, landşaft planlaşdırılması, torpaqlardan səmərəli istifadə, turizm və rekreasiya, coğrafiyanın tədrisi, ekologiya və s. bu kimi mövzular ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans iştirakçılarının məqalələri “Coğrafiyanın müasir problemlərinə dair” 2 cildlik konfrans materiallarında nəşr edilib.
42