“BRAZİLİYANIN MÜƏMMALI KƏŞFİ” ƏSƏRİNƏ VERİLƏN RƏY – DOSENT NUĞAY ƏLİYEV
Rəy
Ramiz Dəniz (Qasımov) “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”, “Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsərlərini yazarkən, heç bir alimin köməyindən istifadə etməiyibdir, lakin buna baxmayaraq görkəmli alimlər AMEA-nın həqiqi və müxbir üzvləri həmin tədqiqatlara dair özlərinin rəy və fikirlərini bildiriblər.
Adları çəkilən növbəti əsərlər də coğrafiya, tarix, astronomiya sahəsində çalışan alimlərin heyrətinə səbəb olubdur. Ramiz Dəniz yeni tədqiqat obyektlərini üzə çıxarmaqla, Xristofor Kolumbun Amerikanı kəşf edərkən, Marağa rəsədxanasında Nəsirəddin Tusi tərəfindən hazırlanan “Zic Elxani” əsərindən istifadə etdiyini sübut etməyə çalışmış və Braziliyanın kəşfində isə bir çox mətləblərə toxunaraq, qətiyyətlə bildirir ki, Pedru Kabraldan hələ 6 il əvvəl digər portuqal dəniz səyyahı Duarti Pereyra, həmin kəşfi həyata keçirmişdir.
Azərbayacan dünya ölkələri arasında iqtisadi, mədəni, siyasi əlaqələri qurmaqla, ölkəmizin dünyaya inteqrasiyası baş verir və həmin ölkələr bizim diyarda baş verən bütün hadisələrə, o cümlədən elm, təhsil, mədəniyyət, ədəbiyyata olan maraqlarını gizlətmir və belə olan halda Ramiz Dənizin ərsəyə gətirdiyi elmi-tədqiqat əsərləri həm alimlər, həm də coğrafi kəşflər tarixini izləyən sıravi oxucular arasında təşəkkül tapacaq. Ola bilsin ki, onun müzakirələrini dinləmək üçün, bir mütəxəssis kimi xaricdə keçirilən elmi konfranslara dəvət edəcəklər. Çünki Ramiz Dəniz öz tədqiqatları ilə yeniliklər gətirməklə, bir çox stereotiplərin üstündən xətt çəkibdir.
Ən əsası isə dünya alimlərinə əyan olacaq ki, coğrafi-yanın və coğrafiya tarixin mürəkkəb sayılan erkən və orta əsrlər coğrafi kəşflər tarixi sahəsi Azərbaycanda da tədqiq olunur və həmin zəka sahibləri, növbəti əsərlərin ərsəyə gəlməsini səbirsizliklə Ramiz Dənizdən gözləyəcəklər.
2002-cü ildə “Təhsil” Cəmiyyətində alimlər, təhsil işçiləri və ictimaiyyətin iştirakı ilə dahi Azərbaycan alimi N. Tusinin 800 illik yubileyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” elmi-praktik konfrans keçirilmişdir. AMEA-nın həqiqi üzvü, akademik Maqsud Əliyev, AMEA-nın həqiqi üzvü, akademik Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov, AMEA-nın müxbir üzvü, professor Eybali Mehrəliyev, professor Əjdər Ağayev, pedaqogika elmləri fəlsəfə doktoru Afət Bakıxanova ilə Qənirə Əmircanova tədbirdə çıxış edərək, əsərin mahiyyəti barəsində öz fikirlərini söyləmişdilər.
Konfrans iştirakçılarının müraciətindəki bir abzasda qeyd edilir ki: Gənc yazıçı Ramiz Qasımovun axtarışları və tədqiqatları əsasında mühüm bir məsələ - X. Kolumbun Amerika qitəsini kəşfində N. Tusinin koordinatlar sistemi və xəritəsindən istifadə etməsi barədə dəlilləri böyük maraq doğurur. Atıq müəllif birdəfəlik sübut edib ki, X. Kolumb özünün transatlantik səyahətinə yola düşməmiş əvvəlcədən Tusinin sayəsində Amerika qitəsinin varlığından xəbərdar idi.
“Braziliyanın müəmmalı kəşfi” əsəri isə müəllifin coğrafi kəşflər tarixi sahədə başladığı işin davamı hesab etmək olar və oradakı iddialar, dəlillər həmin sahədə çalışan alimlər üçün əlverişli mənbədir. Çoxsaylı tarixi hadisələrin, xüsusilə zamanın ən tanınmış dəniz səyyahlarının əhəmiyyətli dərəcədə mühüm sayılan dəniz ekspedisiyalarının ardıcıllıqla göstərilməsi, bəzi dəniz səyyahlarının şəxsi ambisiyalarının açıqlanması, Katolik kilsənin prinsiplərini hər şeydən üstün tutan Roma papalarının dünyanın primitiv qaydalarla iki krallıq (İspaniya və Portuqaliya) arasında necə bölüşdürülməsi əsərə xüsusi kalorit verir.
Müəllifin tədqiqatına görə Braziliyanın əsl kəşfi hələ 1494-cü ildə baş veribdir və əminəm ki, belə bir məlumat alimlərin diqqətindən yan ötməyəcək.
Hər il bu mövzularda çıxan əsərlərin miqyasından başa düşmək olar ki, bu məsələ hələ də öz aktuallığını itirmir. İllər ötdükcə ispanlar dəqiq ayır edə bilmirlər ki, Roma papsının iştirakı ilə 1494-cü ildə Tordesilyasda bağlanan müqavilə zamanı portuqallar onları aldadıblar, yoxsa Braziliya kimi nəhəng ərazi təsadüf nəticəsində demarkasion xəttdən şərq tərəfdə qalır. Elə maraqlı budur ki, R. Dəniz məhz bu məsələyə aydınlıq gətirərək, bölgü zamanı portuqal dövlət nümayəndələri Roma papasının vasitəsilə ispanları aldadır və Braziliyaya məhz hiylə yolu ilə yiyələnməsini birdəfəlik sübut etməyə çalışıbdır.
İlk olaraq həmin əsərlə bağlı İspaniyada, Portuqaliyada, Braziliyada və Atlantik okeanı sahilində yerləşən ölkələrdəki alimlər, dəyirmi masa arxasında müzakirələr aparmaq üçün Ramiz Dənizin əsərlərinə reaksiya verəcəklər.
Nuğay Əliyev
texniki elmləri fəlsəfə doktoru,
“Təhsil” Cəmiyyəti İdarə heyətinin sədri
21545